Qələbəni “Can Azərbaycan” oxuyaraq qeyd edən bayraqlı adam - VİDEO+FOTOLAR

Qələbəni “Can Azərbaycan” oxuyaraq qeyd edən bayraqlı adam -  VİDEO+FOTOLAR
  26 Dekabr 2020    Oxunub:16562
Noyabrın 8-də Şuşanın erməni işğalından azad olunmasını, ardınca 10 noyabr tarixi qələbə xəbərini Bakıda sevinc yürüşü ilə qeyd edənlərdən biri də Ağababa İsgəndərov idi. İkinci Dünya müharibəsinin iştirakçısı olmuş 94 yaşlı paytaxt sakini əlində şanlı bayrağımızı qaldıraraq “Can Azərbaycan” oxuyub küçələri dolaşırdı. Onun yerə-göyə sığmayan sevinci görənlərin diqqətini çəkirdi.
Azvision.az -ın əməkdaşı sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olan Ağababa İsgəndərovla görüşərək onunla həmsöhbət olublar.



Gəlin, 94 yaşlı veteran döyüşçünü yaxından tanıyaq!

Müsahibimiz 1926-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Dağ kəndində anadan olub. 1944-cü ildə 18 yaşı olarkən İkinci Dünya müharibəsində iştirak edib.

“Leninqradda artilleriya məktəbində oxumuşdum, 416-cı Taqanroq diviziyasının tərkibində serjant rütbəsində döyüşürdüm. Almaniyada metro kimi yeraltı tunel var idi. Sovet əsgərləri ora girib, müharibəni davam etdirirdilər. Reyxstaqa çatmağımıza artıq çox az qalmışdı. May ayının 2-də ayağımdan yaralandım, məni 134 nömrəli hospitala yerləşdirdilər. Mənə Bakıdan olan baş həkim baxırdı. Bir il altı ay hospitalda yatdım. Ağır yaralı idim. 1947-ci ildə sağalandan sonra Vətənə geri dönə bildim. Ölkə başçısı İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin məni medalla təltif ediblər”, - deyə o bildirib.



10 övlad, 30-a yaxın nəvə sahibi olan Ağbaba kişinin sözlərinə görə, Şuşa azad olunan gün sevincindən yata bilməyib.

“Həmişə arzulayırdım ki, sovetin bayrağını Almaniyada sancdığım kimi Azərbaycan bayrağını da Xankəndində, Şuşada özüm dalğalandıram. Qarabağın azad olunduğunu bu yaşımda görmək mənə nəsib oldu. Şuşa geri alınanda əlimdə bayraqla bütün küçələri oxuya-oxuya gəzdim. Xoşbəxtlikdən özümə yer tapmırdım. Allah qismət etsə, Kəlbəcərə gedib, İstisuda çiməcəyəm. Qarabağı qarış-qarış gəzəcəyəm. Ölkə başçımız sağ olsun, Ordumuz var olsun. Onların mən qadasını alım. Qeyrətlə, namusla torpaqlarımızı geri aldılar. Artileriyada işləmişəm. Döyüşlərin getdiyi günlər ürəyim coşurdu. Deyirdim, yaşım imkan versəydi, mən də qatılardım, ermənilərin başını dəmir yumruqla əzərdim. 3 oğlum Birinci Qarabağ müharibəsində iştirak edib, ikisi qazidir. Bu müharibə ilə Azərbaycanın adı tarixə yazıldı. Qarabağın Azərbaycan olduğu bir daha sübut edildi”.

Ağababa İsgəndərovun indi ən böyük arzusu işğaldan azad edilən torpaqlara getməkdir. O, tezliklə bu arzusuna çatacağına inanır və həmin günü səbrsizliklə gözləyir.













Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qələbə   Qarabağ   Bayraq  





Xəbər lenti