“Ayağımı Xocalıya qoyanda “ata, ana” deyib qışqıracağam”

“Ayağımı Xocalıya qoyanda “ata, ana” deyib qışqıracağam”
  05 Noyabr 2020    Oxunub:10276
“Evimdə böyük bir bayrağım var. Onu Xocalı işğaldan azad ediləndən sonra orada asacağam”
Bunu Azvision.az -a açıqlamasında Xocalı faciəsi zamanı hər iki valideynini itirən Vəsilə Məhərrəmova deyib. Həmsöhbətimiz bildirib ki, doğma yurdundan qovulanda 12 yaşı olub.

“Biz ailədə 5 uşaq olmuşuq. Valideynlərimi həmin faciədə itirmişəm. Qələbə xəbərləri eşidəndə sevinirəm ki, onların qanı yerdə qalmır. Xocalıda qar üstünə səpələnən uşaq meyitlərini xatırlayıram. Onların indi ruhu şad olur. Azərbaycan Ordusuna, Ali Baş Komandanımıza təşəkkür edirəm. Az qalıb. Yaxın zamanlarda Ordumuzun sayəsində Xocalıya qayıdacağıq. Səbrsizliklə gözləyirik, həyacanlıyıq. Hər gün televizoru qələbə ümidi ilə açırıq.

Prezident dedi ki, “Şuşaya bir nəfəs qədər yaxınıq”. O nəfəsə qurban olaram. Ancaq ağlayıram. Başqa necə edə bilərəm. Çox çətindir. Ordumuzla, Prezidentimizlə qürur duyuram. Elə bilirdim ki, qatar gedib, qisasımız alınmayacaq. Amma səhv etmişəm. Biz körpələrin nə günahı var idi ki, ermənilər bizi valideynsiz qoydular. Ona görə də düşmənin tankı vurulanda belə sevinirəm. Əlimdə əlac olsa, döyüşə gedərəm və bir erməni əsgəri də olsa öldürərəm ki, ürəyim soyusun. Amma oğullarımız olan yerdə buna ehtiyac yoxdur. Onlar qisasımı alır.

Evdə böyük bir bayrağım var. Hazırlamışam ki, Xocalıya gedəndə asım. Amma evimizi dağıdıblar, yoxdur. Onun yerində tarla düzəldiblər. Hara asacağımı bilmirəm. Allah ermənin bəlasını versin. Dörd il idi ki, Xankəndidən Xocalıya didərgin düşmüşdük. Oradada başımıza belə bir oyun açdlar. Hər şey gözümün qabağında olub. Ayağımı Xocalıya qoyanda “ata, ana” deyib qışqıracağam. Onlar bizi orada gözləyirlər. Məzarları, yerləri, izləri olmasa da...”, - deyə Vəsilə Məhərrəmova vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xocalı   Ordu   Qələbə  





Xəbər lenti