“Azərbaycan açıq bazar prinsipi əsasında İsraildən silah alır” - Səfir

  26 Oktyabr 2020    Oxunub : 1192
 “Azərbaycan açıq bazar prinsipi əsasında İsraildən silah alır” -  Səfir
Son zamanlar erməni lobbiçiləri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə adı ilə qələmə verilməsi hallarının artması müşahidə olunmaqdadır. Eyni zamanda ABŞ-da xristian icmasının əsas telekanalı olan CBN-də ölkəmizin tolerantlıq ənənələrini əks etdirən veriliş yayımlanıb.
Bu barədə Azvision.az -a ölkəmizin ABŞ-dakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, sözügedən verilişdə ermənilərin münaqişəyə dini don geyindərmələrinin düzgün olmadığı bildirilir, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması, burada çoxsaylı yəhudilərin yaşaması və İsraillə yaxın əməkdaşlıq münasibətlərindən bəhs olunur.

Telekanala müsahibə verən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü arasında Azərbaycan İsrailin ən yaxın dost ölkədir. Ölkəmizdə yaşı 2600 ili keçən yəhudi icması mövcuddur. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmalar sülh və dostluq şəraitində yaşayır. Azərbaycanın İsraildən silah alması məsələsinə aydınlıq gətirən səfir qeyd edib ki, Azərbaycan açıq bazar prinsipi əsasında digər ölkələrlə yanaşı İsraildən də silah alır.

Alınan silahların hərbi obyektlərin vurulması üçün nəzərdə tutulduğunu, Azərbaycanın mülki şəxsləri hədəf almadığını və bunu dəfələrlə bəyan etdiyini diqqətə çatdırır. O, İsraildəki dostlar və tərəfdaşlara ölkəmizin yanında olduqları üçün təşəkkür ifadə edir.

Strategiya və Təhlükəsizlik üzrə Yerusalem İnstitutunun professoru Efraim İnbar CBN-ə müsahibəsində bildirib ki, Azərbaycan İsrail üçün olduqca vacib ölkələrdəndir. Azərbaycan İsrailin neftə olan tələbatının 40 fazini ödəyir. Müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə qarşı olduqca yaxşı münasibət göstərilir. İsrail müsəlman ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır, Azərbaycan həm də İranla qonşu ölkədir. Professor qeyd edib ki, Azərbaycana silah ixracı İsrailin hasilatının böyük hissəsini təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ElinSüleymanov