“Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdi”

 “Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdi”
  07 Noyabr 2020    Oxunub:3069
“Azərbaycan hazırda ən aktual məsələlərlə bağlı dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevrilməkdədir. Bu bir tərəfdən ölkəmizin beynəlxalq münasibətlər sistemində milli aktor kimi fəal davranışları və nüfuzu ilə əlaqədardırsa, başqa bir tərəfdən onun mötəbər beynəlxalq təşkilatlara rəhbərlik etməsi ilə bağlıdır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat deyib ki, Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etmək və bu müddət ərzində onların fəaliyyətini səmərəli formada təmin etmək təcrübəsi var.

Onun sözlərinə görə, hələ 2011-2013- cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata sədrlik edən zaman terrorizmə qarşı mübarizə, beynəlxalq hüququn aliliyinin təmin edilməsi və s. kimi bir sıra aktual məsələləri beynəlxalq gündəmə gətirə bilmişdi:

“Hazırda isə Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu statusda artıq bir neçə vacib məsələləri gündəmə gətirməklə qlobal problemlərin həlli istiqamətində təqdirəlayiq təşəbbüslərlə çıxış etməyi bacarıb. Hələ 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv olan ölkələrin pandemiyaya qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdi.

Hazırda isə 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunub, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb”.

Hikmət Babaoğlunun sözlərinə görə, burada əsas məsələlərdən biri də odur ki, açılış mərasimində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışı nəzərdə tutulur:

“Şübhəsiz ki, Azərbaycan Prezidenti öz çıxışından pandemiyaya və ona qarşı mübarizə məsələləri ilə yanaşı həm də Azərbaycan həqiqətləri, beynəlxalq hüquq və onun tələblərinin yerinə gətirilməsi, işğalçı ölkə olan Ermənistanın regionda təhlükəsizliyi təhdid edən terrorçu dövlət olması barədə də danışacaq və bunun ümumi rifaha və regional inteqrasiyaya, o cümlədən pandemiyaya qarşı mübarizədə birgə səylərə ciddi əngəllər törətdiyini bildirəcək. Bu isə, indidən Ermənistanı rahatsız etməyə başlayıb.

Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə ilk günlərdən etibarən qarşı çıxan Ermənistan sonuna kimi buna maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində Qoşulmama Hərəkatının sədrinin çıxışının ləğv edilməsi üçün addımlar atmağa cəhd edib. Ancaq yenə də həmişəki kimi Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi rədd edilib. Bu isə bir daha Azərbaycanın beynəlxalq nüfuzu və qlobal prosesləri idarəetmə bacarığı kimi qiymətləndirilməlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Hikmət-Babaoğlu  





Xəbər lenti