Yeniliklərə imza atan “Cinema Radio”nun fəaliyyəti nədən ibarətdir?

Yeniliklərə imza atan “Cinema Radio”nun fəaliyyəti nədən ibarətdir?
  30 Noyabr 2020    Oxunub:6834
“Onun səsi ilahi vergidir”
Azvision.az Avto FM-də (107.7 FM) yayımlanan Cinema Radio layihəsinin rəhbəri Kamran Qasımovla müsahibəni təqdim edir.

- Kamran bəy, “Cinema Radio” Kino Radio Kanalı hansı zərurətdən yarandı?

- Bilirsiniz, Azərbaycan televiziya məkanı kinolayihələrə müxtəlif vaxtlarda yer verib. Bu proses mütəmadi olaraq davam edir. Amma yerli radiostansiyalarda mən belə bir layihəni dinləməmişdim. Ona görə də məhz radioda kinolayihə yaratmaq barədə düşünürdüm. Bu ideya məndə hələ beş il bundan əvvəl Braziliyanın Globo Media Holdinqində olarkən yaranmışdı. Media Holdinqin marketinq direktoru bildirmişid ki, Globo radiosunda belə bir ayrıca radiostansiya var və biz kino haqqında dolğun məlumatları insanlara yolda da çatdırmağı məqsədəuyğun hesab edirik. Qeyd edim ki, Disney Şirkətlər Qrupunda da belə bir radiostansiya mövcuddur. Rusiyada isə bu internet radio formatındadır. Mən layihəni bir radio saatı formatına uyğun yazdım. Sonra Mədəniyyət Nazirliyi layihəyə dəstə göstərdi və beləcə 2019-cu ilin iyulunda “Cinema Radio” 107.7 FM dalğasında yayıma çıxdı. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Layihə “AzerNyuMedia” Şirkətinə məxsusdur və Avto FM (107.7FM) dalğasında yayımlanır. Bizim əsas məqsədimiz kino ilə bağlı bütün həftəlik məlumatları elə yolda ikən dinləyicilərə çatdırmaqdır. Çünki o dinləyicilər sükan arxasından qalxandan sonra tamaşaçıya çevrilirlər.

- Sizcə radio format öz bəhrəsini verirmi?

- Ümumiyyətlə, biz radiostansiyanı düz seçmişik. Çünki 107.7 FM sükan arxasında olanların yol bələdçisidir. Digər tərəfdən əsas məqsəd kino və yol məfhumlarını birləşdirməkdir. Amerikada ötən əsrin əllinci illərində açıq səma altında kinoteatrlar meydana gəldi. Onlara avtocinema da deyirlər. İnsanlar avtomobillərindən düşmədən gəlib ekran asılmış geniş sahədə dayanırlar və filmə baxırlar. Bizdə bu təcrübəni bir neçə ay öncə etmək istədilər. Amma pandemiya şəraitində mümkün olmadı. Nəzərə alaq ki, hazırda kinoteatrlar öz fəaliyyətini covid-19-la əlaqədar müvəqqəti dayandırıb. Qayıdıram bu açıq səmada fəaliyyət göstərən cinemaların fəaliyyətinə. Tamaşaçılar eyni zamanda həm də dinləyicilər çevrilmişdilər. Çünki filmin səsi dalğalar vasitəsilə ötürülürdü və tamaşaçılar təsviri baxır, onun səsini dinləyirdilər. Biz sosial şəbəkə hesablarımız vasitəsilə və digər etibarlı mənbələrdən layihəmizlə bağlı müsbət fikirlər alırıq.

- “Cinema Radio”nun məzmunu barədə danışaq. Veriliş rubrikalardan ibarətdir.

- Tamamilə doğrudur, veriliş bir neçə rubrikadan ibarətdir. Bunlar “Özgə Cinema”, “Doğma Cinema”, “Dost Cinema” və “Qazan Cinema” rubrikalarıdır. Məlum pandemiya şəraitinə görə kinoteatrların fəaliyyəti müvəqqəti olaraq dayandırıldı və biz də “Qazan Cinema”nı saxlamalı olduq. Orada dinləyicilər kinoteatrlar şəbəkəsindən birində filmi seyr etmək imkanı əldə edir. Bunun üçün qoyulan sualı tapırdılar. Rubrika müvəqqəti dondurulduqdan sonra biz onu “Fakt Cinema” rubrikası ilə əvəz etdik. Yəni, filmlərin çəkiliş meydançaları, ümumiyyətlə, yaranma tarixçəsindən ən maraqlı faktları təqdim edirik. Təbii ki, verilişdə soundtreklər səslənir. Adətən iki əcnəbi və bir yerli soundtrek təqdim edirik. Təəssüf ki, son illər çəkilmiş bədii filmlərə çox az soundtrek yazılıb. Biz həm də dinləyicilərin az eşityi soundtrekləri üzə çıxarırıq. Eyni zamanda, yerli filmlərin audiotreylerləri və auidofraqmentləri təqdim olunur. Bir sözlə, komandamız səylə çalışır. Bu günə qədər 70-dən artıq sayımız dinləyicilərə təqdim olunub. Hər buraxılışa ayrıca bir diqqətlə yanaşırıq. Həm sərt karantin dövründə, həm də Vətən Müharibəsində Cinema Radio öz buraxılışlarını tam olaraq bu istiqamələrə kökləyə bildi.

- Komandada kimlər var?

- Layihənin rəhbəri və ssenari müəllifi mənəm. Ssenarini aparıcı ilə birlikdə yazırıq. Aparıcı RJ Yaqutdur. Bu xanımın səsi ilahi vergidir. Səs rejissorumuz uzun illərdir bu sahədə çalışan Samir Əsədovdur. Musiqi rəhbəri isə sevimli bəstəkar-arajımançı Yaşar Baxışdır. Komandamız kiçik olsa da, əlimizdən gələni edirik ki, Cinema Radio media brendə çevrilsin. Qeyd etdiyim kimi, layihənin dəstəkçisi Mədəniyyət Nazirliyidir. Mən fürsətdən istifadə edərək başda Mədəniyyət nazirinin birinci müavini, Nazir səlahiyyətlərini icra edən Anar Kərimov olmaqla Nazirliyə dərin təşəkkürümü bildirirəm. Burada İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin və Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun Cinema Radioya göstərdikləri dəstək və faydalı əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, son aylarda Mədəniyyət Nazirliyində müsbət dəyişiklikləri müşahidə edirik. Hiss olunur ki, Azərbaycan mədəniyyəti və incəsənətinə yeni konsepsiya gətirilir. Bu, həm yaradıcı, həm də təşkilati baxımdan mükəmməl nəticələrə gətirib çıxaracaq. Onu da qeyd edim ki, mən həm də Real Televiziyasında çalışıram. Real TV Cinema Radio yaranan gündən öz dəstəyini göstərib. Ona görə də fürsətdən istifadə edib Real Televiziyasının direktoru Mir Şahin Ağayevə də dərin təşəkkürümü bildirirəm.

- Mən də fürsətdən istifadə edib bir neçə məsələ barədə soruşmaq istərdim. Sizcə kinoteatrların uzun müddət bağlı qalması onlayn yayımları ənənəvi təqdimat, nümayiş formatına çevirə biləcəkmi?

- Dünya və Azərbaycanda vəziyyət acınacaqlıdır. Bəşəriyyət böyük bir bəla ilə mübarizə aparır. Bu halda hələ bir müddət biz onlayn sistemlə işləyəcəyik. Amma onu da deyim ki, Disney Şirkəti bir neçə ay öncə qərar qəbul etdi. Qərara görə, kinoteatrda yayıma buraxılan film onlayn qayda da platformada yerləşdirilə bilər. Əvvəllər belə bir qayda yox idi. Çünki kinoteatr rəhbərləri bunun kinoteatr bazarına ciddi zərbə vuracağını deyirdilər. Amma son ayların təcrübəsi göstərdi ki, onlayn yayımda əldə edilən gəlir heç də az deyil. Məsələn, Disney studiyasının istehsalı olan “Mulan” tammetrajlı bədii filmi bu qayda ilə nümayiş olundu. Düşünürəm ki, bu, bütün dünyada belə olacaq. İnsan elə bir varlıqdır ki, hər bir vəziyyətə uyğunlaşa bilir, bu elə çıxış yoludur. Hətta artıq illərdir ki, dünyada filmlərin pullu nümayişi üzrə xüsusi televiziyalar fəaliyyət göstərir. Düşünürəm ki, bu sistem mükəmməlləşdiriləcək və yeni reallıqlara uyğunlaşdırılacaq. Yeri gəlmişkən, biz “Cinema Radio” da mütəmadi bu barədə danışır, müzakirələr aparırıq.

- Sizcə Vətən müharibəsi Azərbaycan kinosunda nələri dəyişəcək?

- Əvvəla sonluqları, biz “həppi end”lə bitən filmlər çəkəcəyik. Yəni, 27 sentyabra qədər çəkilən filmlərdə nə qədər nikbinlik olsa da, işğal faktı qara xətt kimi keçirdi. Düzdür, rejissorlarımız çalışırdılar ki, nikbinliyi göstərsinlər. Amma haradasa bir bədbinlik vardı. Bu stereotip qırıldı. Ümumiyyətlə, filmlər konkret insanlar və onların ətrafında baş verən hadisələrin vəhdətində qurulmalıdır. Digər vacib məsələ də var. Bu günə qədər istehsal edilən vətənpərvər yönümlü filmlərdə nə Ali Baş Komandan obrazı, nə də onun prototipi olub. Bu mənada qarşımızda geniş imkanlar açıldı. Sadəcə. Bu imkanları düzgün dəyərləndirmək və bölüşdürmək lazımdır.

- Kamran, təşəkkür edirik.

- Mən böyük diqqətinizə görə dərin təşəkkürümü bildirirəm.

Azvision.az


Teqlər:





Xəbər lenti