Ermənilərin “yeni ordu” planları: Hərbi ekspert “mümkün deyil” deyir
Məsələni Azvision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistanda hansısa revanşizm ideyalarının peyda olması daxili auditoriyaya hesablanmış gedişlərdir. Azərbaycan ərazilərində erməni ordusunun qurulması isə qeyri-real məsələdir:
“Məlumdur ki, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi qarşı tərəfin kapitulyasiyası ilə yekunlaşdı. Nəticədə yalnız ərazi bütövlüyümüz bərpa olunmadı, həm də Ermənistan kifayət qədər ciddi sayda şəxsi heyət və texnika baxımından itkilərə məruz qaldı. Belə ağır məğlubiyyət və itkilərdən sonra hansısa qüvvələrin istər Qarabağ, istərsə də Ermənistan ərazisində revanşist əhval-ruhiyədə olması sadəcə daxili auditoriyanı sakitləşdirmək üçündür. Ona görə ki, Dağlıq Qarabağda qalan müəyyən silahlıların tərksilah edilməsi hələ də davam edir. Diqqət etsəniz, yayılan videolarda Qarabağda zirehli vasitələrin qalmasına dair bir dənə də olsun kadr gözə dəymir. İkinci bir tərəfdən orada olan silahlıların çıxarılması cənab Ali Baş Komandanın da qeyd etdiyi kimi Rusiya sülhməramlılarının vəzifələrindən biridir və bu vəzifənin yerinə yetirilməsi məcburidir”.
Ermənistanın aviasiyasının 30 faizinin, zirehli texnikalarının isə təxminən 100 faizinin məhv edildiyini deyən ekspert sıradan çıxarılan hərbi texnikaların sayına diqqət çəkib. Bunun nəzərdə tutulan saydan çox olduğunu vurğulayıb.
“Bu isə Ermənistanın texnikaların sayında beynəlxalq ictimaiyyəti aldatması anlamına gəlir. Radioelektron mübarizə vasitələri, radiolokasiya stansiyaları və hava hücumundan müdafiə sistemində itkilər ortalama olaraq 30 ilə 50 faiz arasında dəyişir. Belə ağır itkilərdən sonra Ermənistanın yaxın onilliklərdə özünü bərpa etməsi real görünmür. Bu ölkə özünə gəlmədiyi müddətdə isə digər hansısa qondarma quruma da bərpa proseslərində yardım etməsi mümkün deyil. Bunun iki əsas səbəbi var. İlk olaraq maddi cəhətdən Ermənistan yaxın on ildə buna qadir olmayacaq. İkincisi isə, artıq Qarabağ ərazilərinə silahlıların girməsi və yaxud ora hansısa qoşunun daşınması əldə olunan üçtərəfli bəyanatın şərtlərinə tam ziddir. Buna yol verilməsi isə Azərbaycanı mütləq qaydada adekvat tədbirlər görməyə vadar edə bilər. Bu faktı Ermənistanın hərbi-siyasi rəhbərliyi çox gözəl anlayır.
Bərpa olunan ərazilərimizə hazırda darmadağın vəziyyətə düşmüş erməni ordusu tərəfindən heç bir təhdid yoxdur. Lakin bu, o demək deyil ki, erməni ordusunun Azərbaycan ərazilərində tör-töküntüləri qalmayıb. Bəzən biz Qarabağ ərazilərində başıpozuq kiçik silahlı dəstələrin aşkarlanmasının şahidi oluruq. Onların bəzi müqavimət ocaqları təşkil edib ordumuza qarşı təxribat-diversiya fəaliyyətləri göstərmələri də mümkündür. Bu kimi halların əvvəlcədən aşkarlanıb, qarşısının alınması üçün ordu rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülür”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Qarabağ Təxribat Ordu Hərbi-ekspert







Vaxtında, Aydın, Lazımlı!


