“Regiondakı bütün iqtisadi əlaqələr bərpa olunacaq”
Nazir xatırladıb ki, Azərbaycan öz suveren ərazisində hərəkət edib və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb.
“Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə edib. Hücumların miqyası və ardıcıllığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedişatında verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığını və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut edib.
Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə gedərkən mədəni mülkiyyət də daxil olmaqla, bu ərazilərin nə dərəcədə dağıdıldığının bir daha şahidi olduq. Məsələn, işğala qədər on minlərlə azərbaycanlının yaşadığı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində demək olar ki, bütün bina və infrastruktur yerlə yeksan edilib. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr tarixli birgə bəyanatına uyğun olaraq, Ermənistanın tərk etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarında da vəziyyət fərqli deyil. Həmin əraziləri tərk edən erməni hərbçiləri və burada məskunlaşmış şəxslər bu rayonlardan qovulmuş azərbaycanlı əhalisinə məxsus evləri, məktəbləri və digər ictimai infrastrukturu qəsdən və heç bir fərq qoymadan dağıdıblar. Meşələr yandırılıb, ətraf mühitə bərpaolunmayan zərər vurulub. Dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyətə cəlb edilməlidir.
Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaradıb. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər”, - deyə XİN başçısı çıxışında qeyd edib.
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


