Millət vəkili onlara ölüm hökmü istədi
“Dünən Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. Bu vəhşiyə ömürlük həbsmi veriləcək? Milli Məclisdə qəti şəkildə qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə məsələ cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz. Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır”-deyə, F.Mustafa qeyd edib.
Qeyd edək ki, martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.