Koronavirusa qarşı vaksin hazırlayan alim qətlə yetirildi

 Koronavirusa qarşı vaksin hazırlayan alim qətlə yetirildi
  22 Dekabr 2020    Oxunub:3164
Rusiyanın məşhur bioloqu Aleksandr Kaqanski qətlə yetirilib.

Azvision.az xəbər verir ki, bu barədə Lenta.ru saytı məlumat yayıb. Kaqanskinin Sankt-Peterburqda qaldığı mənzildə öldürüldüyü deyilir.
Dünya şöhrətli alimlərdən sayılan Kaqanski son aylar Edinburq Universitetində koronavirus əleyhinə vaksinin hazırlanmasında iştirak edib.

Jurnalistlərin əldə etdiyi məlumata görə, rusiyalı elm adamı Böyük Britaniyadan yenicə qayıdıb və o, şəhərə valideynlərinin məzarını ziyarət etmək məqsədilə gəlib. Alim Sankt-Peterburqda qətl hadisəsinin baş verdiyi evdə sinif yoldaşları ilə görüşüb.

İddia edilir ki, konflikt məhz buradan başlayıb. İki gün əvvəl bir qadın polisə zəng edərək 14-cü mərtəbədən kiminsə özünü yerə atdığını deyib. Polislər həmin şəxsin tanınmış alim olduğunu müəyyən ediblər və onun bədənində zorakılıq izləri aşkarlanıb.

Qeyd edək ki, 45 yaşlı Aleksandr Kaqanski dünyanın tanınmış bioloqlarından idi. O, onkogenetika, xərçəng xəstəliyinin araşdırılması ilə məşğul olub. Rusiyalı alim uzun müddət Peterburq, Vladivostok, Vaşinqton və Edinburqda yerləşən universitetlərdə çalışıb. Kaqanski, həmçinin biomüxtəlifliyin öyrənilməsi və qorunması üzrə beynəlxalq hərəkatın ideya müəlliflərindən biri olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Vaksin   Alim   Qətl  



Xəbər lenti