Cənubi Koreyanın nüfuzlu nəşri Ermənistanın təcavüzündən yazdı

Cənubi Koreyanın nüfuzlu nəşri Ermənistanın təcavüzündən yazdı
  23 Oktyabr 2020    Oxunub:2870
Cənubi Koreyanın məşhur “Korea Post” nəşri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi növbəti təxribatı, mülki vətəndaşlarımızı və mülki infrastrukturu hədəfə alması barədə geniş məqalə dərc edib.
Azvision.az xəbər verir ki, “Biz sülh istəyirik, amma Ermənistan tərəfindən silahlı hücumlara məruz qalmaqda davam edirik” başlıqlı məqalədə Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurovun fikirləri yer alıb.

Məqalədə vurğulanıb ki, 10 oktyabr 2020-ci il tarixində, Moskvada humanitar atəşkəslə bağlı razılığa gəlindikdən sonra dərhal sonra, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər şəhərində, eləcə də Füzuli rayonunun Horadiz kəndində, Gəncədə mülki əhali və mülki infrastrukturu raket atəşləri ilə hədəf almağa davam edib.



Səfir Rəmzi Teymurov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni qəsdən raket atəşinə tutması nəticəsində uşaqlar da daxil olmaqla, çoxsaylı mülki insan həlak olub, xeyli yaralı var.

Səfir Teymurov Azərbaycanın bölgədə davamlı sülhün bərpasında maraqlı olduğunu, lakin ölkəmizin dəfələrlə Ermənistanın təxribatlarına məruz qaldığını vurğulayıb.

“Ermənistan tərəfindən mülki insanlar və mülki obyektlər məqsədyönlü şəkildə hədəfə alınır, bu, beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Müvafiq beynəlxalq təşkilatlar da daxil olmaqla, Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərə yönəlmiş hücumların davam etdirilməsi günahsız insanların məqsədyönlü şəkildə öldürülməsi bir daha Ermənistanın təcavüzkar siyasətinin bariz nümayişidir”.

Müəllif qeyd edir ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini açıq şəkildə pozaraq iriçaplı silahlardan, minaatanlardan və artilleriya silahlarından istifadə etməklə cəbhə xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv hücum edərək, ölkəmizə qarşı növbəti təcavüz aktına başlayıb.

Ermənistanın Azərbaycana qarşı bu təcavüzü, beynəlxalq hüququn əsas norma və prinsiplərinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının və Əlavə Protokollarının, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinin növbəti dəfə açıq şəkildə pozulmasıdır.

Azərbaycan isə suveren torpaqlarında özünümüdafiə hüququ çərçivəsində hərəkət edir və suverenliyinə, ərazi bütövlüyünə, mülki əhaliyə qarşı təhlükəni əngəlləmək üçün beynəlxalq humanitar hüquqa tam uyğun olaraq adekvat və mütənasib tədbirlər görür.

O da vurğulanıb ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz vətəndaşları, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün məsuliyyətsiz cəhd edir. Bəzi hallarda jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatlar sahəsinə gətirir.



Bununla, Ermənistan anti-Azərbaycan təbliğatı aparmaq məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyini risk altına alır.

“Biz jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə Ermənistanın onları istismar etməsinə imkan verməməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən çəkinməyə çağırırıq”.

Məqalədə səfir qeyd edib ki, son günlərdə bəzi xarici mətbuatda “Suriyadan olan silahlıların Azərbaycana yerləşdirilməsi” kimi yalan və böhtan dolu qarayaxma kampaniyasının şahidi oluruq.

"Bu, heç bir həqiqətə əsaslanmır və uydurmadır, elə yalanların arxasında şübhəsiz ki, Ermənistan dayanır. Bu qarayaxma kampaniyasının məqsədi, Ermənistanın bu yaxınlarda Yaxın Şərqdən ölkəmizin işğal olunmuş ərazilərinə terror təşkilatlarının nümayəndələrini köçürməsinə verilən mənfi beynəlxalq ictimai fikri kompensasiya etməyə çalışmaqdır.

Ermənistanın hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlulardan istifadəsinə dair çoxsaylı faktlar mövcuddur. Ermənistana satılan hərbi mallar qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülür və istifadə olunur. Bu səbəbdən, Ermənistana silah satışının qarşısını almaq üçün hər cür səy göstərilməlidir".

Məqalə ilə daha ətraflı BURADAN tanmış olmaq mümkündür.

Azvision.az


Teqlər: Koreya   Ermənistan   Təxribat  





Xəbər lenti