Azərbaycanın tarixi qələbəsi Yaponiya mətbuatında

Azərbaycanın tarixi qələbəsi Yaponiya mətbuatında
  22 Dekabr 2020    Oxunub:1362
Yaponiyanın milyonlarla tirajla yayımlanan nüfuzlu “Yomiuri shimbun” qəzetində Azərbaycanın Qarabağ uğrunda döyüşlərdə tarixi Qələbəsi barədə məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, qəzetin Rusiya üzrə müxbiri Taketo Kudonun müəllifi olduğu məqalədə çox qısa müddətdə qələbənin qazanılmasına Azərbaycan Ordusunun müasir hərbi-texniki təchizatının mühüm rol oynamasından bəhs edilib. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalçılarından təmizlənməsində, Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsində Azərbaycan Ordusunun pilotsuz uçan aparatlardan (PUA) bacarıqla istifadə olunması taktikası bütün dünyanın diqqətini özünə cəlb edib.

Müəllif sentyabrın sonlarında başlayan və cəmi 44 gün davam edən döyüşlərdə Azərbaycanın zəfərini tarixi qələbə adlandırıb. Müharibə nəticəsində Azərbaycan Ermənistan ordusunun təqribən 30 ilə yaxın işğal altında saxladığı tarixi ərazilərini geri qaytarmağa müvəffəq olub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələrinin dövlət başçılarının dekabrın 18-də onlayn formatda keçirilən sammitindəki nitqindən sitat da gətirilib: “Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı”.

Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də ətraflı məlumat verilir. Qeyd olunur ki, ötən əsrin 90-cı illərində keçmiş Sovet İttifaqında yaranmış xaosdan yararlanan və xarici havadarlarına arxalanan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. ATƏT-in ABŞ, Rusiya və Fransadan olan həmsədrlərin rəhbərlik etdiyi Minsk qrupu çərçivəsində problemin sülh yolu ilə halli istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyib. Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq əks-hücuma küçən Azərbaycan Ordusu çox qısa bir müddətdə böyük rəşadət və qəhrəmanlıq göstərərək əraziləri işğaldan azad edib.

Azvision.az


Teqlər: Yaponiya   Azərbaycan  





Xəbər lenti