Erməni xeyriyyəçilər də Paşinyanın istefasını tələb edir

Erməni xeyriyyəçilər də Paşinyanın istefasını tələb edir
  12 Dekabr 2020    Oxunub:1021
Erməni Ümumi Xeyriyyəçi Birliyi (AGBU) baş nazir Nikol Paşinyanı istefaya çağırıb.
Azvision.az xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Qeyri-sabit siyasi vəziyyətlə üzləşən böhranlı millətik. Beləliklə, fövqəladə simvolik və mahiyyətli addımlara ehtiyac var. Bizim gənc demokratiyamız bu böhran dövründə sabitliyini və gücünü sübut etməlidir. Xalqımızın birliyinin qorunması böyük əhəmiyyətə malikdir. Əminik ki, indiki və keçmiş administrasiyalarla əlaqəli olmayan müstəqil bir qurum keçid hökuməti olaraq liderliyi ələ almalıdır".

Təşkilat hesab edir ki, keçid hökuməti, ölkənin inkişaf gündəmini təbliğ edən, Ermənistandan və diasporadan olan yüksək səviyyəli, nüfuzlu məsləhətçilərlə sıx əməkdaşlıq edəcək təcrübəli və peşəkar xadimlərdən ibarət olmalıdır.

"Erməni xalqının və hər bir erməninin adından Paşinyana müraciət edirik ki, xoşməramlılıq və yüksək vicdan nümayiş etdirərək yeni müvəqqəti hökumətin qurulmasına icazə verməsi üçün baş nazir postundan istefa versin. Arzu edirik ki, ədalətli və demokratik seçkilərin keçirilməsi mümkün olana qədər müstəqil qanuni qurum tərəfindən müvəqqəti rəhbərlik yaradılsın"

AGBU-nun həyatında, həmçinin bildirilir ki, hakimiyyət dəyişikliyi qanunun aliliyinə, konstitusiya prosedurlarına və ən yüksək demokratik kriteriyalara uyğun həyata keçirilməlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: NikolPaşinyan   Ermənistan   İstefa  





Xəbər lenti