Ürəkləri ovsunlayan bəstəkarın doğum günüdür

Ürəkləri ovsunlayan bəstəkarın doğum günüdür
  10 Yanvar 2021    Oxunub:4288
Bu gün Xalq artisti, mərhum bəstəkar Elza ibrahimovanın doğum günüdür.
Azvision.az xəbər verir ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub.

Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilib və o, musiqi məktəbinə yazılıb.

1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.



Estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra 2012-ci ilin 11 fevralında 74 yaşında vəfat edib.

Azvision.az


Teqlər: Elzaİbrahimova  





Xəbər lenti