Daha bir xarici KİV ermənilərin hücumuna məruz qaldı

  29 Oktyabr 2020    Oxunub : 4707
Daha bir xarici KİV ermənilərin hücumuna məruz qaldı
Misirin tanınmış “Nile1.com” informasiya agentliyi Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı yazı dərc etdikdən sonra haker hücumuna məruz qalıb.
Bu barədə Azvision.az -a yazının müəllifi, misirli jurnalist Mahmud Diab məlumat verib.

O bildirib ki, Gəncə terroru barədə məqalə dərc edildikdən sonra ermənilər kütləvi şəkildə saytı şikayət ediblər. Onun sözlərinə görə, sayt Ermənistan və Yaponiyadan haker hücumuna məruz qalıb: “Bizim yazımızla bağlı Azərbaycan mətbuatında gedən məlumatları və onların şəkilini bizə göndərmişdilər ki, yazını saytdan silək. Hətta yazının silinməsi üçün dəfələrlə haker hücumu təşkil edildi. İT mütəxəssislərimizlə birlikdə çətinliklə də olsa, saytı qoruyub saxlaya bildik”.

Mahmud Diab qeyd edib ki, erməni hakerlərin ardıcıl hücumlarına rəğmən saytın təhlükəsizliyi təmin edilib.

Xatırladaq ki, Misirin “Nile1.com” informasiya agentliyində “Azərbaycandan iki şahid: Ermənistan təxribatlarını davam etdirdi, son sülh danışıqlarına mane oldu və silahsız mülki insanları bombaladı” və “Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirildi” başlıqlı yazılar dərc olunub. Misir xalqına Ermənistanın Gəncədə törətdiyi terror aktları ilə bağlı ətraflı məlumat verilib. Misirli jurnalist Mahmud Diabın qələmə aldığı yazıda erməni terroru ifşa edilib.

Qeyd edək ki, sözügedən məqalənin tərcüməsi bir neçə gün əvvəl Azvision.az saytında dərc edilmişdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Misir   hakerhücumu