Paşinyan indi də məhkəmə işçilərini döyüşə göndərir

Paşinyan indi də məhkəmə işçilərini döyüşə göndərir
  23 Oktyabr 2020    Oxunub:3478
Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı ilə bağlı problem getdikcə böyüyür. İşğalçı ölkədə nizamlı ordunun darmadağın olmasını göstərən daha bir fakt üzə çıxıb.
Azvision.az xəbər verir ki, bunu erməni mətbuatının bu gün yaydığı məlumatdan da aşkar görmək olar. Belə ki, “Jovoxurd” nəşri artıq ordudakı boşluqlar səbəbindən erməni məhkəmə sisteminin iflic vəziyyətə düşməsindən yazıb.

Məqalədə deyilir: “Hazırda məhkəmə sistemində müəyyən arzuolunmaz proseslər gedir. Bu günlərdə hərbi vəziyyət səbəbiylə bir çox məhkəmə iclasları təxirə salınıb. Məhkəmə iclaslarının hərbi vəziyyətlə nə əlaqəsi var? Əldə etdiyimiz məlumata görə, işlər məhkəmələrdəki kadr problemləri səbəbindən təxirə salınır”.

Nəşr daha sonra yazıb ki, penitensiar xidmət işçilərinin çoxunun son günlər cəbhə xəttində olması səbəbindən ayrı-ayrı cinayətlər üzrə saxlanılan vətəndaşlar məhkəməyə aparılmır. Hakimlərin məhkəmə iclaslarını tez-tez təxirə salmaqdan başqa yolu qalmır.



Məqalənin sonunda Qarabağda başlanan müharibəyə görə ölkədə səfərbərlik elan olunması xatırladılır və qeyd edilir ki, döyüşlərə könüllü şəkildə qatılanların bir çoxu məhz məhkəmə orqanlarında çalışanlardır. Bununla əlaqədar hazırda məhkəmələrdə işçi çatışmazlığı problemi yaşanır:

“Kadr çatışmazlığı məhkəmə sistemində işlərin heç vaxt olmadığı qədər yığılıb qalmasına səbəb olub. Bundan başqa iş başında olan məhkəmə işçiləri də hazırda ölkədə yaranmış gərgin müharibə səbəbindən cinayət işlərini araşdırmağa belə həvəsli görünmürlər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Jovoxurd   Qarabağ  





Xəbər lenti