Azad edilmiş ərazilərdəki xristian abidələri bərpa olunacaq

   Azad edilmiş ərazilərdəki xristian abidələri bərpa olunacaq
  18 Noyabr 2020    Oxunub:4139
Mədəniyyət Nazirliyi tərəfindən “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlanılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə - eramızın I-II əsrlərində yayılmağa başlayıb. Bu fəaliyyət xristianlığı yaymaq məqsədilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına gələn həvarilər Varfolomey və Faddeyin, eləcə də Faddeyin yetirmələri olan Yelisey və Marın adları ilə bağlıdır. Həmin dövrdə indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian məbədinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlib, beləliklə, həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb.

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.

Son 20 ildə Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılmışdır. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni (Qriqori) kilsəsi bərpa edilib və ziyarət üçün açıqdır. Burada qədim kitablar da qorunub saxlanılır və kilsəni ziyarət edən xarici qonaqlar da bunu təqdirlə qeyd edirlər.

Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında xristian irsinin qorunmasına töhfələr verir. Ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır. Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərimizdə xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcək.

Azvision.az


Teqlər: Abidə  





Xəbər lenti