Döyüş meydanında “Vətən yaxşıdır” oxuyan şəhidimiz - VİDEO
“Əsgərlikdən gəldikdən sonra bir müddət mühafizə xidmətində işlədi. Lakin hərbçi olmağa can atırdı. Buna görə Dövlət Sərhəd Xidmətinə müraciət etdi, 3 ay təlim keçdikdən sonra Astarada gizir kimi fəaliyyətə başladı. General Polad Həşimov şəhid olan vaxtı Astaradan bir qrup gizir, həmçinin qardaşım da könüllü döyüşmək üçün müraciət etmişdi”.
M.Yusifzadə qardaşının döyüşə getməsindən xəbərlərinin olmadığını deyib. “Bu barədə nə mənə, nə qardaşıma, nə də anama bir kəlmə söz deyib. Yalnız dayım və bibimoğlu onun döyüşdə olduğunu bilirdi. Bizimlə danışarkən təlimdə olduğunu deyirdi. Deyirdi ki, “təlimdəyəm, zəng çatmayacaq, narahat olmayın”. Amma dayımgillə döyüş bölgəsindən danışırdı. Biz onun döyüşdüyünü yalnız şəhid xəbəri gələndə bildik.
Xidmət yoldaşlarının dediyinə görə, Kəlbəcər istiqamətində, Murov yüksəkliklərində döyüşüblər. Daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində olublar. Zəngilan və Qubadlı arasındakı Ağbənd kəndinin azad olunması uğrunda döyüşlərdə şəhid olub.
Axşam kəndi alıblar, səhər saat 7-də erməni diversiya qrupu yenidən hücum edib. Onlar çox yaxın məsafədən 20-25 metrdən döyüşüblər. Hücumu dəf edərkən Xudayar döyüş meydanında şəhid olub. Lakin Xudayar son nəfəsində belə onu yaralayan düşməni məhv edib, özünün və əsgər yoldaşlarının qisasını alıb”.
M.Yusifzadə qardaşının hələ uşaqlıqdan hərbiyə, idmana marağının olduğunu qeyd edib: “Məktəbdə “Əlifba” bayramında ağlayırdı ki, mənə hərbi forma geyindirin. İdmana, hərbiyə meyilli idi. Babam və nənəm Ağdam rayonundandır. Onlara həmişə deyirdi ki, gedib Ağdamı azad edəcəyəm, sizi də ora aparacağam. Bizə onun telefonunu verdilər. Döyüş vaxtı da bunu deyirdi, video çəkmişdi.
Onun dostları bizə söyləyir ki, “Xudayar olmasaydı, biz irəliləməzdik. Axşam döyüşdən gəlirdik, biri yanımızda yaralanırdı, digəri şəhid olurdu. Belə həyacan, stresdə dincəlməyə gəlirdik. Xudayar bizim əhval-ruhiyyəmizi necə açırdısa, səhər döyüşə tam hazır olurduq. Döyüş zamanı elə zarafatlar edirdi ki, bir-birimizə baxıb ancaq gülürdük”. Xudayar döyüş yoldaşlarının əhval-ruhiyyəsini həmişə yüksək tuturdu. “Vətən yaxşıdır” mahnısını da şəhid olmamışdan 2 gün qabaq döyüşdən qayıdarkən oxumuşdu”.
Aytən Zəhra
Azvision.az