5 mindən çox ölü, məğlub ordu, iqtisadi çöküş - Ermənistanın real mənzərəsi 11 faktda

 5 mindən çox ölü, məğlub ordu, iqtisadi çöküş -  Ermənistanın real mənzərəsi 11 faktda
  28 Dekabr 2020    Oxunub:2454
Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Arutyunyan baş nazir Nikol Paşinyan və komandasının 2,5 il ərzində hakimiyyətinin dəhşətli nəticələrini açıqlayıb.

Azvision.az xəbər verir ki, erməni ekspert “Facebook” səhifəsində 11 fakt açıqlayıb.
Onun sözlərinə görə, ötən müddət ərzində Ermənistan ərazisi 42 min kvadrat metrdən 25 min kvadrat metrə endirilib (daha əvvəl işğal olunmuş Azərbaycan əraziləri nəzərdə tutulur - red)

"Ermənistan ordusu məğlub, dağılmış və döyüş qabiliyyəti olmayan orduya çevrilib. Müharibədə təxminən 5 min adam ölüb, 10 min nəfər yaralanıb, təxminən 2 min nəfər itkin, 300 nəfər əsir düşüb (müharibədən iki ay keçdi və bu günə qədər konkret rəqəmlər açıqlanmadı-red). Minlərlə ailə başçısını itirib.

Ölkə iqtisadi çöküş yaşayır, investisiyalar sıfır həddindədir, xarici borc 8 milyard dollara çatıb, ÜDM 7,5 faiz azalıb. Yoxsulluq artıb, alıcılıq qabiliyyəti, gəlir azalır. Ən böyük qızıl yatağı, enerji ehtiyatlarının 15% -i, kənd təsərrüfatına yararlı torpaqların təxminən 10% -i itirilib.

Arutyunyan hesab edir ki, hakimiyyət pandemiyaya qarşı mübarizədə iflasa uğradı, virusdan 3 minə yaxın ölüm var, yayılma sürəti və ölüm sayı baxımından Ermənistan dünyada ən pis göstəricilərdən birinə sahibdir.

Təhsil sistemi, polis, Milli Təhlükəsizlik Xidməti, məhkəmə sistemi dağıdılıb. Parlament anlaşılmaz xarakterlərlə doludur, qanunvericilik təşəbbüsləri olduqca aşağı səviyyədədir".

Erməni ekspert düşünür ki, ölkəsi beynəlxalq arenada subyektivliyini itirib və beynəlxalq münasibətlərin siyasi xəritəsindən yoxa çıxıb. Yaxşı və sadəcə neytral əlaqələrin olduğu müttəfiq ölkələr itirilib.

"Hakimiyyətdə qalmağa çalışan Nikol Ermənistan naminə hələ nəyi etməyə imkan tapmayıb? İnsanları bundan sonra nə gözləyir?", - deyə erməni ekspert sual edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti