Paşinyanın istefasını tələb edən gəncin müəmmalı ölümü

 Paşinyanın istefasını tələb edən gəncin müəmmalı ölümü
  14 Noyabr 2020    Oxunub:4679
Ermənistanda müharibənin gətirdiyi ağır iqtisadi və sosial böhran ölkədə siyasi tənəzzüllə əvəzlənir. Azərbaycana qarşı ağır məğlubiyyəti həzm edə bilməyən ermənilər küçələrə axışaraq baş nazir Nikol Paşinyana etiraz edir, onu dərhal istefa verməyə çağırırlar.
Azvision.az xəbər verir ki, Ermənistanın kapitulyasiyasından sonra meydanlara çıxan vətəndaşlar Paşinyanın istefasını gözlədiyi halda, iqtidarın sərt müqavimətilə üzləşiblər.

Nikol Paşinyan xalqın tələbini qulaq ardına vuraraq aksiyaların ilk günündən etirazçılara güc tətbiq edir, ona potensial təhlükə yaradacaq müxalifət liderlərini həbsə atdırır, mitinqlərdə təxribat yaradaraq insanların gözünü qorxutmağa çalışır.

Minlərlə vətəndaşın səsini boğa bilməyən Paşinyan nəticədə daha sərt tədbirlərə əl atıb. Belə ki, noyabrın 10-da İrəvanda etiraz aksiyaları zamanı parlamentdə dağıntılar törədənlərdən birinin meyiti tapılıb. O, kütləvi iğtişaş zamanı spiker Ararat Mirzoyanın kreslosunda oturub siqaret çəkməsi ilə gündəmə gəlmişdi. Hadisədən bir gün sonra Paşinyanın istefasını tələb edən gəncin meyitinin Razdan körpüsünün altında aşkarlandığı deyilir.

Qeyd edək ki, Ermənistanın iqtidar mediası etirazlara qoşulmuş vətəndaşın intihar etməsi barədə məlumatlar yayıb. Sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olan bu olay isə fərqli istiqamətdə yozulur. Spikerin kürsüsündə oturub siqaret çəkən gəncin yaxınları onun intihar etmədiyini, hökumət tərəfindən qətlə yetirildiyini iddia edirlər. Ermənilər belə bir təsadüfün mümkünsüz olduğunu söyləyirlər.

Ortaya haqlı olaraq suallar çıxır. Ölkəsini Nikolun biabırçılığından xilas etməyə çalışan aktivist necə olur ki, bir gün sonra intihar etmək qərarına gəlir? Yaxud hansı səbəbə?

Əlbəttə, intihar versiyası o qədər də inandırıcı görünmür. Ermənilərin özlərinin dediyi kimi, hakimiyyət bu yolla xalqın səsini boğmaya çalışır. Əks halda digər etirazçıları da belə sonluq gözləyir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti