Uqandada seçkilər: Musiqiçi 34 ilin prezidentinə qarşı

 Uqandada seçkilər:  Musiqiçi 34 ilin prezidentinə qarşı
  14 Yanvar 2021    Oxunub:1751
Uqandada prezident və parlament seçkiləri keçirilir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkilər yüksək təhlükəsizlik tədbirləri fonunda başlayıb.

Uqanda polis rəisi Martin Oçola ölkənin mümkün iğtişaşların baş verə biləcəyi düşünülən 39 bölgəsinə əlavə polis bölmələri yerləşdirildiyini deyib.

Paytaxtın mərkəzində avtomobillərin küçələrdə park edilməsinə qadağa qoyulub, şəhərin girişlərində nəzarət-buraxılış məntəqələri quraşdırılıb. Kampala və digər böyük şəhərlərə gün boyu yanacaq daşıyan maşınların və ağır nəqliyyat vasitələrinin girişi qadağan edilib, ölkə daxilində sosial şəbəkələrə giriş müvəqqəti bloklanıb.

Prezident seçkilərində 11 namizəd mübarizə aparır. 34 ildir ölkəni idarə edən hazırkı prezident Yover Kaquta Museveni seçkilərin favoriti hesab olunur. O, 1986-cı ilin yanvarından ölkəyə rəhbərlik edir. Onun əsas rəqibi Bobi Vayn kimi tanınan 38 yaşlı musiqiçi, müxalifət lideri Robert Ssentamudur. 18 noyabrda seçki kampaniyası zamanı Vayn koronavirus pandemiyasına qarşı tədbirləri pozduğu üçün tutulmuşdu. Onun həbsi tərəfdarlarının sərt reaksiyasına səbəb olub və iğtişaşlarla müşayiət olunan mitinqlər zamanı 54 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Uqanda  





Xəbər lenti