`Şopeniana` baletinin premyerası keçiriləcək

`Şopeniana` baletinin premyerası keçiriləcək
  09 Fevral 2014    Oxunub:1157
Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli polyak bəstəkarı Frederik Şopenin musiqisinə yazılmış “Şopeniana” baletinin premyerası keçiriləcək.

AzVision.az xəbər verir ki,teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, orkestr işləməsi Aleksandr Qlazunova məxsus olan “Şopeniana” ilk dəfə 1909-cu ildə tanınan rus baletmeysteri və pedaqoqu Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Klassik balet sənəti tarixində çox böyük əhəmiyyəti olan “Şopeniana” ilk dəfə olaraq baletmeysterlərə rəqs üçün nəzərdə tutulmamış klassik musiqidən balet tamaşalarında istifadə etməyə imkan verib.

“Şopeniana” süjetsiz balet olub nağıllar dünyasına düşən gənc şairin yuxu və gerçəklik arasındakı vəziyyətinin, onun xəfif kədər və xəyallar aləmindəki əhval-ruhiyyəsini ifadə edir.

Premyera tamaşasında balet truppasının aparıcı solistləri – xalq artistləri Gülağası Mirzəyev, Kamilla Hüseynova, əməkdar artistlər Rimma İsgəndərova, Yelena Skomoroşenko və gənc balet ustası Yuliya Ferştandt çıxış edəcək.

Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


Teqlər:





Xəbər lenti