“Ordumuz hər bir təxribatın qarşısını almağa hazırdır”

“Ordumuz hər bir təxribatın qarşısını almağa hazırdır”
  29 Dekabr 2020    Oxunub:3969
“İstənilən müharibədə azad olunmuş ərazilərdə “qalıqlar” qalır və onların təmizlənməsi vaxt aparır. Azərbaycan dövləti isə hazırda işğaldan azad edilən yerlərdə ilkin infrastrukturun bərpası istiqamətində lazım olan bütün addımları atır”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. O bildirib ki, 30 ilə yaxın bir dövr ərzində erməni tərəfi işğal altında saxladığı şəhər və kəndlərimizdə gizlənmək üçün müxtəlif şəraitlər yaradıblar. Hadisələrin gedişatı, ermənilərin barbar və vandal hərəkətlərinin miqyası göstərir ki, onlar torpaqlarımızı geri qaytarmaq niyyətindən çox-çox uzaq olublar. Tikdikləri istehkamlar da bunun bariz nümunəsidir:

“İşğaldan azad edilən bəzi yerlər, yüksəkliklər var ki, hərbçilərimiz ora müvəqqəti köçürülüblər, həmin ərazilərdə qısa zamanda yüksək səviyyəli infrastruktur işləri görmək çətin məsələdir. Qısa müddətdən sonra həmin hərbi mövqelərdə müəyyən dəyişikliklər olacaq. Ona görə də insanlarımız orduya bağlı müəyyən məsələlərlə bağlı bir qədər səbirli olmalı, bəzi hərbi məsələlərə həssas yanaşmalıdırlar. Əsas odur ki, dövlət gərəkən bütün addımları atmağa çalışır. Şəraitin yaxşılaşdırılması, infrastrukturun qurulması istiqamətində ciddi addımlar atılır və zamanla bütün işlər öz qaydasına düşəcək. O ki qaldı Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücum etməsinə, bu, Azərbaycana qarşı olan yeni təxribatları, hücum əməliyyatı deyil. İşğalçıların vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Yaranmış vəziyyətə görə məsuliyyət isə təbii ki, tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir”.

Deputatın fikrimcə, bu mənada Ermənistan hökuməti vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib. Çünki Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində ermənilərin bu cəhdinin qarşısı uğurlu şəkildə alınıb:

“Görülən operativ tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edildi. Təbii ki bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən daha qəti tədbirlər görüləcək və digər lazımı addımlar da atılacaq. Burada bəlli bir həqiqət var. Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib. Bu, heç kimin hərbi-siyasi dəstəyi olmadan, şanlı Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında baş verdi. Bu gün Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdədir. Bu ölkədə artıq neçə aydır ki, Paşinyanı satqın və xainlikdə ittiham edirlər, guya o torpaqları satıbmış... Bunlar hamısı əsassız ittihamlardır. Ali Baş Komandanımızın söylədiyi kimi, Azərbaycan Ordusu Koçaryan və Sarkisyanın yaratdığı ordunu məhv edib. Bu ən mühüm məsələdir və hakimiyyətdə kim olursa olsun, onsuz da ordumuz qarşısında məğlubiyyəti qaçılmaz olacaqdı.

Yəni Ermənistanın diz çökməsi labüd idi. Çünki Azərbaycan dövləti Ermənistana münasibətdə taqətdənsalma taktikasını həyata keçirərək, hər gün güclənir, möhkəmlənirdi. Bu bütün parametrlər üzrə baş verirdi. Ona görə də, sadaladığım bu reallıqlar fonunda Ermənistanın təxribat törədərək azərbaycanlıların Şuşaya, Xankəndinə, Xocalıya qayıtması planına qarşı çıxmaq cəhdi mənasızdır. Çünki Azərbaycan döyüş meydanında kimin kim olduğunu göstərdi. Bu məsələdə xarici qüvvələrin və beynəlxalq təşkilatların da üzərinə böyük yük düşür. İkili münasibətlərə artıq konkret olaraq son qoyulmalıdır. Ermənistan ciddi şəkildə cəzalandırılmalıdır. Çünki bu dövlət heç bir zaman beynəlxalq hüquqa əməl etmir. Lakin Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İşğalçı   Ermənistan   Azərbaycan-Ordusu  






Xəbər lenti