“Məğlubedilməz” erməni ordusu mifi darmadağın oldu

  04 Noyabr 2020    Oxunub : 2535
“Məğlubedilməz” erməni ordusu mifi darmadağın oldu
“Prezident İlham Əliyevin noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsi Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, bu cür müsahibələr həm də Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi uğurların siyasi- diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edir:

“Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırki mərhələdə ən aktual vəzifələrdən biridir. Ona görə də, sentyabr ayının 27-dən bəri Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına verdiyi müsahibələri əslində ordumuzun uğurları üçün siyasi təhlükəsizlik çətiri yaradır ki, bu da növbəti addımlar üçün yaxşı imkanlar açır. Hər şeydən öncə məsələnin hüquqi tərəflərinə diqqət çəkən Prezident Ermənistanın işğalçı olduğunu və bu işğal faktının artıq 30 – ilə yaxındır ki, davam etdiyini bildirməklə bu mərhələdə müvafiq beynəlxalq təşkilatların faktiki olaraq problemin həlli üçün heç bir addım atmadıqlarını, bütün sülh danışıqlarının nəticəsiz qaldığını və yaranmış vəziyyətin işğalçı ölkəni yeni ərazilərimizi işğal etməyə həvəsləndirdiyini bildirdi. Əlbəttə Azərbaycan artıq buna dözə bilməzdi və Ermənistanın yeni hərbi-siyasi təxribatları münaqişənin aktiv fazaya keçməsini şərtləndirdi. Azərbaycan ordusu qısa müddət ərzində ciddi hərbi nailiyyətlər əldə etməklə bütün dünyaya öz gücünü göstərdi. Ordumuz illərdir formalaşan “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi”.



Deputat deyir ki, erməni faşizminə əsaslanan işğal siyasətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərtlər yaratdıq. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi terror siyasətinin sülhü təhdid edən vasitə kimi ortadan qaldırılması istiqamətində işğalçı ölkəyə yaxşı dərs verildi:

“Eyni zamanda işğalçı Ermənistanın regiona cəlb etdiyi çoxsaylı terror təşkilatı üzvlərinin də cinayətlərinin qarşısını aldı. Beləliklə regionda yeni hərbi –siyasi reallıq yaratdı. İşğalçı ölkənin baş naziri Paşinyanı dünya dövlətlərinin liderlərinə fasiləsiz telefon edərək bu və ya digər formada yardımlar istəməyə məcbur etdi. Bu, işğalçı ölkəyə və onun terrorçu ordusuna verilən tarixi dərs idi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan bu gün də beynəlxalq hüquqa və onun tələblərinə, problemin ən qısa zamanda danışıqlar yolu ilə həll edilməsinə sadiqdir. Bunun üçün hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilməli və ya əslində Azərbaycan ordusunun yerinə yetirdiyi bu qətnamələrin geri qalan hissəsindən işğalçı ordunun dərhal çıxarılması ilə bağlı Ermənistan tərəfi qrafik təqdim etməlidir.

Təcrübə isə onu göstərir ki, Ermənistan bunu etmir, tam əksinə, vəziyyəti daha da gərginləşdirmək üçün humanitar atəşkəslə bağlı razılaşmaları pozur. Dinc əhalini və mülki obyektləri raket atəşinə tutmaqla sivil vətəndaşlarımızı hədəfə alır. Beləliklə hərbi cinayətə əl atır və faktiki olaraq terror törədir. Üstəlik əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma “Dağlıq Qarabağ ordusu”na qoşmaqla beynəlxalq hüququn tələblərini pozur. Ona görə də işğala son qoyulmayana qədər Azərbaycan ordusu öz legitim və beynəlxalq hüquqa əsaslanan əməliyyatlarını davam etdirəcək.Torpaqlarımızı işğaldan azad edərək regionda sülhü və inteqrasiyanı təmin edəcək”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Qarabağ