“Köçkünlük damğası üstümüzdən götürüldü” - Şuşa sakini

 “Köçkünlük damğası üstümüzdən götürüldü” -  Şuşa sakini
  09 Noyabr 2020    Oxunub:2526
“Dünən evdə ailəmlə Prezident İlham Əliyevin xalqa müraciətini gözləyirdik. Ali Baş Komandandan Şuşa şəhərinin azad edilməsi xəbərini eşidəndə sevincdən ağladım. Hələ də özümə gələ bilməmişəm. Qəlbim sevinclidir və o torpaqlara ayaq basana qədər bu hissləri keçirəcəyəm”.
Bunu Azvision.az -a açıqlamasında Şuşanın 68 yaşlı sakini Müzəffər Babayev deyib. O bildirib ki, Şuşa şəhərinin azad edilməsi ilə sanki anadan yeni doğulmuş körpə kimidir.

“Bu günü çoxdan gözləyirdim. Allah Ali Baş Komandanımızı, güclü Ordumuzu qorusun. Şuşaya bayraq sancan əsgərin əllərindən, ayaqlarından öpürəm. Bu xəbəri eşidəndən sonra sanki anadan yenidən doğulmuşam. Şuşa mənim üçün anadır, atadır, namusdur, qeyrətdir, bacıdır, həyatımdır, cavanlığımdır. İnanıram ki, tezliklə işğal altında olan Laçın, Kəlbəcər, Ağdam və digər torpaqlarımız da mənfur düşməndən azad olunacaq”.



M.Babayev bildirib ki, onunla yanaşı, nəvələri də Şuşa xəbərini sevinclə qarşılayıb: “Dünən məndən çox sevinirdilər, onlar görmədikləri, amma haqqında eşitdikləri torpaqların gözəllliyini görmək üçün səbirsizlənirlər”.

Şuşanın Malıbəyli kəndində anadan olan, orada böyüyən M.Babayev əvvəlcə müəllim, daha sonra kənd sovetinin katibi, icra nümayindəsinin müavini işləyib.

“Biz Şuşadan çıxanda heç nə götürməmişdik. Bizim bütün şəkillər, gəncliyimiz, hər şeyimiz orada qaldı. Əynimdə əsgər paltarı var idi. 30 km yolu piyada güllə yağışı altında gəlmişdik. Orada ölənlər, yaralananlar oldu. Özüm də güllə yarası aldım. Birinci Qarabağ müharibəsi veteranıyam. Malıbəylidə iki evim var idi. İnternetdəki görüntülərə baxıram ki, mənfur düşmən darmadağın edib. Heç nə olmaz, biz oralara qayıdaq, hər şeyi yenidən bərpa edəcəyik”.



M.Babayev bildirib ki, Şuşaya ayaq basan kimi torpağa sarılacaq: “30 illik həsrətə son qoyulduğu üçün Allaha şükür edirəm. Atam, yaxın qohumlarım, oğlum burada rəhmətə getdi. Onlar ürəklərində qəm-kədər getdilər. Bunlar deyiləsi dərd deyil. Şuşaya gedəndə anamın qəbrini ziyarət edəcəyəm. Quruculuq işləri ilə məşğul olacağam. Bütün kəndləri gəzib, Şuşanın dağlarına, daşlarına çıxacağam. Qırxqız yaylağı, Sarıbaba oylağına üz tutacağam. Şair təbiətli insanam, kitablarımda da qeyd edirdim və inanırdım ki, Prezidentimiz bu torpaqları alacaq və şükür ki, bunun şahidi oldum. Bu gün millətin nəyə qadir olduğunu gördüm. Ordumuz sayəsində köçkünlük damğası üstümüzdən götürüldü. Mən artıq başı aşağı gəzmirəm, qürurluyam, belim dikəlib.

Qəlbimi yandırır ayrılıq dağı
Yadımdan çıxmayır İsa bulağı
Deyirəm kaş bu gün, bu axşam çağı
Yığıb ətrafıma dostları, yarı
Getmək istəyirəm Şuşaya sarı
Orda duman gözəl, hiss də gözəldir
Vallah tüstü gözəl, his də gözəldir
İnanın orada pis də gözəldir
Əridib yollarda buzlaşmış qarı
Getmək istəyirəm Şuşaya sarı


İndi həqiqətən Şuşaya qayıdıram. Bundan sonra oraları göz bəbəyimiz kimi qoruyacağıq”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti