Şöbə müdiri: “Pinqvin”dən istifadə qadağandır

  Şöbə müdiri:  “Pinqvin”dən istifadə qadağandır
  07 Yanvar 2021    Oxunub:1878
Qalınlığı 15 mikrona kimi olan torbalara qadağa yanvarın 1-dən qüvvəyə minib. Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar aiddir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Niyə belə torbaların qadağan edilməsinə gəlincə, şöbə müdiri bildirib ki, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir: "Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.

S.Məmmədovanın sözlərinə görə, əvvəllər plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azalmasında, alternativlərdən istifadə olunmasında maraqlıdırlar.

"Alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır. Müxtəlif çeşiddə hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Polietilen-torba   Qadağa  





Xəbər lenti