Nə etdiyini özü də bilməyən təlxək baş nazir - Nikol sonunu gözləyir

 Nə etdiyini özü də bilməyən təlxək baş nazir -  Nikol sonunu gözləyir
  05 Noyabr 2020    Oxunub:3272
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti sərsəm fikirlər səsləndirib. İşğalçı ölkə rəhbəri “The Jerusalim Post” nəşrinə müsahibəsində İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirib.
Son bir ayda Nikolun məntiqsiz, çürük fəlsəfəyə əsaslanan iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakını, guya prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə nəinki ağ yalan danışdığını göstərdi, hətta çox keçmədən Rusiya ərazisində saxlanılan hansısa terrorçu qruplaşmanı da Türkiyənin ayağına yazmağa cəhd etdi. Ümumiyyətlə, ağır məğlubiyyətdən başını itirmiş Paşinyanın ziddiyyətli və utopik fikirləri artıq ciddiyə alınmır, bu cür uğursuz addımlarla ölkəsinin durumu daha da ağırlaşır.

Paşinyanın siyasət adamından çox klouna çevrilməsinin səbəblərini Azvision.az-a şərh edən politoloq Tofiq Abbasov deyib ki, o, müharibələr tarixinin ən uğursuz "sərkərdəsi" kimi tarixə qovuşmaq üzrədir:

“Nikolun son günlərdə daha çox sərsəm bəyanatlar səsləndirməsinin səbəbi Ermənistanın siyasi elitasının dərin böhran yaşamasıdır. Hazırda erməni cəmiyyətindən gizlədilməyə çalışılan neqativ proseslər - işğalçı ölkənin həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən surətlə uçuruma yuvarlanması Paşinyanın məntiqsiz çıxışlarından da hiss olunur. Nəinki baş nazir, Ermənistanda ağlı başında olan heç kim bilmir ki, indiki ağır situasiyadan necə çıxmaq olar. Bütün ölkələrdə bu cür ağır şərait yarananda böhran vəziyyətinin menecerləri deyilən xüsusi idarəçilər öz sözünü deyirlər. Yəni adətən belə şəraitdə böhran dövrünün xüsusi məharətə malik idarəçiləri üzə çıxmalıdır ki, anti-böhran proqramlarını hazırlasınlar. Digər tərəfdən dərin böhran, ağır vəziyyətdən çıxış yolunu tapmaqdan ötrü operativ, ekstra səviyyəli qərarlar versinlər. Hazırda müşahidə edirik ki, İrəvanda belə şəxslər yoxdur. Paşinyan özü heç normal siyasi ideyalar ortaya qoya bilmir, kadrları da ondan heç nə ilə fərqlənmir. Siyasəti şahmata bənzətsək, Paşinyan o qəbildən olan piyadalardandır ki, irəli gedə bilmir, oyun başlayan kimi məhv edilir”.



Tofiq Abbasov deyir ki, Nikol indi Azərbaycan Prezidentinin getdiyi cığırla addımlamağa çalışır. O, İlham Əliyevin verdiyi uğurlu müsahibələri təkrarlamağa cəhdlər edir:

“İnformasiya savaşında uduzduğunu görən erməni baş nazir mətbuat nümayəndələri üçün açıq olduğunu nümayiş etdirir. Əslində onun bu gedişi özünün imicinə zərbə vurur, əleyhinə işləyir. Paşinyanın ciddi siyasi hazırlığı, biliyi, dərin təfəkkürü, idarəçi kimi məharəti olsaydı, predmetlər ətrafında danışardı. Adam konkretlikdən mücərrədliyə doğru yön alır və son günlər mediaya ağlına deyil, ağzına nə gəldi danışır. Nikol hazırda üzləşdiyi bütün problemlərin yükünü Türkiyənin üzərinə atır. Halbuki, indiki situasiyaya görə məsuliyyəti birbaşa özü daşımalı, günahları özündə axtarmalı idi. Bir o cümləni eşitmədik ki, guya Türkiyə Azərbaycanın yerinə Ermənistanla müharibə aparır, döyüş meydanında ancaq türk əsgərləri vuruşur… Nəinki Suriyadan, sən demə, guya Pakistandan olan xüsusi qruplar belə Qarabağda işğalçılara qarşı vuruşurmuş. Əlbəttə, bunlar Paşinyanın sübutu olmayan absurd iddialarıdır. Azərbaycana hansısa xarici döyüşçülərin gətirilməsinə ehtiyac yoxdur, bu, heç dünyanın diqqətini çəkən şər, böhtan da olmadı. O, erməni problemləri ilə maraqlanmaz əvəzinə, gah Avstriya, gah Fransa, gah da Rusiyanın məsələlərini gündəmə daşıyıb öz aləmində siyasi məsləhətlər verir. Hikkəsini gizlətməyərək İsrail kimi ölkəyə öz aləmində meydan oxuyur. Hətta İsrailin təklif etdiyi yardımdan kobudcasına imtina edərək deyir ki, “bunu başqalarına verin, bizə lazım deyil”. Bütün bunlar ona işarə edir ki, bu adam artıq həqiqətən də nə danışdığının fərqində deyil. Hətta Qarabağla bağlı, döyüş meydanında baş verənlərlə əlaqəli proseslərdən də uzaqlaşıb”.

Politoloqun onu da vurğulayıb ki, hazırkı proseslər ümumilikdə bu uğursuz siyasətçinin bütün konturlarını açıq şəkildə üzə çıxarır:

“Birincisi, bu adam belə ağır vəziyyətdə heç bir model, mexanizm düşünə bilmir ki, ölkəsinin durumunu heç olmasa nisbətən tarazlasın. Hərbi istiqamətdə olan ağır geriləmələr artıq Ermənistanın siyasi cəhətdən də zəmanətsiz qalmasını üzə çıxarır. Təbii ki, indiki tarixin ən ağır durumuna düşən erməni xalqının faciəsinin məsuliyyəti Paşinyanın üzərinə düşür. Çünki o, parlament respublikasında hökumətin rəhbəridir və istənilən uğursuzluq bu adamla bağlıdır. Bu ölkədə yeni sistem qurulanda gözləntilər var idi ki, ali baş komandan funksiyaları prezidentə həvalə edilsin. Amma Paşinyan təkidlə tələb etdi ki, bu məsul işi ancaq baş nazir həyata keçirməlidir.

Hazırda baş nazir funksiyalarını özü yerinə yetirdiyi üçün erməni ordusunun hansı vəziyyətdə qalmasının şahidi oluruq. Artıq tam məğlubiyyətin bir addımlığındadır. Rusiyanın və Qərb dövlətlərinin media qurumları bunu etiraf edirlər ki, Ermənistanın separatçı rejim adıyla nəzarətdə saxladığı ərazilər günbəgün azalır. Bu, o deməkdir ki, Azərbaycan Ordusu öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir. Paşinyan isə oturub sayıqlamaları ilə sonunu gözləyir”

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti