Smartfondan necə qorunmaq olar - MƏSLƏHƏT

Smartfondan necə qorunmaq olar - MƏSLƏHƏT
  11 Fevral 2014    Oxunub:4968
Telefon müasir insan üçün yəqin ki, ən yaxın dostdur. İkinci elə bil əşya yoxdur ki, mobil telefon qədər üstümüzdə gəzdirək.
O bizim üçün hər şeydir: əlaqə vasitəsi, kamera, kompüter, diktofon, saat zəngi, pleyer, televizor.

Buna görə də gündəlik üzərində gəzdirdiyin qurğu ilə rəftarı bilmək lazımdır. Telefonun yuxarıda sadalanan müsbət keyfiyyətləri ilə yanaşı “qaranlıq tərəfləri” də var. Hər gün internetdə növbəti mobil telefonun yanması yaxud partlaması ilə bağlı xəbərlər gəlməkdə davam edir. Bu hadisələr zamanı hətta ölüm halları da qeydə alınıb.

Nümunə üçün uzağa getmək lazım deyil: bu yaxınlarda 14 yaşlı amerikalı məktəbli iPhone 5c-in qəfil alovlanması nəticəsində ikinci dərəcəli yanıq xəsarətləri alıb. Hadisə smartfon onun cibində olarkən baş verib. Ötən gün isə Apple smartfonu istifadəçilərindən biri şirkətə müraciət edərək qurğunun akkumulyatorunun şişərək şar forması aldığından şikayətlənmişdi.

Adi istifadəçi başına bu faktlarının gəlməməsi üçün müəyyən təhlükəsizlik addımları atmalıdır. Smartfonun nasaz olmaması üçün aşağıdakı məsləhətlərə riayət etmək lazımıdr.

1. Temperatur

İstənilən akkumulyatorun əsas düşməni temperatur sayılır. Bu təkcə telefonda olan batareyalara aid deyil. Günəş şüaları altında qızan telefonu ələ götürməmək məsləhətdir. Əgər siz qızmar Günəş altında dayanan maşında öz mobil telefonunuzu qoyub getmisinizsə, onda əmin ola bilərsizin ki, onun istifadə müddətini qısaltmısınız. Heç bir halda belə etmək olmaz. Lakin iş-işdən keçibsə və telefon maşının salonunda qızıbsa, ilk olaraq maşını soyudun (məsələn, kölgəlik yerə gətirin) və yalnız bundan sonra smartfonu əlinizə götürün. Onun soyuması üçün bir qədər gözləyin.

Soyuq isə smartfonun akkumulyatoruna isti qədər mənfi təsir göstərmir. Lakin bu halda da telefonun xarab olması halları baş verə bilər. İlk növbədə istifadəçi telefonu kəskin temperatur dəyişikliklərindən qorumalıdır. Yeri gəlmişkən, məhz temperatur telefonun akkumulyatorunun enerjisinin daha tez tükənməsinə səbəb olur.

İş vaxtı akkumulyatorun həddən artıq işləməsi də ona zərər verən amillərdəndir. Smartfonda olan çoxsaylı əlavələr prosessorun tam gücü ilə işləməsinə və qızamsına yol açır. Öz növbəsində bundan akkumulyator da qızır. Ona görə, məsləhət görülür ki, ardıcıl yarım saatdan artıq oyun oynamaq məsləhət deyil. Güclü qızam varsa, telefona bir qədər istirahət vermək lazımdır.

2. Enerji

Smartfonun enerji toplamasına da xüsusi diqqət yetirmək lazımdır. Əgər xüsusi ehtiyac olmazsa, enerji toplama anında nə oyun oynayın, nə də ki, zəng etməyin. Əgər akkumulyatorun enerji toplaması prosesi gedirsə, eyni vaxtda “ağır” oyun oynamaqla siz smartfonu əlavə təhlükəyə sövq edirsiz. Bundan başqa, original enerji toplama cihazlarından istifadə etmək də önəmlidir.

3.Fiziki deformasiya

Akkumulyarotla bağlı əhəmiyyətli faktlardan biri isə onun deformasiya olmasıdır. Heç bir halda smartfonu (xüsusən nazik olanları) arxa cibdə gəzdirmək olmaz. Arxa cibdə o asanlıqla deformasiyaya uğrayır və akkumulyator yanır. Bundan başqa, davamlı oyundan sonra qızmış smartfonu cibə qoymaqda məsləhət görülmür.

Qurğunu yerə salmaq da təbii ki, məsləhət deyil. Lakin əgər bu baş veribsə, dərhal smartfonu yenidən qoşmağa ehtiyac yoxdur. İlk növbədə ona vizual baxımdan nəzər salın. Ən yaxşısı isə telefonun arxasından akkumulyatoru çıxardın, yenidən salın və qoşun.

Belə görünür ki, smartfonun nasasızlıqlarından qorunmaq üçün qurğunun temperaturuna və bir neçə digər sadə prinsiplərə əməl etmək lazımdır. Düzdür, 90% hallarda smartfonun öz-özünə alışması istehsal prosesi zamanı yol verilən xətalarla əsaslanır. Məhz bu səbəbdən iri kompaniyalar bu mövzular barəsində mətbuatla ünsiyyətə az gedir.

Qeyd etməmək mümkün deyil ki, bütün öz-özünə alışma və partlayış halları smartfonlarda qeydə alınır. Nə kameralar, nə pleyerlər, nə də digər texnikalar bu halla qarşılaşmır. Bəs nə üçün? Hər şey sadədir. Əgər KİV-lərdə öz-özünə alışma ilə bağlı faktlara baxdıqda ayın olur ki, bütün bu smartfonlar məşhur şirkətlərin modelləri əsasında hazırlanıb. İstehsalçılar nəinki akkumulyatorların həcmini artırmağa çalışır, əksinə smartfonlarının daha zərif görünməsi üçün onları daha nazik etməyə çalışırlar. Kimsə, batareyanın qalınlığını texnologiya vasitəsilə azaltmağa, kimsə en və uzunluğunu artırmaqla onu daha nazik etməyə çalışırlar. Buna görə də sizin smartfonun çox nazik korpusa malik olması hələ hər şeyin yaxşı olması demək deyil.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti