“Dizlərimi yerə qoyub kəndimin torpağını öpəcəyəm” - Şükür Həmidovun atası
Bunu Azvision.az -a açıqlamasında şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov doğma yurdu Armudlu kəndinin işğaldan azad olunmasından danışarkən deyib. O bildirib ki, Armudlu kəndi Başarat sovetliyinin tərkibində olub:
Şükür Başaratda oxuyub. Dünən xəbəri eşidəndə xəyalən onun məktəb illərinə qayıtdım. Addım-addım günləri, ayları vərəqlədim. Digər oğlum Əsəd də orada oxuyub. Şükür tək mənim övladım deyil. Xalqımızın sevgisi, dövlətimizin qayğısı göstərdi ki, o, hamımızın oğludur.
Xalqımızın birliyi və Prezidentimizin iradəsi ilə Şuşanın, Laçının, Xankəndinin də azad olunmasına sevinəcəyik. Kəndimizə girən kimi dizlərimi yerə qoyub o torpağı öpəcəyəm. O günləri səbrsizliklə gözləyirəm”.
Qeyd edək ki, ötən ay Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: ŞükürHəmidov NərimanHəmidov MilliQəhrəman