AzVision: Moskva görüşünün maraqlı tərəfləri – VİDEO

      AzVision:    Moskva görüşünün maraqlı tərəfləri –    VİDEO
  14 Yanvar 2021    Oxunub:5823
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük. Həftənin düz ortasındayıq və mənimlə sosial şəbəkə fəalı, influenser Demə Qoq birlikdə çərşənbənin nöqtələrini qoyacağıq. Üzərində dayanacağımız əsas suallar isə bunlar olacaq:
- Sıxılmış imza. Paşinyanın çəkdiyi qolun qrafoloji təhlili nədən xəbər verir?
- Bağlı qapılar açılanda. Niyə sanki Əliyevlə Putin dağdan, Paşinyan isə arandan danışırdı?!
- Paşinyanın çantasında nə var ki, içindən heç nə götürməyəcəyi halda belə, özü ilə ali səviyyəli görüşlərə daşıyır?

Demə Qoq:
- Bunu bilmək üçün camat sənin verilişinə baxmalıdır bəyəm? Hamı bilir də, Paşinyanın çantasında nə var – Çubuş! Bir də ola bilsin, duzlu xiyar.



1. Çantanın təkamülü

Həqiqətən, maraqlıdır: O çantada nə var idi və niyə Paşinyan onu yanında gəzdirir? Hollivud filmlərində məşhur klişe kadr var: Amerikanın, yaxud, Rusiyanın prezidenti harasa gedəndə yanındakı agentlərdən biri nüvə çemodanını daşıyır. Burada tamamilə aydın məqsəd var: Birdən qəfildən ölkəsinə nüvə zərbəsi endirilsə, superdövlətin prezidenti durub qaça-qaça raketlərin idarə pultuna getməli deyil, “qırmızı düymə” hər yerdə əlinin altında olmalıdır. Amma Ermənistan nüvə dövləti deyil axı, onun baş nazirinin çantasında bu qədər vacib nə ola bilər ki, onu gətirib, danışıqlar masasının yanına qoysun?!

Demə Qoq:
- İkisini bayaq dedim də: Çubuş və duzlu xiyar. Azdırsa, birini də əlavə edim: Kolbasa! Özü də servelat. Belə havada bilirsən, çubuşla nə gedər?! Haradan biləsən eee?!.. Mmmmm…

Sualı daha maraqlı eləyən nüans isə budur: Əgər o çantada doğrudan da, yüksək səviyyəli danışıqlar masasına gətiriləcək qədər vacib və əhəmiyyətli nə isə vardısa, bəs niyə Paşinyan ondan istifadə etmədi?! RİA Novosti Agentliyinin hələ görüş əsnasında belə bir tvit paylaşmışdı: “Danışıqların lap əvvəlində Paşinyana çantasını gətirdilər. O, çantaya baxdı, içində nəyisə qarışdırdı, amma son nəticədə heç nə götürmədi”.
İkiqat maraqlıdır. Bəlkə hər halda, nəsə götürəcəkmiş, amma çantaya baxanda məlum olub ki, yadından çıxıb, İrəvanda qalıb?
Qəribədir ki, Nikol Vovayeviç Münhendə cənab İlham Əliyevlə debata çıxanda da həmin o çantanı gətirib onun stulunun yanına qoymuşdular, amma onda da heç nə götürməmişdi və qaranlıq qalmışdı ki, bu sirli, mübhəm, əsrarlı portfelin içində axı nə var?

Demə Qoq:
- Onu bilmək asandır.
- Yəqin, yenə deyəcək ki, çubuş, xiyar, kolbasa…
- Yox. Münhendə portfelin içində “Kokyşn büro” vardı!

Bir az da əvvələ getsək, Paşinyan “Mənim addımım” hərəkatına yaradıb, yürüş edəndə çiynində çanta vardı ha, bax, o, Münhendə və Moskvada gördüyümüz elə həmin o çantadır, sadəcə, təkamül edərək, portfelə çevrilib. Mən jurnalist olaraq, həmin hadisələri izləyirdim, amma o vaxt da çantanın içindən nəyinsə çıxarıldığını görməmişdim. Demək, onun praktik əhəmiyyəti yoxdur. Bu halda iki varianta baxmaq lazımdır: İmic və psixoloji əhəmiyyətinə. Hərçənd, bunların da birincisini kənara qoyuruq, çünki dövlət başçısının ali bir görüşdə əyilib, çantasında qurdalanıb, heç nə götürməməsi onun imicinə yumşaq desək, müsbət xallar əlavə etmir. Həmin səhnədə Paşik ev tapşırığını yazmadığından, dəftərini çantasından çıxarmamaq üçün onu guya evdə unutduğunu və axtarsa da, tapmadığını imitasiya edən pis şagirdə bənzəyirdi.

Demə Qoq:
- Eh… Nostalji… Uşaqlıqda o qədər başıma gəlib ki!
- Elə ona görə böyüyüb, bloger olmusan da.
- Əsas odur ki, jurnalist olmamışam!!!
- Yaxşı, əsəbləşmə. Hə, Demək, qalır həmişə hər yerə çanta ilə getməyin psixoloji anlamı. Paşinyanı müşahidə edəndə asanlıqla görmək olur ki, o, hazırlıqsızdır. Bu səviyyədə görüşlərə də, bu miqyasda problemlərin həllinə də… Elə bil, rayon şahmat olimpiadalarında yaxşı nəticələr göstərəcək səviyyədə bacarığı olan biri qəfildən gəlib dünya çempionatına düşüb. O, mövzuları bilmir, özünü adekvat aparmağı bacarmır, amma bu zaman göstərmək istəyir ki, həqiqətən çox çalışır, ciddi problemlərlə məşğuldur, iş-güclə son dərəcə yüklənib, hətta səfərdə belə işləyir… Bunu göstərməyin ən yaxşı yolu yanında bir portfel gəzdirməkdir. Təxminən bilirsinizmi, nəyə oxşayır?! Yadınıza salın, bax, bu səhnəni mütləq hamınız görmüsünüz. Toyda bəyin əmisini, ya gəlinin dayısını çağırırlar ki, söz desin. Bu adam adətən nəslin ən imkanlı nümayəndəsi olur. Çıxıb, mikrofonu götürüb danışanda pencəyinin ətəyi qalxır və biz görürük ki, onun kəmərindən bir topa açar sallanıb. Topada açar o qədər çox olur ki, görənlər dərhal düşünürlər: Görsən, bunlar nəyindir? Dükanın, anbarın, maşının, bağın – bir sözlə, adam bütün daşınan və daşınmaz əmlakının açarlarını bir topaya yığıb, kəmərindən asaraq, özü ilə toya gətirib. Niyə? Bu hərkətin psixoloji açması var: O, ətrafa iş-güc adamı, bu qədər daşınan və daşınmaz əmlakın yiyəsi olduğu haqda mesaj ötürmək istəyir. Bəlkə heç özü də bilmir, altşüurunun diqtəsilə edib, amma hərəkətin anlamı budur.
Eynilə Paşinyanın dəxli oldu-olmadı, hər yerə portfellə getməsi də eyni psixoloji xarakterli davranışdır. O, təhtəlşüurən göstərməyə çalışır ki, başı çox qarışıqdır, hər yerdə işləyir, məşğul olduğu problemləri konspektləşdirib, qeydlər edir, bir sözlə, kompetent yoldaşdır. Əslində isə o portfeldə nə var – Allah bilir.

Demə Qoq:
- Əgər çubuş, duzlu xiyar, kolbasa versiyaları sənə bəs eləmədisə, onda birini də deyim, söhbəti bağlayaq: Saçaqlı pendir!

2. Sıxılmış imza

Madam ki, söhbət psixologiyadan düşüb, gəlin, Paşinyanın imzasını da analiz etməyə çalışaq. Belə bir təlim var: Qrafologiya,- o, insanın xəttinə, xüsusilə də imzasına əsasən xasiyyətini öyrənməyə çalışır. Biz Moskvada imzalanan sənədin sonuna baxanda çox maraqlı bir mənzərə görürük: 3 nəfərin yanaşı imzaları. Birinci və üçüncü imzalara baxanda lap adi gözlə də hiss olunur ki, doğrudan da, onların arasında hansısa qrafoloji oxşarlıqlar var və hətta kimə məxsus olduğunu bilməsəniz də, baxanda deyərdiniz ki, bunu hansısa mənsəb sahibi çəkib. Amma ortadakı imza sanki bu növdən deyil və səhvən gəlib ora düşüb. Gəlin, onu qrafoloji təhlil etməyə çalışaq.
Gözə ən qabarıq çarpan cəhətlər nədir? Əvvəla, ortadakı imzanın qısa və sanki sıxılmış olması. Bu, nə deməkdir? Qrafologiyaya aid mətnlərdən oxuyuruq:
- İmzanın uzunluğu insanın samballı, təmkinli, məşğul olduğu işin mahiyyətinə dərindən nüfuz etməyə çalışan, inadcıl olmasını göstərir. Əgər imza qısadırsa, onun sahibi hər yerə tələsən, məsələlərə səthi yanaşan və dərindən təhlil etməyən, hansısa işin üstündə uzun müddət işləməyi bacarmayan və sevməyən biridir.

Demə Qoq:
- İşə düşmüşük də! Mənim də imzam qısadır. İndi belə çıxır ki, mən də dayaz, dərindən düşünməyi sevməyən, hər yerə tələsən adamam? Tələb edirəm, məsuliyyətli olasan, bir influenser kimi ciddi xəbərdarlıq edirəm!

- Ona görə, bir daha təkrarlayıram ki, qrafologiya – elm deyil, sadəcə, təlimdir. Yəni elmin metodologiyası, nəzəriyyələr irəli sürmək və izah etmək funksiyası var. Təlimdə bütün bunlar yoxdur. Bu, o deməkdir ki, əgər elm 100 faiz həqiqətdirsə, təlimin həmin göstəricisi daha aşağıdır. Fəqət işləyən və doğru nəticələr verən halları da olur. Bu hal da deyəsən, məhz o haldır.
Paşinyanın imzasındakı digər maraqlı cəhət hərflər arasındakı məsafədir: Onlar bir-birlərinə yapışıblar, ibtidai sinif müəllimlərinin dililə desək, bir-birinin qarnına giriblər. Qrafologiyaya görə, bu, imzasındakı hərflər bir-birinə çox yaxın adamlar adətən simic və xəsis olurlar. Hərflər aralı olanda isə - əksinə.
Üçüncü xarakterik xüsusiyyət isə imzadakı şaquli xətlərdir. Bu, simvolik olaraq baryer, sədd, tormoz deməkdir. Əgər insan imza qoyarkən şaquli xətlərdən istifadə edirsə, bu, onun fiziki və zehni fəaliyyətində ləngimələrin, duruxmaların mövcudluğu kimi yoxulur. Şaquli xəttin harada olması da əhəmiyyətlidir - əvvəldə olanda bu, fantaziyanın zəngin olmamasına, sonda olanda başladığı işi sona çatdırmamağa işarədir. Paşinyanın imzasında vertikal xəttlər düz ortada çəkilib. Qrafologiya təliminə görə, bu, fikirlərini reallaşdırmağı bacarmamağa, ideyalarla işlər arasındakı səddə işarədir.
Və bir də imzanın qrafik ahəngarlığı, axıcılığı anlayışı var. Belə imza insanın istedadından, intellekt və mədəniyyətindən xəbər verir. İmzanın ümumi ahəngi və axıcılığı yoxdursa, əksinə.

Demə Qoq:
- Yaxşı, indi keç əsas məsələyə də. Altında bu imzalar qoyulan sənədin özü bəs nədən xəbər verirdi? Sən guya siyasi şərhçisən axı, qrafoman... eee... qrafoloq deyilsən.

3. Qovşaq 2.0

İmzalanan sənədə və verilən bəyanatlara əsasən fikir yürütsək, Moskva görüşü bir əsas məsələnin həllinə xidmət etməli idi: 10 noyabr anlaşmasının 9-cu bəndində göstərilən kommunikasiayaların açılması. Bunun nə demək olduğunu Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş zamanı belə izah etdi:
- Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq.

