“Qarabağda məğlub olduq, ölkəmiz diz çökdü” - Erməni vəkil

   “Qarabağda məğlub olduq, ölkəmiz diz çökdü” -  Erməni vəkil
  31 Dekabr 2020    Oxunub:3434
Məşhur erməni vəkil Norayr Norikyan xalqa müraciət edib.
Azvision.az xəbər verir ki, o, 2020-ci ilin erməni xalqı üçün böyük uğursuzluqlarla sona çatdığını deyib, xaosdan çıxmağın yollarını göstərib:

“İl böyük uğursuzluqlar və əvəzolunmaz itkilərlə yekunlaşdı. Sanki xalqımız üçün əsl lənətlənmiş bir dövr idi. Koronavirus və onun fəsadları, insan itkilərimiz, Qarabağda uduzduğumuz müharibə, əldən verdiyimiz torpaqlar və minlərlə erməni hərbçinin öldürülməsi ölkəmizi diz çökdürdü, həqiqi bir fəlakətin astanasına daşıdı”.

Norikyan deyib ki, sözügedən reallıqlar dərin problemlərə - xüsusən də dövlət idarəetməsində qurulan sistemin mükəmməl olmamasına, strateji düşüncənin olmamasına, ağır iqtisadi vəziyyətə, geosiyasi hadisələrin səhv təhlilinə və ayıq başla qiymətləndirilməməsinə, Ermənistan dövlətinin xalqın potensialından səmərəsiz istifadəsinə, vədlərin yerinə yetirilməməsinə əsaslanır:

“Bütün bunlara baxmayaraq, başa düşməlisiniz ki, tamamilə parçalanmaq, depressiyada yaşamağa haqqımız yoxdur. Güclü olmaq üçün 2021-ci ildə yıxıldığımız yerdən ayağa qalxmağa başlamalıyıq. Buna görə də bizim ilk növbədə daxili həmrəylik və milli tolerantlığa ehtiyacımız var. Bu baxımdan 2021-ci il vətənimiz üçün dönüş nöqtəsi olmalıdır. Əvvəlcə dərinləşən siyasi böhranı həll etməliyik. Bunu həll etməyincə, ölkəmizdəki iqtisadi vəziyyətin yaxşılaşdırılması barədə danışmağın heç bir mənası yoxdur”.

Erməni vəkil daha sonra xalqa məsləhət olaraq çatdırıb ki, ölkəsi beynəlxalq nüfuzunu, müttəfiqlərini və dostlarını, onlarla normal ünsiyyət və iş birliyini bərpa etməlidir. O, Ermənistanın hələlik bundan sonra da gərginlik və qeyri-müəyyənlik içində olmağa davam edəcəyini proqnozlaşdırıb:

“Dövlətimizin ətrafındakı yaranmış qeyri-müəyyənlik mühitini dəyişdirə, Ermənistanda yaşamaq və yaratmaq, vətənimizi daha da yaxşılaşdırmaq istəyənlərə ümid və nikbinlik verməyi bacarmalıyıq. Əziz həmvətənlər! Son vaxtlar bir çox soydaşımız bizi daha fəal olmağa, bu vəziyyətdən çıxmaq üçün konkret proqramlar təqdim etməyə çağırdı. Yaxın gələcəkdə Ermənistanın inkişaf konsepsiyası ilə bağlı fikirlərimizi sizə təqdim edəcəyik. Lakin, indi deyə biləcəyim bir şey var. Bu vəziyyətdən çıxmalı, güclü və inkişaf etmiş bir dövlət yaratmalıyıq. Bura bizim son vətənimizdir. Orta sinif formalaşdırmaq, ədalətli bir cəmiyyət yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. İnsanları qanla qorxutmayın. Ölkəmizdən qan atmosferini çıxarmaq lazımdır. Müqayisə mübahisəli görünə bilər, amma 27 oktyabr 1999-cu ilədək və ya sonrakı dövr Ermənistanında yaşadığımız görünür. Xahiş edirəm, gəlin bu kabusdan birlikdə çıxaq, 2021-ə dövlətimizin gücünü dəyişdirəcəyimiz, ayağa qalxacağımız, ölkənin inkişafını təmin etmək üçün real şərait yaradacağımız ümidi ilə irəliləyək.

"Ədalətli Ermənistan" ictimai təşəbbüsü üçün hər hansı bir seçki ən yaxşı hökuməti seçmək, pis hakimiyyətdən qurtulmaq və daha yaxşı siyasi sistem qurmaq üçün yeganə qanuni fürsətdir. Mümkün erkən parlament seçkiləri ilə bağlı fikir ayrılıqlarını anlamıram. Nədən qorxursunuz? Qoy seçkilər keçirilsin, xalq kimin xain, kimin qəhrəman, kimin qalib, kimin məğlub olduğuna qərar versin, vətəndaşlarımız öz hökumətini seçsinlər. Və kimsə seçkiləri saxtalaşdırmağa çalışarsa, xalq həqiqətən də saxtakarları məhv edəcək. Fərqi yoxdur, bunu indikilər edəcək, ya yeni gələcək qüvvələr. Qısası, 2021-ci ildə bu itirilmiş hədəflərimizin və xəyallarımızın dirçəlmə ili, uğurlarımızın başlanğıc ili, dövlətimizin zədələnmiş ləyaqətinin bərpası ili, hər birimizin mənəviyyatının bərpası ili olsun”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-vəkil   Uğursuzluq   Müraciət   Qarabağ  





Xəbər lenti