AzVision I ABŞ-ın yeni prezidentindən söz azadlığının yeni problemlərinə qədər – VİDEO

      AzVision I    ABŞ-ın yeni prezidentindən söz azadlığının yeni problemlərinə qədər –    VİDEO
  08 Noyabr 2020    Oxunub:1884
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı! Vətən Müharibəmiz başlayandan biz ondan başqa heç nəyi təhlil etmirdik, amma bu həftə Qarabağda gedən proseslərə dünyadakı hadisələrin kontekstində baxmağı lazım bildik. Ona görə də, aydınlaşdırmağa çalışacağıq ki:

- Niyə Amerika “gözəl günləri” “böyük olmaq”dan üstün tutdu və ümumiyyətlə, tutdumu?!
- Trampın yerinə Bayden gələrsə, bu, Qarabağ münaqişəsinə necə təsir göstərə bilər?!
- Dərviş Parisi partlatmasın, neyləsin?! Bütün müsəlman dünyası ilə düşmən olmaq Fransanın nəyinə lazımdır?!
- Niyə Trampın Amerikada seçkinin saxtalaşdırılması haqda tviti “feyk” sayılır, amma Paşinyanın Qarabağda suriyalıların döyüşməsi barədə tviti yox?!
- MDB-nin cənub-qərb cinahında baş verənlər Kremlin Qarabağa baxışlarını necə dəyişməlidir?
- Əgər Oruell sosial şəbkələrin yaranacağını bilsəydi, “1984” romanını necə yazardı?




Bu həftə dünyanın ən böyük və ən bahalı realiti-şousu elə əsl fövqəlşouya yaraşan maraqlı bir final səhnəsi göstərdi. Amerika prezidenti Donald Tramp demokratiyanın beşiyi sayılan və bütün dünyada keçirilən seçkilərdə nöqsanlar tapan ölkəsinin seçki prosesini sərt şəkildə tənqid edərək, böyük saxtakarlıq və fırıldaqların olduğunu bəyan etdi.
Biz xoşbəxt insanlarıq: Həm ölkəizin daxilində tarixi hadisələrə şahidlik edirik, həm xaricində. Bəli, Amerika demokratiyasının elə Amerika prezidentindən belə zərbələr alması həqiqətən tarixi hadisədir. Bu seçki ilk növbədə Amerika demokratiyası və seçki sisteminin mürəkkəb təkmilliyi haqda mifləri darmadağın etdi. Bundan sonra başqa ölkələrdəki seçkiləri tənqid edəndə onlarn özlərinə güzgü tutmaq daha asan olacaq.
İkincsi isə, bu seçki onu göstərdi ki, Tramp uduzmağı bacarmır. Seçki kampaniyası başlayandan bu yana hər zaman rəy sorğuları məhz Baydenin şansının çox olduğunu göstərirdi. Düzdür, son günlərdə hazırkı prezident fərqi öz xeyrinə azalda bilmişdi, amma bununla belə, əgər sosiologiya deyilən elm işləyirsə – elm isə işləməyə bilməz,- Baydenin qələbəsi tamamilə qanunayğun idi. Sosiologiya nöqteyi-nəzərindən Tramp, sadəcə, cığallıq edir. O, indi vəziyyəti dəyişmək üçün ancaq Ali Məhkəmənin müdaxiləsinə ümid edə bilər. Maraqlıdır ki, nəzəri cəhətdən siyasi çəkişmələrin fövqündə durmalı olsa da, ABŞ Ali Məkəməsi hazırda respublikaçıların tam nəzarətindədir. İkiqat maraqlıdır ki, artıq bir dəfə respublikaçı namizədin məhz Ali Məhkəmənin qərarı ilə seçilməsi təcrübəsi də var. Bunu ötən ayın sonlarında ABŞ-ın “Fox News” kanalına müsahibəsində prezident İlham Əliyev də xatırlatmışdı.

- ...Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.
- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.
- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.
- Bilirəm. Mən hazırlıqlı adamam...

İndi yenə də oxşar vəziyyət yarana bilər. Əgər Tramp səslərin hesablanmasında saxtakarlıqların baş verməsi iddiasının üzərində möhkəm dayansa, iş gedib Ali Məhkəməyə çıxacaq. Görünür, təslim olmaq istəməyən Trampın planı da məhz buna hesablanıb. Məsələ ondadır ki, ABŞ-da Kaliforniya kimi ənənəvi olaraq, demokratlara, Alabama kimi ənənəvi olaraq, respublikaçılara səs verən ştatlar var; bir də, hər seçkidə 10-15 tərəddüd edən ştat olur ki, əsas mübarizə məhz onların səslərini qazanmaq uğrunda gedir. Bu seçkidə həmin ştatlar əsasən Arizona, Viskonsin, Miçiqan, Şimali Karolina, Pensilvaniya və Florida idilər. Əgər bu ştatlarda səsvermənin nəticələrilə bağlı Ali Məhkəməyə müraciət etsə, Tramp oyunu başqa mərhələyə keçirə bilər. Ali Məhkəmənin qərarı qətidir və ondan şikayət etmək olmur. Ona görə də, hazırda əsas sual budur: respublikaçı sələfi Corc Buş kimi Tramp da qutudan yox, hakim çəkicinin altından çıxan prezident olacaqmı?! Bu, hazırkı seçkinin əsas intriqasıdr və hələ ki sualın qəti cavabı yoxdur. Prosesi izləmək lazımdır, hər şey qarşıdakı günlərdə bilinəcək. Hələlik isə gəlin, yada salaq ki, Tramp 4 ildə nələr etdi və nələrlə yadda qaldı.

***

Amerikanın daxilində sərt miqrasiya siyasətinin yürüdülməsi, xüsusilə də müsəlman ölkələrinə viza və “qrin-kart”ların verilməsinin məhdudlaşdırılması, Meksika sərhədində divar tkilməsi, islahat aparılaraq, vergilərin azaldılması, müdafiə xərclərinin arıtırlması və kosmik qoşunların yaradılması Trampın 4 illik hakimiyyətinin əsas nəticələri idi.
Dünyada isə həmin nəticələr qat-qat maraqlıdır.
“America First”, yəni “Öncə Amerika” prinsipini əsas tutan Tramp Birləşmiş Ştatları Dünya Səhiyyə Təşkilatından, YUNESKO-dan, Paris İqlim Anlaşmasından çıxardı. Çin və Avropa Birliyilə ticarət müharibələri apardı. NATO üzvlərindən tələb etdi ki, müdafiə xərclərini artırsınlar və öz təhlükəsizliklərinin pulunu özləri ödəsinlər. Yerusəlimi İsrailin paytaxtı kimi tanıdı. İranla nüvə anlaşmasını tərk etdi. Obamanın başlatdığı Kuba ilə münasibətləri normallaşdırma prosesini yarımçıq qoydu.
Trampın ləğv etdiyi ən ciddi anlaşamalar isə şübhəsiz, Orta və Uzaqmənzilli Raketlərin Ləğvi haqqında Müqavilə, Açıq Səma Barədə Anlaşma və Strateji Hücum Silahlarının ixtisarı haqqında Müqavilə idi. Bu sənədlər müasir beynəlxalq sistemində fundamental əhəmiyyətli hesab olunurdular.
Tramp hakimiyyətə gəldiyi gündən Amerika mətbuatını “feyk fabriki” elan edərək, onunla mübarizə aparıb. Əvəzində Tvitterin dünyada populyarlaşmasında böyük rol oynadı və “Tvitter diplomatiyası” termininin yaranmasına səbəb oldu. Bu gün Trampın Tvitterdə 88 milyon izləyicisi var.

