Nyu-York polisi "Google Glass” eynəyinə keçir
Hazırda polis şəbəkələri bir neçə qurğulara malikdir. Bu qurğuların köməyi ilə gündəlik vəzifələrin həlli üçün bu növ texnikalardan istifadə yolları yoxlanılır. Nyu-York polisinin “Google Glass”dan insanların şəxsiyyətinin müəyyənləşdirilməsi, arxivlərdən məlumatların və videoyazıların əldə olunması və hesabatların hazırlanmasında istifadə edəcəyi ehtimal edilir. Eynəyin sınaqları uğurlu olsa, “Google” şirkəti “Google Glass” üçün çoxlu sifariş ala bilər, çünki polis departamentində 34 mindən çox insan çalışır.
“Google” nümayəndəsi bildirib ki, şirkət Nyu-York polis departamenti ilə rəsmən əməkdaşlıq etmir, lakin departamentin eynəkləri "Glass Explorer” proqramı üzrə əldə etməsi istisna edilmir. Bir qurğunun dəyəri 1,5 min dollar təşkil edir.
“Google” şirkəti “Glass”ın satışa çıxarılması müddətini 2013-cü ilin sonundan 2014-cü ilə keçirib. Hazırda eynəklərin sınaq versiyalarından yalnız bəzi tərtibatçılar istifadə edir.
Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google”un qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin şirkət nümayəndələrinin qeyd etdiyinə görə, bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur.
Teqlər: