Mətbuat hansı yazarlara “daydaylıq” edir? - MÖVQE

Mətbuat hansı yazarlara “daydaylıq” edir? - MÖVQE
  07 Fevral 2014    Oxunub:1594
Son zamanlar ədəbi mühitdə səngimək bilməyən qalmaqallarda mətbuatın da rolu xüsusi qeyd edilir. Ədəbi mühit təmsilçiləri medianı qruplşamaqda və dostbazlıqda ittiham edirlər. Bildirilir ki, bəzi ədəbiyyat dərgiləri və saytlar öz çevrələrin olmayan insanların yazılarını çap etmir və ya xüsusi qısqanclıqla yanaşır.

Bəs, media işçiləri bu barədə nə düşünür?

AYB-nin mətbuat katibi və Ayb.az saytının redaktoru Xəyal Rza:
“Bütün mediaları deyə bilmərəm, amma belə vəziyyətin olduğu həqiqətdir. Məsələ burasındadır ki, indi insanlar sosial şəbəkələrdən və internet aləmindən daha çox yararlanır. Bu da bəzi adamların işinə yarayır. Hərə bir sayt açıb söylədiyiniz kimi öz ətraflarını təbliğ edir. Hər həftə müxtəlif tədbirlərdə yaradıcı insanları, gəncləri əməkdaşlığa dəvət edirəm. Ayb.az saytı yaranmamışdan öncə bildirmişdim ki, bu sayt hər kəsin saytı olacaq. Hətta bəzən yaxşı olmayan şeiri də, hekayəni də yerləşdirməkdən çəkinmirik. Ona görə ki, müəllif həvəsdən düşməsin. Bəlkə irəlidə o, daha yaxşı yazıçı ola bilər. Ədalətli olmaq vacibdir.”

“Təki istedadı olsun”

1937.az saytının redaktoru Etibar Salmanlı:

“Mən 1937.az saytının redaktoru həm də gənc yazar olaraq deyə bilərəm 1937.az ədəbi dərgisində çap edilmək üçün ancaq istedad lazımdır. Bizim sayt, jurnalımızda kiminsə dostu, tanışı və ya qohumu olmaq heç bir rol oynamır. Saytın redaktorları mətnə baxaraq onun sayta yetərli olub-olmadığını müəyyənləşdirir. Son müzakirələri biz də izləyirik və çox sevinirik ki, bizim saytımızın adı bu tip söhbətlərdə hallanmır. İstənilən şəxs saytın əlaqə vasitələrindən birinə müraciət edərək yazısını, şeirini çap etdirə bilər. Təki istedadı olsun.”

“Kaspi” qəzetinin əməkdaşı Fərid Hüseyn:

“Hansı media rəhbəri, qəzet redaktoru necədirsə onun rəhbərlik etdiyi orqanı da özünə oxşayır. Deyək ki, istedadlı insanları seçənlə də var, istedadasızları arayıb-axtaran da. Yaxud mövqeyi olan yaradıcılarla çalışmaq istəyənlər də var, lal-dinməz, qorxaqlarla çalışmaq istəyənlər də. Çalışdığım "Kaspi" qəzetinin ədəbiyyat əlavəsinin devizi budur "biz imzaları yox, əsərləri dərc edirik". Elə bilirəm, bu devizlə də qəzetimizin ədəbi mövqeyi aydın olur.”

Kulis.az saytının baş redaktoru Qan Turalı:
“Başqa saytlarla bağlı danışa bilmərəm. Ancaq Kulis.Az yazıları keyfiyyət meyarı ilə çap edir”.

Amma bu həqiqətdir!

Modern.az saytının ədəbiyyat müxbiri Elmin Nuri:

“Əvvəlcə onu qeyd edim ki, istənilən halda "bütün" sözünü işlətmək, hər bir prosesə mütləq məntiqlə yanaşmaq fikrimcə düz deyil. Bütün yox, əksər media qurumları ifadəsini işlətsək elə bilirəm ki, daha doğru olar. Mən də əksər media qurumları ifadəsindən çıxış edərək bu iddia ilə tam razılaşıram. Sanki bəzi media orqanının (qəzet, sayt, jurnal) öz boyuna biçilmiş xüsusi yazarları var. Bu bəlkə də səhv tendensiya deyil. Belə ki, ta 60 il bundan qabaq da Rusiyanın bir çox məşhur ədəbi jurnallarının bu cür ideolji xətti və ona uyğun yazarları olurdu. Artıq yazıçıya baxanda bilmək olurdu ki, bu "İzvestiya"nın yaxud "Literatura mir"in yazarıdır. Amma onları ideoloji xətlə yanaşı ədəbi yaxınlıq da bağlayırdı. Bu gün bizə qayıdaq, kulis.az, 1937.az, kultura.az, azadlıq radiasounun “oxu zalı”nın hərəsinin özünün yazar kəsimi var. Şəxsən mən bir ədəbiyayt yazarı kimi bilirəm ki, kim hansı orqan ətrafında birləşən yazardır. Amma “525-ci qəzet”, “Kaspi” qəzeti hamıya öz qanadlarını açır. Bilirəm, bunu oxuyan hörmətli qruplaşma nümayəndələri məni qınayacaqlar. Amma bu həqiqətdir! Əgər siz hansı bir sayt üzərində qələmlərinizi qardaş etmisinizsə mən hələ ki, əməkdaşı olduğum Modern.az saytından başqa heçbir yerə bədii yazılarımı verməmişəm. Odur ki, kənardan baxan bir seyirçi kimi obyektivliyə çalışıram.”
“Ədalətli olmaq vacibdir”.

Qaynar.info saytının redaktoru Şərif Ağayar:

“Bunu söyləmək məlumatsızlıqdan irəli gəlir. Bütün dünyada oxşar düşüncəli insanlar müxtəlif elektron və çap dərgiləri ətrafında birləşib ədəbi mühitdə sağlam rəqabət imkanı yaradırlar. Belə bir mühit ədəbi avtopritetlərin, ədəbiyyatı idarə etmək həvəsində olan feodalların təkərinə çomaq soxur, işlərini axsadır. Plüralizm deyə bir anlayış var. Fərqlilik, çoxrənglilik. Çoxfikirlilik nəinki ədəbiyyatın, hətta bütöv cəmiyyətin təkanverici qüvvəsidir.Mən fikirlərimi çap edən, mənə yaxın düşünən insanların yanında olmağa çalışmışam.Və o insanlarla dost olmağımda da heç bir problem görmürəm.”

“Ulduz” jurnalının baş redaktorunun müavini Qulu Ağsəs:
“Bu Azərbaycan reallığıdır və tam normal qəbul edirəm. Təbii ki, hər kəs öz ətrafını və qrupunu təbliğ etməlidir. Azərbaycan mediası da tam olaraq bu vəziyyətdədir. Amma ədəbiyyat adamlarını digərlərindən fərqləndirən bir cəhət olmalıdır. Onlar qarşı tərəfin də istedadlı adamlarına qapı açmalıdır. Xüsusən, üzdə olmayan, istedadının arxasında gizlənmiş adamları çap etmək lazımdır.

Qrupbazlıq, dostbazlıq tam normaldır. Amma normal o olar ki, yalnız süfrə dostluğuna əsaslanmasın. Təbliğ olunursa da istedadlı adam olsun.Şəxsən mən “Ulduz” jurnalının baş redaktorunun müavini kimi deyirəm ki, Azərbaycan Yazıçılar Birliyini söyənlər gətirsən yazılarını versinlər. Mən onları “Ulduz”da çap edəcəyəm.

Emin Piri


Teqlər:





Xəbər lenti