Braziliya telekanalında tarixi qələbəmizdən danışıldı

Braziliya telekanalında tarixi qələbəmizdən danışıldı
  29 Dekabr 2020    Oxunub:1060
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin “Rede TV” telekanalının “Por Brasilia” proqramına 2020-ci ilin yekunlarına həsr edilmiş müsahibə verib.
Ölkəmizin Braziliyadakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, müsahibədə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun İkinci Qarabağ müharibəsində zəfər çalması faktına xüsusi yer verilib. Bildirilib ki, 44 günlük müharibə ölkəmizin sərhədlərinin bərpası, haqq-ədalətin bərqərar olması və Ermənistan rəhbərliyinin faşist siyasətinin məğlubiyyətə uğraması ilə başa çatıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin tapşırığı əsasında bərpa işləri artıq başlayıb. Bu işlərə Azərbaycana dost olan ölkələr cəlb olunur və bu səpkidə braziliyalı iş adamları üçün yeni imkanlar açılır.

E.Poluxov Azərbaycan-Braziliya münasibətlərindən danışaraq, ölkəmizin iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, bu sahədə mövcud potensialın tam istifadə edilmədiyini bildirib və bunun üçün hər iki ölkənin dövlət orqanlarının işinin fəallaşdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, pandemiya dövrünün yaratdığı məhdudiyyətlərə baxmayaraq, ikitərəfli münasibətlər və xüsusilə ölkələrarası parlament əlaqələri inkişaf etdirilib, il ərzində Azərbaycan-Braziliya parlamentlərarası işçi qrupunun iki virtual görüşü keçirilib. Bununla yanaşı, səfirlik tərəfindən il ərzində bir sıra mədəni, humanitar, elmi və sosialyönümlü layihələrin həyata keçirilməsi ilə bağlı məlumat verilib.

Azvision.az


Teqlər: Braziliya   Qələbə  





Xəbər lenti