Fransa Minsk qrupundan getmək istəyir? – TƏHLİL

Fransa Minsk qrupundan getmək istəyir? – TƏHLİL
  12 Fevral 2014    Oxunub:1551
Ermənistan-Avropa Birliyi parlamentlərarası əməkdaşlıq komitəsinin ötən həftə Strasburqda keçirilən iclasında Avropa Parlamentinin üzvləri Qarabağ məsələsində ermənilərlə razılığa gələ bilməyiblər və nəticədə birgə bəyanat qəbul olunmayıb. Ermənistan nümayəndə heyətinin üzvləri hesab edir ki, avropalıların sərt mövqe nümayiş etdirmələrinin əsas səbəbi Yerevanın Gömrük İttifaqına daxil olmasına razılıq verməsi ilə əlaqədardır.

Ermənistan-AB parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü, “İrs” partiyasının nümayəndəsi Tevan Poqosyan Azatütyun Radiosuna müsahibəsində bildirib ki, avropalı parlamentarilər hətta Ermənistanı birtərəfli qaydada güzəştlərə getməməkdə ittiham ediblər. Daha sonra o əlavə edib ki : “Onlar sanki Azərbaycan tərəfinin mövqeyini səsləndirirdilər – beş il ərzində heç bir irəliləyiş yoxdur, beş il ərzində siz özünüz heç nə etməmisiniz, heç bir birtərəfli güzəştlərə getməmisiniz və nəhayət vaxt gəliub çatıb ki, Avropa Birliyi Minsk qrupunun həmsədri kimi Fransanı əvəz etsin, ancaq Ermənistan razılaşmır”.

Bu bəyanatda diqqət çəkən əsas məqam ondan ibarətdir ki, avropalılar ermənilərə Minsk qrupunun həmsədri kimi, Avropa Brliyinin Fransanı əvəz etməsini təklif edirlər. Son dövrlər baş verən hadisələri nəzərə alarsaq, güman etmək olar ki, bu, Fransanın öz istəyi ilə baş verir. Belə ki, Fransa Səudiyyə Ərəbistanı ilə apardığı danışıqların nəticələrinə əsasən, bu ölkəyə böyük miqdarda silah satışını həyata keçirməlidir. Həmin silahın Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan müxalifətçilərə və Livanda “Hizbullah” təşkilatını zəiflətməyə çalışan qüvvələrə göndərilməsi planlaşdırılır.

Bu, Fransa üçün çox əlverişli saziş hesab oluna bilər. Lakin adıçəkilən sazişin icrası yaltız Türkiyənin razılığı və yardımı ilə baş tutması mümükündür. İranla münasibətlərini normallaşdıran Ankaranın Fransa ilə Əsədin marağına zidd olan sazişin icrasına razılıq verməsi lazımdır. Bunun üçün Ankaranın Parisə müəyyən şərtlər irəli sürməsi və bu şərtlər arasında Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində Azərbaycanın maraqlarına uyğun fəaliyyət qurması irəli sürülə bilər.

Eyni zamanda, bu yaxınlarda Azərbaycan müdafiə nazirinin Fransaya səfər etməsi, həmçinin, Fransa prezidenti Fransua Ollandın Bakıya səfərinin planlaşdırılması da bu məsələ ilə əlaqədar ola bilər. Azərbaycan regionun ən böyük silah idxalçısıdır və Paris belə müştərini əldən çıxarmaq istəmir. Təbii ki, Azərbaycan da Fransadan silah almağın müqabilində bu ölkənin siyasi təsir imkanlarından faydalanmaq istəyəcək.

Aydındır ki, Paris bu məsələdə birtərəfli qaydada Azərbaycan yönümlü mövqe tuta bilməz. Buna fransadakı çoxsaylı erməni diasporu imkan verməz. Odur ki, Avropa Birliyinin Fransanı Minsk qrupunda əvəz etməsi həm Azərbaycan həm də Fransa üçün məqsədəuyğun hesab oluna bilər. Fransa Avropa Birliyinin üzvlərindən biri kimi taleyüklü məsələrdə bitərəf qalmaqla erməni diasporuna “sadiqliyini” nümayiş etdirə bilər. Bu təbii ki, Avropanın enerji təhlükəsizliyinin təminatçısı olan Azərbaycan üçün öz maraqlarına cavab verən qərarın qəbul olunmasına mane olmaz.

Qayıdaq ermənistanlı parlamentarilərlə avropalıların apardığı müzakirələrə. Ermənistan nümayəndələri və hətta nümayəndə heyətinin rəhbəri Samvel Fərmanyan bəyan edirlər ki, AB-nin Yerevana qarşı mövqeyinin sərtləşməsi onların Gömrük İttifaqına daxil olmalarına razılıq vermələri ilə əlaqədardır. Ermənistan tərəfi birgə bəyanata ona görə qoşulmayıb ki, həmin bəyanatda Qarabağ probleminin güc tətbiq etməmə, millətlərin öz müqəddəratını həll etmə və ərazi bütövlüyü prinsiplərinə uyğun həll etməli olması kimi tələblər yer almayıb. Ermənistan nümayəndə heyətinin üzvləri öz rəhbərləri Samvel Farmanyanın üzvlərlə məsləhətləşmədən Rusiyanın təsiri ilə bəyanata imza atmamaq qərarını verdiyini bildirirlər.

Qeyd edək ki, həmin üç prinsip Helsinki yekun aktında yer alır və heç də Azərbaycanın mövqeynə zidd deyil. Əksinə Azərbaycan məhz həmin prinsiplərə uyğun problemin həllinin tərəfdarıdır. Yəni, münaqişə ərazi bütövlüyü təmin edilməklə millətlərin öz müqəddəratını təyin etməsi ilə müharibəsiz həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Qarabağ icması isə ərazi bütövlüyü çərçivəsində istədikləri müqəddəratı seçə bilərlər.

Ermənilərin məhz bu bəndin əlavə olunmamasına görə bəyanata imza atmamaları absurd görünür. Güman ki, ermənilər Rusiyanın təsiri altında bilərəkdən Avropa ilə münasibətləri gərginləşdirirlər. Avropanın Ermənistana qarşı mövqeyinin pisləşməsi Rusiyanın maraqları naminədir. Yerevanın kömək və dəstək üçün Moskvaya olan ehtiyacı daha da artacaq. Eyni zamanda, Avropaya nümayış etdirilir ki, artıq Ermənistanın onların dəstəyinə ehtiyacı yoxdur.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti