Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı verilib

Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı verilib
  14 Dekabr 2020    Oxunub:3666
Macarıstanın Azərbaycandakı səfirliyində Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı – “Qızıl xaç” ordeninin təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, təqdimat mərasimində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ölkə rəhbərliyi tərəfindən azərbaycanlı dirijora ünvanlanmış təbrik müraciətini oxuyaraq, son illərdə Əyyub Quliyevin müxtəlif macar musiqi kollektivləri və tanınmış solistləri ilə gerçəkləşən beynəlxalq layihələrdə uğurlu əməkdaşlığını qeyd edib.

Sonra iki ölkə arasında mədəni əlaqələrin inkişafı və genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin adından “Qızıl xaç” ordeni və xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.



Əyyub Quliyev Azərbaycan mədəniyyətinə və dirijorluq sənətinə verilmiş bu yüksək qiymətə görə Macarıstan Prezidenti Yanoş Ader, ölkənin Baş naziri Viktor Orban və səfirə təşəkkürünü bildirib. O, Macarıstan simfonik və kamera orkestrləri, görkəmli ifaçıları ilə Nyu-Yorkun “Karnegi hall” zalında, Sankt-Peterburqun Mariinski Teatrında konsertləri, Budapeştdə ”Klassz a Parton” festivalı, 2019-cu ildə Akademik Opera və Balet teatrının simfonik orkestri ilə tanınmış macar pianoçusu Tamaş Erdi ilə bərabər “Nərgiz Fondu”nun dəstəyi ilə gerçəkləşmiş xeyriyyə konserti ilə bağlı xatirələrini bölüşüb.

Təqdimatdan sonra Azərbaycanın tanınmış sənətkarları təbriklərə qoşularaq öz çıxışları ilə mərasimə rəng qatıblar.

Azvision.az



Teqlər: ƏyyubQuliyev  





Xəbər lenti