Qarabağ müharibəsində vuruşmuş ukraynalı hərbçinin evi təmir edildi - FOTO

  Qarabağ müharibəsində vuruşmuş ukraynalı hərbçinin evi təmir edildi -    FOTO
  26 Dekabr 2020    Oxunub:3130
Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryovun Kiyevdəki mənzili əsaslı təmir edilib.
Onun mənzilində keçirilən görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev ölkə rəhbərliyinin qayğısı ilə Aleksey Şvaryovun evinin təmirinə maliyyə köməkliyinin hazırda Azərbaycan və Ukraynada yaşayan, Birinci Qarabağ müharibəsində onunla birgə hərbi xidmətdə olmuş azərbaycanlılar tərəfindən göstərildiyini deyib.

Azərbaycan hərbçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan İ.Ağayev bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevin dəstəyi ilə Ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.



AzərTAc-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev qeyd edib ki, ölkəmizin iqtisadi potensialı gücləndikcə Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ardıcıl və mühüm işlər görülür, ordu quruculuğu sahəsində tədbirlər uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Qələbəmiz bir daha onu sübut etdi ki, Azərbaycan dünyada güclü orduya malik olan ölkələr sırasındadır.



Göstərdikləri qayğı və diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirin Şvaryov bildirib ki, 44 günlük müharibədə Azərbaycan Ordusunun Qələbəsinin sevincini yaşamaqdadır. “Mən həmişə bu qələbəyə inanırdım. Çünki Azərbaycan Ordusunun necə gücləndiyini, müasir silahlara yiyələnməsinin şahidi olurdum. Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Orduda yüksək ruh mövcuddur və Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra edə bilər”, - deyə ukraynalı hərbçi əlavə edib.



A.Şvaryov Heydər Əliyev Fondunun ona daimi qayğısını da hiss etdiyini vurğulayıb. Sonda Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşe aparatı və səfirliyimiz tərəfindən A.Şvaryova elektrik və məişət avadanlıqları hədiyyə olunub.

Qeyd edək ki, A.Şvaryov Birinci Qarabağ müharibəsində Ağdamda, Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt onun helikopteri vurulub. O, həmin vaxt ermənilərin əlinə keçib. Lakin Ağdam batalyonu Şvaryovu əsirlikdən xilas edə bilib. Şvaryov sonradan Azərbaycanda Pilotların Tədris Mərkəzinin yaradılmasında yaxından iştirak edib.

Azvision.az


Teqlər: Qarabağ   Ukrayna  





Xəbər lenti