Azərbaycan PUA-sı Xanlıqda düşməni necə məhv edib - DETALLAR

Azərbaycan PUA-sı Xanlıqda düşməni necə məhv edib -  DETALLAR
  31 Dekabr 2020    Oxunub:5286
İkinci Qarabağ müharibəsi yekunlaşsa da, məğlub Ermənistanda hələ də günahkarlar axtarılır, hərbçilərə qarşı cinayət işləri açılır.
Azvision.az -ın məlumatına görə, erməni KİV-ləri növbəti dəfə bu mövzuya toxunaraq diqqətçəkən yazı dərc ediblər.

İddia olunur ki, bəzi yüksək rütbəli hərbçilərə qarşı müəmmalı şəkildə cinayət işləri açılıb.

Məlumata görə, oktyabrın 9-da Qubadlının Xanlıq kəndində Azərbaycan Ordusuna məxsus dronun səsini eşidəndə hərbi hissə komandirinin müavini hərbçilərə dərhal avtomobillərə minməyi əmr edib. Lakin onlar PUA-nın zərbəsindən yayına bilməyiblər. Nəticədə xeyli sayda erməni hərbçisi ölüb.

8 dekabrda vətəndaş X. (ad şərtidir-red) baş prokuror Artur Davtyana müraciət edərək deyib ki, Ermənistanda hərbi vəziyyət elan edildikdən sonra oğlu A.O.-nun hərbi hissənin tərkibində Qarabağa aparıldığını öyrənib. O, hərbçiləri müşayiət edərək şəxsi avtomobili ilə oğlunun yanına gedirmiş.

Erməni şikayətçinin sözlərinə görə, məlum insidentin - Azərbaycan PUA-sının səsi eşidilən kimi komandirin verdiyi əmrin və sonrakı faciənin şahidi olub. Onun oğlu və digər hərbçilər havadan endirilən zərbədən hadisə yerində ölüblər.

Baş prokurorun təlimatı ilə məsələ dərhal nəzarətə götürülüb, Hərbi Prokurorluq vasitəsilə istintaq işi araşdırılmağa başlanıb və hadisə ilə əlaqədar 21 dekabrda cinayət işi açılıb.

İlkin istintaq zamanı hadisənin baş verməsinə dair dəlillər əldə edilib. Belə ki, oktyabrın 9-da mühəndis tağımı daxil olmaqla hərbi hissənin bütün heyətinin Qarabağın Horadiz bölgəsindəki Tili kəndinə köçürülməsi üçün yuxarı komandanlıqdan əmr gəlib. Qubadlının Xanlıq kəndində Ermənistan müdafiə nazirliyinin N saylı hərbi hissə komandirinin müavini, (döyüş hazırlığı üzrə müavin) polkovnik-leytenant A. V. S. şəxsi heyəti daşıyan “Ural” hərbi maşınında olan hərbçilərin ətrafa səpələndiyini görüb.

Polkovnik-leytenant komandanlığa zəng edərək hadisəni məruzə edib və hərbi kolonun dayandığını şəxsi heyətin Azərbaycan PUA-larına görə avtomobillərdən düşərək səpələndiyini deyib. O, havadan gələn səsi dinləyib və şəxsi heyətə avtomobilə minib yola davam etməyi əmr edib. Qeyd edib ki, dronlarla mübarizə onların deyil, hava hücumundan müdafiə qüvvələrinin problemidir.

Tağım komandiri əmrə tabe olub, hərbi hissənin 19 hərbçisi maşına minərək yola davam edib. Təxminən 5 dəqiqə sonra PUA avtomobili məhv edib. Nəticədə güclü yanğın və partlayış baş verib. Bir nəfər sağ qalıb, 18 hərbçi isə yerindəcə ölüb. Eyni zamanda “Ural” hərbi maşının qarşısında gedən mülki avtomobildə hərbi hissənin mühəndis xidmətinin rəisi və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əldə edilən dəlillər əsasında 29 dekabr 2020-ci il tarixdə müdafiə nazirliyinin N saylı hərbi hissə komandirinin döyüş hazırlığı üzrə müavini, polkovnik-leytenant A.-ya cinayət məcəlləsinin 375-ci maddəsinin dördüncü bəndi üzrə iş açılıb. O, cinayət əməli törətməkdə günahlandırılır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Dron   Xanlıq   Cinayət-işi  





Xəbər lenti