***


“Make Amerika great again!” 4 il əvvəl Donald Tramp bu şüar ilə dünyanın ən güclü dövlətinin başına keçmişdi. Maraqlıdır ki, onun rəqibi Baydenin əsas iki sloqanı var: “Restore The Soul of America” – Amerikanın ruhunu bərpa edək və “Our best days still lie ahead” – Mikayıl Müşfiqsayağı bir şüar: “Gözəl günlər hələ qarşımızdadır”. Bunlardan birincisi xüsusilə maraq doğurur: “Amerikanın ruhu” nədir və onu necə bərpa etmək olar?!
Robert Kiyosakini yəqin, tanıyrsınız – yapon əsilli məşhur amerikalı biznes yazarı “Liderliyin 8 qanunu” adlanan sonuncu kitabında biznesi hərb işi ilə müqayisə edir. Özü Vyetnam müharibəsinin iştirakçısı olmuş Kiyosaki yazır ki, son vaxtlar Amerikanın ruhunu öldürürlər. Amerika xalqını sosial yardımlardan asılı vəziyyətə salır, ələbaxanlığa öyəridirlər, halbuki, bu xalqın ruhunda biznes qurmaq, pul qazanmaq var. Amerika azad biznes ölkəsidir və solçuluğun istənilən forması onun ruhunu öldürür.
Kiyosakinin bu fikirləri Trampın düşüncələrilə çox yaxındır. Yeri gəlmişkən, onların ikisinin birlikdə yazdıqları kitab da var – “Niyə biz sizin varlı olmağınızı istəyirik” adlanır. Maraqlısı odur ki, əslində həqiqiətən də Amerikanın ruhu sağçı-mühafizəkar Trampın yürütdüyü xəttə daha uyğundur, solçu Demokratların mövqeyinə yox. Başqa sözlə, “Restore The Soul of America” – Amerikanın ruhunu bərpa edək - şüarı əslində demokratların dilində o qədər də səmimi səslənmirdi. Amma ikinci şüar – “Daha yaxşı günlər hələ qarşıdadır”, - indiki vaxtda çox yerinə düşür. Trampın iqtidarının sonuncu ili koronavirus dövrünə düşdü, bu isə onun Amerikanın böyüklüyünü qaytarmaq yönündəki bütün işlərinin üstündən qalın bir xətt çəkdi. Hazırda Birləşmiş Ştatlar dünyada yoluxma sayına görə antirekordlar vurur. Buna baxmayaraq, bir çox digər ölkələr kimi, Amerikada da hökumət sərt karantin tədbilərinə gedə bilmir, çünki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağından qorxur.
Belə bir maraqlı və düşündürücü korrellyasiya var: 2020-ci ildə Birləşmiş Ştatlarda tapança və tüfəng satışı rekord həddə çatıb. Bu, onu göstərir ki, insanlar təhlükəsizliklərindən, sabitliyin qorunacağından əmin deyillər. Sabahkı günə inam azalıb. Bax, bu, əsl klassik Amerika ruhudur: Dövlətin səni qoruyacağına əmin deyilsənsə, özün tüfəngi götürüb, evini qoruyursan. Tramp Amerika ruhunun azad biznes kimi müsbət tərəfilə yanaşı, həmin bu mənfi tərəfini də oyatmışdı. Sabaha inamın səviyyəsi istənilən ölkədə və cəmiyyətdə ən vacib göstəricilərdəndir. Bəs Bayden dediyi daha yaxşı günləri gətirə biləcəkmi Amerikaya? Onu daha yaxından tanımağın vaxtıdır.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

***

78 yaşlı Bayden Amerika siyasətinin həqiqi veteranlarındandır. O, 30 yaşında Konqresə seçilərək, ən gənc konqresmen kimi tarixə düşüb. 2008-ci ilə qədər bütün seçkilərdə qalib gəlib, həmin il isə Obamanın vitse-prezidenti kimi Kapitolidən Ağ Evə köçüb.
Bayden vəzifədə olarkən onun adı ilə bağlı ən böyük qalmaqal “Burisma”a ilə bağlı olub. Belə ki, oğlu Hanter Ukraynanın Burisma qaz konsorsiumunun direktorlar şurasının üzvü olarkən vitse-prezident Bayden onun yol verdiyi korrupsiya əməllərinin araşdırılmaması üçün rəsmi Kiyevə təzyiq etmişdi.
Baydenin qardaş Türkiyə ilə münasibətləri adətən gərgin olub. O, həm erməni, həm də yunan lobbilərilə yaxın əlaqələrə malikdir. 1915-ci ilin saxta erməni soyqırımını tanımağın tərəfdarıdır. Şimali Kipr məsələsində daim Türkiyənin əleyhinə çıxışlar edib və türkləri adanı tərk etməyə çağırıb.
Bayden son 10 ildə iki dəfə Türkiyədən rəsmən üzr istəmək məcburiyyətində qalıb. Bunlardan birincisi Harvard universitetindəki çıxışı zamanı Türkiyənin “Əl-Qaidə” və İŞİD-lə əlaqələrinin olduğunu deməsinə, ikincisi isə 2016-cı ilin 15 iyul qiyamına münasibətdə tutduğu mövqeyə görə olub.

***

Təbii ki, bizi daha çox Baydenin Qarabağ məsələsində tuta biləcəyi mövqe maraqlandırır. Amma əslində bu haqda danışmağın bir mənası varmı – bunun özü də böyük sualdır. Ağ Evin yeni sahibinin fəaliyyətə başlaması bütün hallarda yanvar-fevraldan tez olmayacaq. Adətən ABŞ-ı yeni seçilən prezidentləri yanvarın ortalarında and içirlər. Ondan sonra yeni komandanın təsdiqlənməsi, fəaliyyətə başlaması da vaxt aparacaq. Bütün bunlar fevral-mart aylarına qədər sürəcək. Həmin vaxta qədər isə Qarabağda müharibənin aktiv fazası artıq bitmiş olacaq. Bir aya biz işğal altındakı torpaqların 20 faizindən çoxunu azad etmişik; ermənilərin hərbi potensialının isə böyük qismi məhv edildiyindən, artıq böyük müqavimət göstərmək imkanları qalmayıb. Məhz buna görə biz son günlərdə düşmən texnikasının dronlar vasitəsilə necə məhv edilməsi kadrlarını getdikcə daha az-az görürük. Hazırda ermənilər döyüşləri daha çox partizan və diversant müharibəsi şəklində, xırda pərakəndə qruplar, dağınıq müqavimət ocaqları ilə davam etdirirlər. Bunun müddəti isə həmin qrupların təchizatı kəsilənə qədərdir. Ermənistandan Qarabağa gedən bütü yollar Ordumuzun tam nəzarətinə alınandan sonra uzağı 2-3 həftəyə həmin əlahiddə diversant dəstələrinin müqavimət göstərmək imkanları da tükənəcək. Bundan sonra nə olacağını isə biz keçən şənbə proqnozlaşdırmağa çalışmışdıq.
Bu həftə baş verənlər göstərdi ki, proseslər həqiqətən də həmin istiqamətdə gedir. Əvvəla, cinayətkar Artsax rejiminin qondarma hökuməti bu həftə Ermənistana köçürüldü. Aydın məsələdir ki, Qarabağ tam azad ediləndən sonra o, özünü mühacir hökuməti elan edərək, torpaqlarımıza iddiasını sürdürəcək.
İkincisi, bu həftə biz çox maraqlı proses müşahidə elədik: Qarabağdan Ermənistana silah-sursat daşınır. Bununla bağlı artıq Ermənistanın öz polisinin və mediasının yaydığı xeyli faktlar var. Sual olunur: Qarabağdan Ermənistana hansı məqsədlə silah-sursat daşına bilər? İki variantdan biridir: ya “Qarabağ klanı” Ermənistanda silahlı qiyam qaldıraraq, Paşinyan hökumətini devirmək istəyir, ya da azad olunmuş torpaqlarımıza Ermənistan ərazisindən hücum təşkil etməyi planlaşdırırlar. Eyni vaxtda bunların hər ikisi də doğru ola bilər.
Hazırda bizdə sosial şəbəkənin əsas diqqəti Şuşaya, onun alınmasına yönəlib. Bəli, bu, tariximizin ən böyük hadisələrindən biri olacaq. Şuşanın azadlığı Qarabağın azadlığının simvoludur. Amma nə qədər rəmzi olsa belə, Şuşanın düşməndən geri alınması hələ müharibənin tam bitməsi anlamına gəlməyəcək. Bəli, bu, Şuşadan şərqdə yerləşən ərazilərdə erməni qüvvələrinin hər hansı müqavimətini anlamsız edəcək, üstəlik, psixoloji olaraq, kimin qalib, kimin məğlub olması sualı birmənalı cavablanacaq. Amma erməni silahlıları güman ki, hələ Ermənistana bitişik ərazilərdən müqaviməti davam etdirəcəklər və vaxtı çatanda onların öz sərhədlərinin o tərəfinə oturdulması əməliyyatları daha çətin ola bilər, xüsusilə qışda. Qış fəslində dağlıq landşaftda müharibə aparmaq hər oğulun işi deyil. Hərçənd, Azərbaycan əsgəri də elə-belə oğul olmadığını artıq bütün dünyaya sübut etmiş əsgərdir.
Minsk qrupunun həmsədrlərindən birinin – ABŞ-ın yeni rəhbərliyi tam gücü ilə vəzifəsinin icrasına başlayana qədər, yəqin ki, bütün bu işlərin çoxu artıq görülmüş olacaq. Maraqlısı odur ki, digər iki həmsədrin də başı möhkəm qarışıb. Rusiyanı Gürcüstan və Moldovada baş verən hadisələr narahat etməyə bilməz. Gəlin görək, niyə.

***

Gürcüstanda keçirilən seçkidən sonra pat vəziyyəti yaranıb: Bir faizlik baryeri aşan 8 müxailifət partiyası seçkilərin saxtalaşdırıldığını deyərək, parlamenti boykot ediblər. Maraqlısı budur ki, onların arasında anti-rusiya hərəkatının simasına çevrilmiş Mxieil Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası da, mülayim rusiyapərəst xəttilə seçilən Vətənpərvərlər Alyansı da var.
Düzdür, Bidzina İvanişvilinin “Gürcü arzusu”nun əlində artıq minimal kvorum üçün tələb olunan sayda - 76 mandat var və o, iclasları təkbaşına da keçirə bilər. Amma bir hakim partiyadan ibarət parlament təbii ki, ciddi suallar doğuracaq. Ona görə də, indi hamı noyabrın 21-də 14 birmandatlı dairədə keçiriləcək seçkilərin nəticələrini gözləyir.
Moldovada isə rusiyapərəst İqor Dodon preziden seçkisinin birinci turunda qərbyönümlü namizəd Maya Sandudan 4 faiz az səs toplayıb.
İndi bütün diqqət noyabrın 15-də keçiriləcək ikinci tura cəmləşib. Artıq bəllidir ki, ilk turda uduzan namizədlərdən ən azı 4-ü tərəfdarlarını Maya Sanduya səs verməyə çağıracaqlar. Əgər Dodon qarşıdakı bir həftədə əlavə resurslar cəlb edərək, üstünlüyü ələ ala bilməzsə, Moldova yavaş-yavaş Rusiyanın təsir dairəsindən çıxmağa başlayan növbəti postsovet ölkəsi ola bilər.

***

Beləcə, Gürcüstan və Moldovadakı seçkilərlə mövqeləri laxlayan Rusiya özünün Azərbaycan və Ermənistana münasibətdə ənənəvi yanaşmasına bir qədər korrektələr etməldir. Çünki Moskva daha Qarabağ vasitəsilə Ermənistana təsir edə bilməyəcək. Əksinə, əgər Paşinyan hakimiyyətdə qalarsa, o, məğlubiyyətin bütün günahını Rusiyanın üstünə ataraq, müharibədən sonra Ermənistanın istiqamətini Qərbə döndərməyə çalışacaq. Demək, onun getməsi və Ermənistanda Rusiyaya sədaqətli qüvvənin hakimiyyətə gətirilməsi lazımdır.
Eyni zamanda, Azərbaycanla elə indidən gələcəyə yönəlmiş yeni müttəfiqlik əlaqələrini müzakirə etməklə, regionda müstəqil siyasət yürüdən, amma həqiqətən etibarlı tərəfdaşla təzə reallığa uyğun sağlam strateji münasibətlər qurmaq olar. Moskva, yəqin ki, bu şansı qaçırmaq istəməyəcək.
Minsk qrupunun üçüncü üzvünə - Fransaya gəlincə, son iki həftədə onun bütün müsəlman dünyası ilə elə böyük problemləri yaranıb ki, öz daxilində ciddi təhlükələrlə üzləşə bilər. Ona görə də, Rəsmi Paris üçün qarşıdakı həftələrdə İslam ölkələrilə münasibətlərini nizamlamaq bir nömrəli məsələ sayılmalıdır.

***

Hazırda Fransa ilə Türkiyənin münasibətləri faktiki dilomatik müharibə şəraitindədir. Rəsmi Paris Avropa Birliyinin Türkiyəyə sanksiya tətbiq etməsi üçün qollarını çırmayıb. Belə gərginliyin fonunda Fransanın qalmaqallı “Şarli Ebdo” karikatura jurnalının Məhəməd peyğəmbərin, daha sonra Ərdoğanın biədəb şəkillərini dərc etməsi, tarix müəllimi Semuel Patinin qətli, cavab olaraq, Makronun radikal islamla mübarizə çağırışları ehtirasları lap zilə qaldırdı.
Nəticədə dünyanın hər yerində müsəlmanlar Fransaya qarşı etirazlara qalxdılar. Türkiyədə, İranda, Banqladeşdə, Küveytdə, Pakistanda, Hindistanda, Somalidə, Liviyada, Yəməndə hətta Moskvada Fransa səfirliklərinin önündə aksiyalar keçrilib. Hər yerdə Fransa bayraqları və Makronun şəkilləri yarndırılır. Artıq Nitsa, Avinyon, Lion və digər şəhərlərdə bir neçə qətl və terror hadisəsi də törədilib. Yerə gəlmişkən, Avropada Vyana terroru da bu kontekstdə şərh edilir.
Obrazlı desək, vəziyyət belədir: hər iki tərəf prinsipə düşüb - Fransa dəyərlərini müsəlmanlardan müdafiə edənlər də, Fransada öz dəyrlərilə yaşamaq istəyən müsəlmanlar da. İkincilərin tərəfində isə bütün dünyanın müsəlmanları durur ki, onlar da hər yerdə fransızların başını möhkəm ağrıda bilərlər.
Belə görünür ki, Makronun Ərdoğana qarşı hikkəsi Avropada müsəlmanlarının ciddi şəkildə hərəkətlənməsinə də gətirib çıxara bilər. Bütün bunların fonunda Avropanın qarşısında müsəlman dünyasının avanpostu kimi dayanan Türkiyənin lirəsi ucuzlaşaraq, tarixdə ilk dəfə 1 dollara görə 8 lirə həddini keçib. Amma bu, Türkiyəni o qədər də narahat etmir, çünki uğrunda mübarizə aparılan daha böyük dəyərlər var.

***

Beləliklə, Qarabağ münaqişəsinə potensial müdaxilə edə bilıəcək dövlətlərdən birində seçki qalmaqalı yaşanır və ən azı 3 ay nisbi hakimiyyət boşluğu olacaq. İkincisi İslam ölkələrilə elə qarşıdurmaya girib ki, belə vəziyyətdə əsas qayğısı ilk növbədə həmin problemin həlli olmalıdır. Üçüncüsünün isə MDB-nin cənub-qərb cinahında mövqelərini itirməmək üçün yeni strategiya üzərində düşünməsinin vaxtıdır. Faktik olaraq, Qarabağ münaqişəsinin həlli üçün bundan daha yaxşı zamanlama mümkün deyildi. Göründüyü kimi, hər şey qrossmeyster dəqiqliyilə hesablanıb və proqnozlaşdırılıb.
Bütün bu baş verənlərin – yəni, Qarabağdakı Savaşın, Fransadakı gərginliyin və ABŞ-dakı seçki qalmaqalının arasındakı ortaq problem isə... həm də “söz azadlığı” deyilən nəsnə və onun yaratdığı suallardır. Bütün başqa tərəfləri qırağa qoyuram. Ancaq ABŞ-da, Fransada və Qarabağ Savaşının ətrafında baş verənlər bu sualın üzərində ciddi şəkildə düşünməyi tələb edir: “Söz azadlığı” nədir?! Onun sərhədlərini kim və nəyə əsasən müəyyənləşdirməlidir?! Tvitter və ya Feysbukun rəhbərliyi hansısa fərdin söz azadlığının harada hüdudlanmalı olduğu haqda qərar verə bilərmi?! Əgər verə bilərsə, onda əslində yalnız məhkəməyə aid olan bu səlahiyyəti onlara kim həvalə edib?! Niyə Məhəmməd peyğəmbərin karikaturasını çəkib, yüz milyonlarla müsəlmanın ən ağır hisslərinə toxunmaq olar, amma ermənilərin hisslərinə toxunan paylaşımlar silinməlidir?! Artıq çox ciddi suallar yığılır və onların üzərində ciddi şəkildə düşünməyin vaxtıdır.

