ABŞ-da təhsil alan, Kanadada şirkət quran Şuşa döyüşçüsü - FOTOLAR

 ABŞ-da təhsil alan, Kanadada şirkət quran Şuşa döyüşçüsü -  FOTOLAR
  08 Dekabr 2020    Oxunub:30616
"Bəzən ac, yorğun olurduq, quru çörəkləri ocaqda isidib yeyirdik. Amma geri çəkilmək haqqında düşünmürdük"
İqbal Səfərov 44 günlük Vətən müharibəsinin könüllü iştirakçılarından biridir. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa uğrunda döyüşlərdə iştirak edən müsahibimiz indiyədək müxtəlif sahələrdə çalışıb, dünyanın bir çox ölkələrində olub:

“Mən Naxçıvanın Babək rayonunda anadan olmuşam. Orta məktəbdə 11-ci sinifi oxumamışam. Çünki 10-cu sinifdə Təhsil Nazirliyə məktub yazıb, bütün proqramı öyrənib bitirdiyimi bildirdim. Məni imtahan edib, 11-ci sinfin proqramını bildiyimi gördülər. Daha sonra Neft və Sənaye Universitetinə daxil oldum. Oranı İnzibati İdarəetmə və Gömrük Ekspertizası ixtisası üzrə qırmızı diplomla bitirdim. Hərbi xidmətdə harada olduğumu tam açıqlamayım. Onu deyə bilərəm ki, Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzini tağım komandiri olaraq bitirib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışam. Daha sonra Gömrük Komitəsinə imtahan verib yüksək balla işə qəbul olundum. Müxtəlif gömrük idarələrində 8 il işləmişəm. Əsasən gömrük rəsmiləşdirilməsi və nəzarət şöbələrində çalışmışam. Gömrük mayoru rütbəsinə qədər yüksəlmişəm.



ABŞ-da “Hidalqo” gömrüyü var. Onların xətti ilə Amerika-Meksika sərhəddində təlimlərdə iştirak etmişəm. Daha sonra Azərbaycanda ATƏT-in sərhədlərarası beynəlxalq tədbirlərinə qatılmışam. Komitədə işlədiyim vaxt dəfələrlə fəxri fərmanlarla təltif olunmuşam. Magistr təhsili almaq üçün imtahan verib, İtalyada Roma di Sapienza Universitetini qazandım. Ancaq ABŞ-dakı dostlarımın məsləhəti ilə İtaliyaya deyil, Amerikaya təhsil almağa getdim. Növbəti dörd ildə Amerika və Kanadada müxtəlif işlərdə çalışdım. Kanadada özümə şirkət qurmuşdum. Pandemiya başlayanda sərhədlərin qapanması ilə əlaqədar Azərbaycanda idim.

Tovuz döyüşləri zamanı orduya yazılmaq üçün könüllü müraciət etdim. O zaman çağırmadılar. İkinci Qarabağ müharibəsi zamanı yenə müraciət etdim və bu dəfə ordu sıralarına çağırdılar”.



İ. Səfərov deyir ki, Vətən müharibəsində komandir heyətində döyüşüb və əsgərlərə daim ruh yüksəkliyi verib.

“Döyüş yolum Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşadan keçib. Bu ərazilərdə vuruşmuşam. Ermənilərin istehkamlarını yarmaq çox çətin idi. 30 il idi ki, hazırlaşmışdılar.
Mənim yaşımda uzun illərdən sonra vuruşmaq da asan deyil. 18-20 yaşlı əsgərlə mən bir deyiləm. Amma özümüzü elə aprmalıydıq ki, çətinliklər əsgərin gözündə hiss olunmasın. Mən komandir heyətində idim. Bizə verilən birinci tapşırıq o olurdu ki, əsgər heyətini nə olursa olsun qorumaq lazımdır. Döyüşlərdə birbaşa zabit, gizir, MAXE iştirak edirdi . General öndə döyüşürsə, orduda əlbəttə, hansı ruh yüksəkliyi olduğunu özünüz düşünün".

Müsahibin sözlərinə görə, döyüşlərin heç biri asan deyildi. Ən çətin döyüşlərdən biri Şuşada olub: "Coğrafi və relyefi baxımdan Şuşanı azad etmək asan başa gəlmədi. Ermənilər gözləmirdilər ki, bizim ordumuz qısa müddətdə Şuşaya belə daxil ola bilər. Oranın hər tərəfi qayalıq, meşəlikdir. Oradakı meşəlik Azərbaycanın digər bölgələrindəki kimi deyil, keçilməzdir. Havası şaxtalı, soyuq, yağış isə dayanmırdı. Ermənilər özləri də etiraf edirdi ki, biz Azərbaycan əsgərlərinin meşələri yarıb, belə hücum edə biləcəklərini gözləmirdik.

Təsəvvür edin dağlıq, qayalıq, bir cığırı ağır yüklə neçə dəfə qalxırsan, yenidən sürüşüb düşürsən. Şuşaya girmək üçün 39-50 kiloqramlıq minaatanlarla birgə 40 kilometrlik meşə, dağ yollarını qət etməli idik. Gecələr irəliləyirdik. Mən Şuşaya girdim, ancaq döyüşdən sonra xəsarət almışdım deyə qala bilmədim. Müalicə aldım, sonra yenidən cəbhəyə qayıtdım.
Qələbədən sonra içimdə həm sevinc, həm kədər var idi. Çünki yanımda şəhid olan, yaralanan oldu. İstər istəməz qələbənin acısını görürdük.



Döyüşlərdə müasir silahlarımız öz sözünü dedi. Silahlanma təminatı əla idi. Amma bizi həm də irəli aparan qorxmamağımız idi. Qorxunun üstünə gedirdik. Ermənilər müdafiəyə yaxşı hazırlaşmışdılar. Amma içlərində qorxu var idi. Bilirdilər ki, uzaq başı qoyub qaçacaqlar. Biz isə əskini fikirləşirdik ki, necə olsa da, torpaqlarımızı alcağıq. Aramızda böyük fərq var idi. Bəzən ac, yorğun olurduq, quru çörəkləri ocaqda isidib yeyirdik. Amma geri çəkilmək haqqında bir kəlmə də dilimizə gətirmirdik.

Bizim orduda heç kim döyüş yoldaşını tək buraxmırdı. Yaralılarla meşədə qalmışıq, amma onları qoyub getmək ağlımızdan da keçmirdi. Ermənilər ölən əsgər yoldaşlarının, yaxınlarının qarnına bomba bağlayırdılar. Məqsədləri o idi ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar. Onlar belə şərəfsizdirlar”.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qarabağ   Vətən   Döyüş  





Xəbər lenti