“Yaralıların hamısı, hətta minaya düşən əsgər də döyüşə qayıtmaq istəyirdi” - FOTO

 “Yaralıların hamısı, hətta minaya düşən əsgər də döyüşə qayıtmaq istəyirdi” -  FOTO
  21 Noyabr 2020    Oxunub:8175
"Döyüşlər başlayan gün - sentyabrın 27-də könüllü olaraq yaralı əsgərlərə xidmət etmək üçün cəbhə bölgəsinə yollandım. Əvvəldə Gəncə Hospitalında idim, sonra Naftalan Rayon Mərkəzi Xəstəxanasına getdim. Orada yaralılara xidmət üçün lazımı şərait yaradılmışdı"
Bunu Azvision.az -a qəhrəman həkim, anestezioloq-reanimatoloq Bəhruz Məmmədov deyib.

Ehtiyatda olan tibb xidməti kapitanı B.Məmmədov bildirib ki, 44 günlük Vətən Müharibəsində hər kəs yardım etməyə, faydalı olmağa çalışırdı.

“Xəstəxanaya gələn yaralılar əsasən ciddi xəsarət alanlar idi. Əksəriyyətinin qan itirmədən, maye itkisindən ürək dayanmaları olurdu. Belə hallarla çox rastlaşırdıq. Onlara anında yardım edilirdi. Ürəyi dayanan xəstələrə qapalı və açıq ürək masajları edilirdi. Demək olar ki, hamısını həyata qaytardıq. Dəqiq rəqəm deyə bilmərəm, amma mənim üçün 9 nəfər yadda qalan oldu. Protokola əsasən ürəyi dayanan şəxsə 45 dəqiqə masaj edilir. Bizim 90 dəqiqə masaj etdiyimiz və həyata qaytardığımız əsgərlərimiz də var".



Həkimin sözlərinə görə, ilk 10-15 gündə yaralıların çoxunda qəlpə yarası aşkarlanırdı. Sonradan güllə yarası, xüsusilə snyaperdən atılan güllədən yaralanma ilə gələnlər çoxluq təşkil etməyə başladı.

"Orada başqa həkimlər, - Ayxan, Eldəniz, Museyb, İftixar, Orxan, Vusal, Ayaz, - hər biri qəhrəmanlıq edirdi. Onlar qəhrəman həkimlərdir. Müharibə bitdikdən sonra sakitçilik oldu, 2 gün orada qaldıq, yenidən Bakıya qayıtdıq. Əgər lazım olarsa, hər zaman yardım göstərməyə hazırıq”.

B.Məmmədov 44 gündə əsgərlərə göstərilən xidmətdən, onların tez bir zamanda döyüş bölməsinə qayıtmaq istəyindən də danışıb.

“Hamı çalışırdı ki, yaralı əsgərə xidmət etsin. Əsgər gəlirdi, 4-5 gün ön xətdə tozun-torpağın içində olurdu, orada hər kəs ona öz balası kimi yardım göstərirdi. Heç kəs kənarda qalmırdı. Bir yumruq halında idik. Vətənimizin işğaldan azad edilməsi üçün hər kəs çalışırdı və az da olsa köməyi dəyərdisə, çox sevinirdi.



Əsgərlərimizdə döyüş ruhu çox yüksəkdir. Biz ön cəbhə xəstəxanası olduğumuz üçün gələn yaralı əsgərin vəziyyəti stabillişdikdən 1-2 gün sonra arxa cəbhə xəstəxanasına göndərirdik. Lakin yaralılarımızı güclə saxlayırdıq. Geri dönmək, döyüşmək istəyirdilər. Deyirdilər ki, yoldaşlarımız oradadır, biz köməyə getmək istəyirik. Elə ciddi yaralanmalar var idi ki, onlar da ayıldıqdan sonra ancaq geri dönmək istəyirdilər. Onları güclə saxlayırdıq. Dəfələrlə deyirdik ki, yaralısan, sağalandan sonra səni arxa cəbhədəki xəstəxanalara göndərəcəyik. Hamısı dava edirdi ki, “yox biz döyüşə qayıdacağıq”. Yaralı gətirilənlərin çoxu “mən bununla döyüşə bilərəm, boş yerə məni gətirdilər, sarğımı qoyun, mən qayıdıram” deyirdi. Hətta heç nəyə qulaq asmayıb geri dönənlər də oldu.

Əsgərlər özlərini düşünmürdü. Yadımdan çıxmaz bir hadisəni danışım. Əsgər minaya düşmüşdü, ayağı qopmuşdu. Deyirdi, sarğı qoyun mən geri dönüm. Deyirdik ki, sənin ayağın yoxdur, necə yeriyəcəksən. Deyirdi ki, DŞK-dan sallanıb ata bilərəm, mənə ayaq lazım deyil. Heç kəs özünün yarasını, ətraflarının itməsini fikirləşmirdi. Hər kəs döyüşü fikirləşirdi. Komandir əsgərlərini, onların tək qaldığını deyirdi, qayıtmaq istəyirdi. Əsgər də özündən qabaq komandirinə yardım etməyə çalışırdı. Hamı bir yumruq olmuşdu”.



Həkim 44 günlük müharibənin undulmaz və qürurverici tarix olduğunu qeyd edib. “Neçə illik həkimlik fəaliyyətim dövründə bu qədər güclü olduğumuzu orada hiss etdik. Biz oradan ayrılmaq istəmirdik, gəlmişik, amma hələ şəhərə öyrəşməmişik. Döyüş bölgəsində hər kəslə, istər əsgər, istər güllə, istərsə də bomba səsi ilə çox doğmalaşdıq.

Naftalan daim atəş altında olsa da, insanlarda qorxu yox idi. Hər kəsin fikri yardım göstərmək idi, qorxuya vaxtı yox idi. Başqa rayonlarda eşitmişdim, Naftalanda da şahidi oldum. İnsanlar xəstəxananın qarşısından əl çəkmirdi, hər kəs kömək etməyə çalışırdı. Könüllü çox idi, xəstəni daşıyırdılar, əlini-ayağını yuyurdular. 13-14 yaşlı uşaqlar var idi ki, könüllü kömək etməyə gəlmişdilər. Hər kəs növbədə durub gözləyirdi ki, yardım etsin”, - deyə qəhrəman həkim 44 gündə şahidi olduğu hadisələrdən söz açıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi   Qələbə   Həkim   Yaralı  





Xəbər lenti