***

Hazırda Fox News kanalını çıxmaqla, Amerikanın az qala bütün mediası özünü Demokrat Partiyasının ruporu kimi apardığından, Tramp onlara məzəli adlar qoyaraq, söz azadlığı uğrunda mübarizə apardığını deyir. Məsələn, CNN-i «Clinton News Network» adlandırır. İş o yerə çatıb ki, bu il “The New York Times”ın redaktoru “Black Lives Matter” hətəkatı zamanı Trampın rolunu müsbət qiymətləndirən məqalə yazdığı üçün işdən çıxarılmışdı.
Amerikada azad söz və mətbuatın üstünə pişik əsnədiyini görən Tramp fikirlərini daha çox şəxsi Tvitter hesabında çatdırmaq istəyirdi, amma bu da alınmadı. Prezidentin seçkinin saxtalaşdırılmasına aid tvitlərini mikroblog şəbəkəsi sadəcə, bloklayır.
Faktiki belə çıxır ki, kimlərəsə sərf etməyən fikirləri demək və yazmaq olmaz. Və bu, təkcə Amerikada belə deyil. Elə həmin “New York Times” ermənilərin Bərdəyə raket hücumundan yazandan sonra təzyiqlərə məruz qaldı. Fransada TF-1 kanalı efirə verdiyi reportajı ermənilərin tələbilə saytından çıxardı. Rusiyalı ekspert, Qarabağ Müharibəsində Azərbaycanı dəstəkləyən İqor Koretçenkonun tvitter hesabı bağlandı, halbuki, Ermənistanın mövqeyini təbliğ edən xeyli ekspert və blogerlər rahatca fəaliyyət göstərirlər.
Bugünlərdə Azərbaycanda yüzlərlə fəal sosial şəbəkə istifadəçisinin hesabları bağlanır, müxtəlif sanksiyalarla üzləşirlər. Xeyli saytların feysbuk və tvitter səhifələri birdəfəlik qapadılıb. Həm də heç bir ciddi səbəb olmadan. Onların çoxu sosial şəbəkədən istifadənin heç bir qaydasını pozmurlar. Bəzən azərbaycanlı istifadəçilərin hesablarının sanksiya ilə üzləşməsi üçün bir qrup erməninin şikayəti kifayət olduğu halda, ermənilərin təhqir və böhtan dolu paylaşımları minlərlə şikayətlərə baxmayaraq, silinmir.
***

“Feyk Nyus” sözünü dünyada Tramp dəbə salmışdı. Taleyin ironiyasına bax ki, indi onun özünün yaydığı xəbərlər “feyk nyus” elan olunaraq, bloklanırlar. Amma digər tərəfdən, məsələn, Semyon Peqov adlı kürən keçinin yaydığı az qala bütün xəbərlər başdan-başa feyk olsa da, bloklanmır.
Tramp yazır ki, “Amerikada seçki saxtalaşdırılıb”, Tvitter onu bloklayır. Paşinyan yazır ki, Qarabağda Suriyadan gətirilmiş terrorçular və Türkiyə ordusu döyüşürlər, amma Tvitter onu bloklamır.
Sual çıxır: feykin feyk sayılması üçün nə lazımdır? Sosial şəbəkə alqoritmləri bunu kütləvi müraciətlərə əsasən müəyyənləşdrirlər. Amma məsələn, min nəfər birləşib, bir doğru xəbəri “feyk” deyə şikayət edirsə, bu zaman həqiqət dönüb, yalan olurmu? Və ya əksinə, min nəfər bir yalana “doğru” deyirsə, həmin yalan feyk olmaqdan çıxıb, həqiqətə çevrilirmi? Sosial şəbəkənin prinsiplərinə görə, bəli.
Məsələn, günü bu gün də Yerin kürə şəklində yox, düz olduğuna inanan “Müstəvi dünya” – “The Flat Earth” cəmiyyətləri fəaliyyət göstərir, on minlərlə də üzvü var. Onlar iddia edirlər ki, NASA-nin Disneylenddən heç bir fərqi yoxdur, kosmonavtlar isə aktyorlardırlar. Bütün hökumətlər əlbir olub, insanları aldadırlar. İndi biz bu “Flat Earth” tərəfdarlarını feyk yaymaqda ittiham edib, təbliğat imkanlarını məhdudlaşdırmalıyıqmı?! Axı dedikləri açıq-aşkar yalandır! Yoxsa, yalan olsa belə, onların belə düşünmək və fikirlərini səsləndirmək azadlıqları hər halda, var?!
Və ya əksinə, əgər elə həmin o “Flat Earth” təşkilatının on min nəfər üzvü sözü bir yerə qoyub, NASA-nın Yerin yumru olduğunu göstrən videolarını şikayət etsə, “youtube” həmin videoları qapadacaqmı?!
Təəssüf ki, vaxtımız azdır, yoxsa, mən yüzlərlə misal gətirərək, göstərə bilərdim ki, söz azadlığını kütlənin səsilə məhdudlaşdırmaq absurddur və bu, necə fəsadlara gətirib çıxara bilər.
Amma hətta bu halda belə, sual çıxır: Əgər kütlənin şikayət etməsi sosial şəbəkə üçün göstəricidirsə, niyə milyonlarla insanın şikayətinə baxmayaraq, “Şarli Ebdo” jurnalının Ərdoğana çəkdiyi iyrənc karikatura feysbukdan silinmir?! Standart demokratiyada bir səs elə bir səsdir. Fərqi yoxdur, o səsi türk verib, yoxsa fransız; xristian, yoxsa müsəlman. Buna səsvermənin bərabərlik prinsipi deyirlər. Amma sosial şəbəkədə həmin prinsip işləmir və məsələn, min nəfər frasızın səsi milyon türkün, yüz erməninin səsi on min azərbaycanlının səsindən üstün tutula bilir.
Söz azadlığı həqiqətən böyük dəyər olduğu kimi, onun qanunla məhdudlaşdırılması da böyük ideyadır. Amma qanunla, hansısa şübhəli alqoritmlər və “ikili standartlar”la yox.
Bütün antiutopiya müəllifləri gələcəyi təsvir edəndə totalitar dövlətin – Leviafanın,- insanların söz və hətta düşüncə azadlıqlarını necə nəzarətə almasını göstəriblər. Lap elə ən məşhur nümunə kimi Corc Oruelli və onun “1984” romanını yada salın. Heç kimin ağlına da gəlmirdi ki, gələcəkdə dövlətlərlə rəqabət aparacaq gücə malik qlobal şirkətlər yaranacaq və insanların nə haqda danışıb-yazmasına onlar qərar verəcəklər. Bu, istənilən antiuotopiyadan daha qorxuludur. Və deyəsən, biz gələcəkdə öz hüquqlarımızı dövlətlərdən yox, bu cür leviafan-şirkətlərdən müdafiə etməli olacağıq.
Nə etmək olar? Həyat mübarizədir. Möhkəm olun!




Teqlər: AzVision   Real-TV  





Xəbər lenti