“Makron ermənilərə qoşulub Paşinyanı devirmək istəyir” - Politoloq

“Makron ermənilərə qoşulub Paşinyanı devirmək istəyir” -  Politoloq
  28 Dekabr 2020    Oxunub:4868
Fransa prezidenti Emmanuel Makronun erməni icması ilə nahar zamanı səsləndirdiyi fikirlər Ermənistan mətbuatında geniş müzakirəyə səbəb olub.

Məlumat üçün bildirək ki, baş nazir Nikol Paşinyanın kapitulyasiyaya qol çəkməsindən bir neçə gün sonra Fransa prezidenti erməni icmasının nümayəndələri ilə görüşüb. Makron görüş zamanı erməni baş nazirin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib.
O, müharibə dövründə dəfələrlə Nikolla əlaqə saxladığını, hətta öz dəstəyini təklif etdiyini, SMS-lər yazdığını etiraf edib. Fransanın rəhbəri deyib ki, doğrudur, Paşinyan ona dərhal cavab verirmiş, lakin heç vaxt öz təşəbbüsü ilə əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makron bir məsələdən də təəccübləndiyini gizlətməyib. Bu da Paşinyanın nə noyabrın 10-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamaması, ona belə bir sənədi qəbul etdirdiklərini bildirməməsidir.



Politoloq Qabil Hüseynli məsələ ilə bağlı Azvision.az-a deyib ki, Fransa kimi böyük bir ölkənin rəhbərinin bu cür anormal fikirlər səsləndirməsi təəssüf hissi doğurur. Onun sözlərinə görə, Makron bir çox siyasi məsələlərdə Nikol Paşinyandan heç də geri qalmır.

“Fransadakı “erməni naharı” Ermənistanın müharibədə ağır məğlubiyyətə düçar olub kapitulyasiya aktını razılaşmasından sonra baş tutub. Erməni icması ilə aparılan söhbətlərin detalları indi üzə çıxır. Makronun Fransa ermənilərinin qarşısında söylədiyi məlum fikirlər, belə bir ciddi məsələni icmayla müzakirə etməsi onu göstərir ki, bu adamın özü də adekvat deyil. Yəni baxmayaraq ki, böyük ölkəyə rəhbərlik edir, o əməlləri ilə Ermənistanın səbatsız baş nazirindən geri qalmadığını göstərdi.

Üstəlik Makron 10 noyabr bəyannaməsi haqqında əvvəlcədən məlumatlandırılmamasından gileylənib. Bunun özü Fransız liderin anormallığından xəbər verir. Təsəvvür edin ki, regionda loru dildə desək, qan su yerinə axır, artıq erməni cəmiyyətinin gələcək taleyi müzakirə olunur və bəlkə də heç həmin adamın səninlə danışmaq üçün imkanları da olmayıb, sən isə özünə diqqət, məruzə tələb edirsən”.



Politoloq deyib ki, Makron sadəcə Cənubi Qafqazda öz maraqları uğrunda mübarizə aparır: “Xüsusilə də burada əsas maraqlarını təmin edən Rusiya kimi ölkə qılıncını çıxarıb hazır dayandığı bir vaxtda Paşinyan hər detalı Makrona necə ətraflı müzakirə edə bilərdi axı? Əvvəlcədən proseslər barədə səni nə cür məlumatlandıracaqdı? Ümumiyyətlə, Makron həmin günlərdə müharibənin hansı mərhələyə qədəm qoyduğunu, İrəvandakıların başlarını itirib necə diz çökdükləri görmürdümü? Fransa prezidentinin söylədiklərinin 90 faizi yalan üzərində qurulub. Bir daha deyirəm ki, noyabrın 10-da Ermənistan baş nazirini bəlkə də hansısa bunkerdən güclə tapıb, məlum sənədə qol çəkdirə biliblər. Nikol belə bir ağır situasiyada aləmə car çəkməli idi ki, Makron cənabları, mən filan yerdəyəm və bu cür sənəd hazırlanır? Yəni Paşinyanın həmin günlərdə hansı durumda olduğuna baxaq: imzalanma mərasimi, kapitulyasiya ərəfəsində yaranmış vəziyyət və bütövlükdə sənədə imza atmaqdan yayınmağa cəhdlərin göstərilməsini, öz komandasında belə kapitulyasiyaya etiraz edənlərin çoxalması... Baxın, bu cür qeyri-adi və gərgin situasiyada öz dövlətinin taleyini qoyub, Makronun nazını çəkəcəkdi? Bir də ki, guya Makron həmin gün ona nə yardım edə biləcəkdi ki?

Bir sözlə, mən onun sonradan bu məsələni Paşinyanın şəxsiyyətinə şübhə ilə yanaşması kontekstinə daşıması və bəzi ermənilərin də bunu təsdiq etmələrini normal qiymətləndirmirəm. Bu, onu göstərir ki, artıq Makron bir dəstə qaragüruhçu erməniyə qoşulub Paşinyanı devirmək istəyir. Burada alçaqlıq və kəmfürsətlik elementləri ilə bölgədə müharibəni yenidən qızışdırmaq cəhdləri üst-üstə düşür. Məlum fikirlər Makronun özünün nə qədər qeyri-adekvat olduğunu Fransa kimi bir dövlətin başında durmağa layiq olmadığını bir daha əyani şəkildə göstərdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Makron   Paşinyan   Politoloq   Kapitulyasiya  





Xəbər lenti