Strasburqda `Sarqsyan Azərbaycana qarşı` – EKSKLÜZİV, FOTOLAR, VİDEO

Strasburqda `Sarqsyan Azərbaycana qarşı` – EKSKLÜZİV,  FOTOLAR, VİDEO
  05 Fevral 2014    Oxunub:2102
17: 35
Qabriel Lanski, Azərbaycanı müdafiə edən vəkillərdən biri:


- Əminəm, Avropa Məhkəməsinin hakimləri gördülər ki, bu iş digərləri kimi deyil. Bu vəziyyət silahlı münaqişənin ortasında, birbaşa təmas xəttindədir. Yəni hərbi zonanın bütün təhlükələrinin olduğu bir vəziyyətdir. Başa düşüldü ki, bu vəziyyətdə Avropa Konvensiyasında təsbit olunmuş hüquqların təmin olunması və onlara zəmanət verilməsi mexanizmi işləyə bilməz. Hakimlərin verdiyi suallardan belə qənaətə gəlmək olur ki, onlar məkanın (Gülüstan kəndinin) cografi vəziyyətinin spesifikliyini başa düşdülər. Düşünürəm ki, bunun işə təsiri və nəticəsi olacaq.

Nəticə isə yalnız o ola bilər ki, hər şeydən əvvəl, Azərbaycan Gülüstan kəndində baş verənlərə görə məsuliyyət daşımır. Çunki orada vəziyyətə nəzarət edən Azərbaycan deyil. Başa düşüldü ki, bu vəziyyətdə konvensiya Azərbaycana qarşı tətbiq edilə bilməz. Heç kim hakimlərin nə qərar verəcəyini əvvəlcədən bilmir. Bununla belə, təəssüratım odur ki, məhkəmə tərəfindən verilən suallar bizdə müəyyən nikbinlik hissi yaradır. Mənə görə, Avropa Məhkəməsinin Ermənistana nisbətdə Azərbaycanın vəziyyətinin fərqli olduğunu başa düşməsi çox önəmlidir.

Bundan əlavə, düşünürəm ki, bizim hakimlərə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz evlərinə qayıtmasını nəzərdə tutan Madrid prinsiplərini, BMT Baş Assambleyasının prinsiplərini izah etməyə imkanımız oldu. Yəni qaçqın və məcburi köçkünlərin öz yurdlarına gayıtması ölkədə aparılan siyasətin tərkib hissəsini təşkil edir. Və Konvensiyada təsbit olunmuş hüquqların təminatı ciddi şəkildə düşünülür. Buna görə, ümid edirəm ki, məsələyə dair muəyyən nikbinlik mümkündür.

Düşünürəm ki, “Çıraqov və digərləri Ermənistana qarşı” işi Avropa İnsan Haqları Konvensiyasının şərhi ilə bağlı qaldırılan əsas suallar üzrə çox fundamental bir işdir. Amma “Sarqsyan Azərbaycana qarşı” işi üzrə iki istiqamətdə qərar verilə bilər: 1) Azərbaycan bu məsələdə məsuliyyət daşımır, çünki vəziyyətə nəzarət etmir. Və 2) Ərizəçinin (Sarqsyanın) və ailəsinin arqumentləri tutarlı deyil.


* * *

16:30

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli təmsilçisi Çingiz Əsgərov:


- Hesab edirəm ki, bizim mövqeyimiz güclü olub. Yəni biz bütün sübutları məhkəməyə təqdim etmək imkanında olduq. Əsas arqumentimiz ondan ibarət idi ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin ərazidə mövcud olmasına görə Azərbaycan Respublikası Gülustan kəndi üzərində nəzarəti həyata keçirə bilmir və buna görə erməni vətəndaş öz evinə qayıtması barədə iddianı Azərbaycana qarşı yox, Ermənistan Respublikasına qarşı qaldırmalıdır. Burada Azərbaycan Respublikası heç bir cavabdehlik, məsuliyyət daşıya bilməz.

Erməni tərəfi və ərizəçi yenə yalan və əsası olmayan ifadələr irəli sürmüşdülər. Onlar deyirlər ki, güya Gülüstan kəndində ərizəçinin evi dağıdılıb və qohumlarından biri onu binokulla gürüb. Lakin Avropa Məhkəməsinə təqdim edilmiş müstəqil araşdırmada göstərilir ki, sözügedən kənddə salamat ev yoxdur və deməli, həmin ifadə yalandır.

Biz hakimlərin diqqətini buna cəlb etdik. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri kəndin daxilində yox, onun xaricində yerləşirlər. Və kəndi yalnız yuxarıdan seyr edə bilirlər. Halbuki Ermənistan tərəfi kəndin əks tərəfində yerləşir, bütün kəndi çox yaxşı seyr edə bilir və onu mütəmadi olaraq atəşə tuturlar.

Buna görə bizim müsbət öhdəliyimiz ondan ibarətdir ki, həmin ərazidə hər hansı bir şəxsin yaşamasına icazə verə bilmərik. Çünki bu, insanların həyatı üçün çox təhlükəlidir. Ümid edirəm ki, Avropa Məhkəməsi bizim mövqeyimizi nəzərə alacaq.

AİHM-nin president hüququ çox geniş bir məsələdir və ona gorə biz yalnız ümid edə bilərik ki, onlar bizim mövqeyi tam şəkildə dəstəkləyəcəklər. Biz demişik ki, öz müsbət öhdəliklərimizi yerinə yetiririk, yəni qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün bütün tədbirləri görürük. Umid edirem ki, məhkəmə bunu da nəzərə alacaq.

* * *

Strasburqda Avropa İnsan Haqları Məhkəməsində `Sarqsyan Azərbaycana qarşı` adlı məhkəmə dinləməsi başa çatıb. İclasa Avropa Məhkəməsinin hakimi Din Spilman rəhbərlik edib.

Prosesdə Azərbaycan tərəfini ölkəmizin AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, hüquqşünaslar Malkolm N.Şou və Qabriel Lanski, hüquq yardımçıları Otari Qvaladze, Hannes Tretter və
Tatyana Urdaneta Uitrek təmsil ediblər.

17 hakimdən ibarət olan palata tərəflərin mülahizələrini dinlədikdən sonra onlara məsələyə dair suallar ünvanlayıb və fasiə elan olunub. Fasilədən sonra tərəflərin cavabları dinlənilib. Bundan sonra Din Spilman məhkəmənin məşvərət keçirəcəyini və müəyyən müddət sonra qərar verəcəyini bildirib. Amma qərarın hansı tarixdə açıqlanacağı haqda məlumat verilməyib.

Bununla da məhkəmə iclası qapalı elan edilib.

Xatırladaq ki, Minas Sarqsyan 2006-cı ilin 11 avqustunda AİHM-ə müraciət edib. Onun özü 2009-cu ildə dünyasını dəyişsə də, məsələyə dair birinci məhkəmə baxışı 2010-cu ilin 15 sentyabrında keçirilib. 14 dekabr 2011-ci ildə Məhkəmənin Böyük Palatası şikayət ərizəsini qismən qəbuledilən elan edib.

Qeyd edək ki, Goranboy rayonunun Gülüstan kəndinin sakini olduğu bildirilən M.Sarqsyan əmlak hüququ və öz evinə dönmə hüququnun pozulduğunu elan edir.

AzVision.az









Qalereya




Teqlər:  





Xəbər lenti