Britaniyada bomba həyəcanı

  14 Fevral 2014    Oxunub : 384
Britaniyada bomba həyəcanı
Akisyaya görə, irlandiyalı separatçılar məsuliyyəti öz üzərinə götürüb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Böyük Britaniyanın Oksford, Slau və Brayton şəhərlərindəki hərbi çağırış məntəqələrinə göndərilən 7 partlayıcı qurğu zərərsizləşdirilib. Ötən iki gün ərzində isə Olderşot, Redinq və Çatem şəhərlərindəki hərbi çağırış məntəqələrində də bombalar aşkar olunmuşdu.

Qərb jurnalistlərinin məlumatına görə, britaniyalı əsgərlərə qarşı yönələn aksiyanın arxasında Şimali İrlandiyadakı sülh prosesini pozmaq istəyən İrlandiya Respublika Ordusu (İRO) dayanır.

Böyük Britaniyanın baş naziri Devid Kemeron hökumət yanında “Kobra” fövqəladə komitəsinin rəhbərliyi, xüsusi xidmət orqanlarının başçıları ilə birgə təcili iclas keçirib. Bombaların 2-sinin İrlandiyadan, qalan 5-nin isə Britaniyanın müxtəlif şəhərlərindən göndərildiyi məlum olub.

Xatırladaq ki, Şimali İrlandiyadakı katoliklər İrlandiya ilə birləşməyin, protestantlar isə Böyük Britaniya iləm ittifaqda qalmağa tərəfdardır. Bu əsnada katolik irlandların “İrlandiya Respublika Ordusu” qruplaşması britaniyalı hərbiçilərə qarşı silahlı hücumlar təşkil edir.

Vüqar Ismayılov

Teqlər: