Erməni deputat Qarabağa muzdluların gətirildiyini etiraf etdi

  27 Oktyabr 2020    Oxunub : 5083
Erməni deputat Qarabağa muzdluların gətirildiyini etiraf etdi
“Ermənistana Qarabağ müharibəsində iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən insanlar gəlir. Başqa ölkələrdə yaşayan ermənilərin gəlib döyüşməsi haqda danışmaq əvəzinə, daha çox ermənilərin çağırışdan qaçmasını müzakirə edirik”.
Azvision.az xəbər verir ki, bu sözləri “Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmond Marukyan deyib.

Açıqlamasında dolayısı ilə dünyanın müxtəlif yerlərindən muzdluların Qarabağa gətirildiyini deyən deputat erməni hərbçilərin döyüşdən yayınmasını da gizlətməyib. O, erməni xalqına pessimizmə qapılmamağı məsləhət görüb və cəmiyəti neqativ məlumatlardan çox vətənpərvər mövzuları müzakirə etməyə çağırıb.

Edmond Marukyanın açıqlaması sosial şəbəkələrin erməni seqmentində ciddi narazılıq doğurub. Bəzi şəxslər deputatı ciddi tənqid ediblər.



Qeyd edək ki, Ermənistan rəhbərliyinin Qarabağdakı döyüşlərə xaricdən muzdlu və terrorçu qrupları cəlb etməsi heç kimə sirr deyil. Muzdlularla bağlı kifayət qədər fakt və görüntülər olsa da, düşmən tərəfi bunu inkar etməyə çalışır.

Qarabağa muzdluların gətirilməsi prosesi hələ də davam edir. Xüsusən Ermənistan hakimiyyəti diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb edir. Hətta bunun üçün xüsusi reyslər ayrılır.

Ermənistana daha çox Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular gətirilir. İndiyədək bunu təsdiqləyən çoxsaylı faktlar aşkar edilib. Döyüşlərdə öldürülən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu sübut edir.

Tural Tağıyev
Azvision.az

Teqlər: Qarabağ   Muzdlu   Deputat