Qırğızıstanın yeni prezidenti: 3 ay əvvəl həbsdən çıxan Japarov kimdir? - DOSYE

 Qırğızıstanın yeni prezidenti:  3 ay əvvəl həbsdən çıxan Japarov kimdir? -  DOSYE
  11 Yanvar 2021    Oxunub:9826
Ötən gün Qırğızıstanda keçirilmiş növbədənkənar prezident seçkilərində Sadır Japarov qalib gəlib.
Azvision.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sadır Japarov bülletenlərin 98%-nin sayılmasından sonra seçicilərin 79,20% səsini alıb.

Səsvermənin nəticəsinə əsasən, siyahıda ikinci yeri 6,5%-dən bir qədər çox səs toplamış Adaxan Madumarov, üçüncü yeri 3%-dən az səslə Babırjan Tolbayev tutub.

Qırğızıstanda prezident vəzifəsinə 17 namizəd iddialı idi. Bəzi namizədlər seçkilərin nəticəsini tanımayıblar.



Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarəetmə üsuluna səs verib. Bu, o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir. Bununla da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum baş tutmuş sayılır.

Ölkənin yeni seçilmiş lideri Japarov 1968-ci ildə anadan olub. Qırğızıstan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indiki Qırğızıstan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) təhsil alıb. 2006-cı ildə Boris Yeltsin adına Qırğızıstan-Rus Slavyan Universitetini bitirib.



Siyasi kariyerasına başlayanadək milis orqanlarında işləyib, ferma və kiçik neft şirkətinin rəhbəri vəzifələrində çalışıb.

2005-ci ildə müxalifət fraksiyasından ölkə parlamentinin deputatı seçilib. Parlament seçkilərindən sonra ölkədə "Tülpan inqilabı"na çevrilən etirazlar başlayıb. Hökumət əleyhinə nümayişlər və inqilab zamanı Japarov ölkənin prezidenti seçilən Kurmanbek Bakiyevin rəhbərlik etdiyi müxalif Qırğızıstan Xalq Hərəkatının tərəfdarı olub.



O, 2007-ci ildəki erkən parlament seçkilərində prezidentin tərəfdarı olaraq "Ak jol" ("İşıqlı yol") partiyasının siyahısında yer alıb. Millət vəkili seçilməsinə baxmayaraq, mandatı qəbul etməyib və prezident Kurmanbek Bakiyevin müşaviri vəzifəsində çalışıb. 2008-2009-cu illərdə paralel olaraq Korrupsiyanın qarşısının alınması üzrə Milli Agentlikdə fəaliyyətini davam etdirib. 2009-cu ilə qədər Kurmanbek Bakiyevin müşaviri olub. 2009-2010-cu illərdə - Dövlət Kadrlar Xidməti yanında Korrupsiyanın qarşısının alınması Agentliyinin direktoru vəzifəsində işləyib.

2010-2013-cü illərdə Qırğızıstan parlamentinin deputatı olub.

2010-cu ildə prezident Bakiyev inqilab nəticəsində devrilib. Oş və Cəlal-Abadda millətlərarası toqquşmalarda Japarov və tərəfdarları fəal şəkildə iştirak edib, toqquşmaların qarşısını almağa çalışıblar.



O, 2010-cu ilin oktyabr seçkilərində, əksər yerləri qazanan Kamçıbek Taşıyevin rəhbərlik etdiyi Ata-Jurt Demokratik Partiyasının siyahısı ilə deputat seçilib.

2012-ci ildə doğulduğu İssık-Kul bölgəsində yerləşən Kumtor qızıl mədəninin milliləşdirilməsini müdafiə edib və idarəetmə şirkətini ekoloji pozuntularda, korrupsiyada günahlandırıb. Bu baxımdan həmyerliləri arasında populyarlıq qazanıb.



2013-cü il iyun ayının sonunda, Karakol şəhərində (İssık-Kul bölgəsinin regional mərkəzi) Kumtor mövzusundakı müntəzəm mitinqlərdə etirazçılar bölgənin valisi Emilbek Kaptaqayevi girov götürməyə və bölgə rəhbərliyinin binasına basqın etməyə çalışıblar. Sadyr Japarov və Kubanıçbek Kadırov bu tədbirləri təşkil etməkdə günahlandırılıb və onlar həbs ediliblər. Japarov etiraz aksiyalarındakı iştirakını rədd edib və sərbəst buraxılmasından istifadə edərək tələsik Qazaxıstana yola düşüb. Sonra Rusiya, Türkiyə və Kiprdə yaşayıb. Xaricdə olarkən müxalifət mövqeyində fəaliyyətinə davam edib, sosial şəbəkələr vasitəsilə Qırğızıstandakı vəziyyətə münasibət bildirib. 2017-ci ilin əvvəlində vətəninə qayıtdığını elan edib və həmin ilin mart ayında Qazaxıstan-Qırğızıstan sərhədini keçərkən ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən 2013-cü ilin iyun ayının sonunda baş vermiş hadisələrlə bağlı tutulub. Elə həmin il təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alıb.



5 oktyabr 2020-ci ildə Qırğızıstanda parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlar başlayandan bir gün sonra - 6 oktyabrda Kamçıbek Taşiyevin rəhbərlik etdiyi etirazçılar Japarovu sərbəst buraxaraq Bişkekin mərkəzi meydanına gətiriblər. Japarov orada çıxış edib.

6 oktyabr 2020-ci il tarixində "Dostuk" otelində millət vəkilləri Japarovun ölkənin Baş naziri vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.



15 oktyabr 2020-ci ildən bəri, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun istefasından sonra ölkə Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq, Qırğızıstan Prezidenti vəzifəsini icra etməyə başlayıb. 14 noyabr 2020-ci ildə Qırğızıstanda erkən prezident seçkilərində iştirak etmək qərarına gəlib, bununla əlaqədar olaraq ölkə rəhbəri kimi səlahiyyətlərini dayandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Japarov   Qırğızıstan   Seçki   Prezident  





Xəbər lenti