Zelenskinin məktubunda deyilir: “Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur. Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm. Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir. Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım. Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a bildirib ki, Vladimir Zelenski Azərbaycanla əlaqələrə xüsusi önəm verir və Prezident İlham Əliyevin Ukraynaya səfər etməsini istəyir. Yəni bu səfərin aktuallığı böyükdür:
“Birincisi, Vladimir Zelenski Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana rəsmi səfər edərək Prezident İlham Əliyevlə görüşüb. O, Ermənistana səfər etməyib və bu İrəvanda narazılıqla qarşılanıb. İkincisi, Ukrayna Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədə Azərbaycanı dəstəklədi, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladı. Üçüncüsü, Ukrayna Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirir. Bu da Azərbaycan üçün vacib amillərdən biridir. Başqa bir amil Ukraynanın bəzi şirkətləri işğaldan azad olunmuş Azərbaycan rayonlarının bərpasında, infrastruktur çalışmalarında, o cümlədən yeraltı yataqlarının istismarında iştirak etmək istəyirlər.
Və nəhayət beşinci amil, Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər etməklə xarici siyasətdə balansa üstünlük verəcəyini göstərəcək. Azərbaycanla Rusiyanın normal tərəfdaşlıq münasibətləri olsa da, İlham Əliyev Kiyevə rəsmi səfər etməklə Ukrayna ilə strateji tərəfdaşlığa da önəm verəcəyini nümayiş etdirəcək”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