Bu, o deməkdir ki, Azərbaycan hələ Qarabağ işğalda olarkən, kommunikasiyaların bağlı vaxtında artıq regionun nəqliyyat qovşağına çevrilməyi bacarmışdısa, indi həmin rolu qat-qat artacaq. Nüfuzu, əhəmiyyəti və gəlirləri də buna uyğun olaraq yüksələcək. Ermənistan dərhal Azərbaycandan iqtisadi asılılığa düşəcək, çünki Rusiya gedən yolu bizim ərazidən keçəcək. Üstəlik, Azərbaycanla Türkiyənin arasında həm iqtidsadi dövriyyə artacaq, həm də gediş-gəliş asanlaşacaq. Yəni bu bəyanatdan ən çox udan tərəf Azərbaycandır. Amma digər tərəflər də uduzmurlar – kommunikasiyaların açılması hamının xeyrinədir. Ona görə də, əsla inandırıcı deyil ki, bu məsələ 4 saat sürən müzakirələrə səbəb olaydı. Məhz bu bəndi, güman ki, dövlət başçıları mübahisə etmədən razılaşdırıb və imzalayıblar.

Demə Qoq:
- Onda həmin 4 saatda nə danışılıb orada? Axı bəyanatda da, verilən açıqlamalarda da ancaq yolların açılmasından bəhs olunurdu.

Bir istisna ilə. Və danışıqların, ümumiyyətlə, diplomatiyanın qaydalarını yenə də Paşinyan pozdu. Niyəsinə aydınlıq gətirməyə çalışacağıq, amma öncə Rusiyanın nüfuzlu “Kommersant” qəzetinin yazdığı vacib bir detala diqqət edək:
- Əldə etdiyimiz informasiyaya görə, danışqlar başlamazdan əvvəl erməni tərəfi hansısa sənədi imzalamaqdan və bəyanat verməkdən qəti şəkildə imtina edirdi. Amma sonra bəlli oldu ki, sənəd, hər halda, imzalanıb. Demək, Moskvada Paşinyanı ram etmək o qədər də çətin olmayıb.

Paşinyan bilirdi ki, təkcə sənədi imzalamaq onun məğlubiyyətidir, çünki Moskvaya gələndə ölkəsində başqa vədlər vermişdi. Ən azından, Azərbaycanda qalan erməni əsirlərin qaytarılmasında hansısa irəliləyişə nail olmalı idi. Amma bu məsələyə heç toxunulmadı da. Görünür, Vovayeviçin görüşdən sonrakı bəyanatlar mərhələsindəki cığallığı həm də bununla bağlı idi.

4. Bağlı qapılar açılanda

Bağlı qapılar arxasında danışmaq nə deməkdir? O deməkdir ki, aparılan müzakirələr ictimaiyyətə açıqlamaq üçün deyil. Sonda öz aramızda razılaşdırırq ki, nəyi deyirik, nəyə isə ümumiyyətlə, toxunmuruq. Bu, diplomatik danışıqlarda bir nömrəli qaydalardandır. Ona görə, mediaya açıqlamalarında İlham Əliyev də, Vadimir Putin də eyni məsələlərə toxundular. Fikir verin, Putin müsbət notlarda danışır.

- Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.

İlham Əliyev də həmçinin, rusiyalı həmkarı ilə təxminən eyni kontekstdə, əsasən pozitivə köklənmiş fikirlər səsləndirdi:

- Biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər.

Məsələ təxminən aydın olur: Liderlər 4 saat ərzində nədən danışıblarsa, nəyi müzakirə ediblərsə, sonda belə anlaşıblar ki, publikaya müsbət məqamlar, razılaşmalar haqda məlumatlar verəcəklər. Müzakirə və mübahisəyə səbəb olan məsələlər isə öz aralarında qalır, ona toxunmurlar. Fəqət bircə Paşinyan bunu pozaraq, ümumi kontekstlə qətiyyən uyğunlaşmayan bir açıqlama verdi:

- Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır.

Ümumi baxanda, nə alınır? Həm Əliyev, həm də Putin münaqişənin artıq bitdiyindən, tarixə qovuşduğundan danışır və göstərirlər ki, indi liderlər irəli baxırlar, əməkdaşlıq imkanları yaradırlar. Bu əsnada Paşinyan böyürdən çıxıb, deyir ki, yox, münaqişə hələ qurtarmayıb. Sanki, iki lider tamam ayrı məsələdən danışırlar, Paşinyan isə o söhbət zamanı yatıbmış, sona yaxın ayılıb və yuxulu-yuxulu mövzunu dərk etməyərək qayıdıb ki, “Aşıq, bir ağız da Koroğludan oxu”.

Demə Qoq:
- Mən deyəndə ki, onun portfelində çubuş var, sözümü qəribçiliyə salırdın. Yəqin, görüş vaxtı vurubmuş da. Yoxsa, niyə özünü bu vəziyyətə salsın ki?!

Konteksti təhlil edəndə belə bir situativ model alınır. Bağlı qapılar arxasında danışıqlar zamanı Paşinyan deyib ki, Qarabağın statusunu müzakirə edək. Amma Əliyev və onunla razılaşan Putin bildiriblər ki, xeyr, o mövzuya toxunmuruq, status-filan da olmayacaq. Amma Paşinyanın vəziyyəti yaxşı deyil axı, o, ölkəsində daxili auditoriyanı sakitləşdirməyə yönəlmiş nələrsə deməlidir. Yəqin, bunu liderlərə izah edib, cavab da belə olub ki, özünü axmaq vəziyyətə salacaqsan. Elə də oldu. Regionda kommunikasiyaların açılmasına həsr olunmuş razılaşmanın fonunda durub, “Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır” demək axmaq vəziyyətinə düşməkdir. Bunun ayrı adı yoxdur. Hərçənd, Paşinyanın Moskvaya gələndə ölkəsindən necə çətinliklə çıxdığını nəzərə alsaq, tamamilə mümkündür ki, başqa halda onu sadəcə, geriyə buraxmazdılar, buna görə də daxili auditoriyaya hesablanmış belə sözlər deməyə məcbur idi. Axı indiki Ermənistan hökumətinin söykəndiyi yeganə ideoloji tezis budur ki, düzdür, biz müharibəni uduzmuşuq, amma Artsaxı tam itirməmişik və onun müstəqilliyi istiqamətində çalışamalarımız davam edir. Bu teszis də Paşinyan hökumətinin əlindən çıxsa, Ermənistanda siyasi böhran idarəolunmaz şəkil alar, bunu isə heç kim istəmir. Ona görə də, Qarabağın statusu məsələsində hələ ki, sadəcə susmaq daha məsləhtli taktika kimi görünür. Amma Paşinyanın daxili auditoriyaya ünvanlanmış bəyanatlarının effekt verdiyini demək çətindir, hər halda, bu, reaksiyalardan da sezilir. Ermənistanda Moskva görüşünün nəticələrinə belə yanaşırlar.

Edmon Marukyan, “İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri:
- “Moskvada erməni gündəliyi iflasa uğradı. Ermənistan üçün gündəmin prioritet məsələsi əsirlərin qaytarılması idi. Amma imzalanan sənəddə əsirlər barədə bir kəlmə də yoxdur”.
Tiqran Abrahamyan , ekspert, "Anaket" analitik mərkəzin rəhbəri:
- “Azərbaycan və Rusiya Moskva görüşündən istədiklərini aldılar, ancaq Ermənistanın məsələləri həll olunmadı”.
Arman Abovyan, “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü:
- “Moskvada keçirilən görüşdə erməni tərəfi üçün əsas məsələ olan əsirlərin qaytarılması həllini tapmadı. Türkiyə və Azərbaycan isə Ermənistan ərazisi üzərindən bağlantılar yaratmaq arzularını reallaşdırırlar. Məgər bu, bizim üçün qələbədirmi?”
Mikael Melkumyan , “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü:
- “Moskva görüşü göstərdi ki, məğlub lider heç bir ciddi məsələ üzrə danışıqlar apara bilməz. Ermənistanı uduzdurmaq siyasəti davam edir”
Mikael Minasyan , Ermənistanın Vatikandakı keçmiş səfiri:
- “Nikolun planı var: O, Azərbaycan və Türkiyənin maraqlarını yürütmək üçün hakimiyyətə gəlib”.

Göründüyü kimi, Paşinyanın diplomatik etiketi və oyun qaydalarını pozmasının ona elə də xeyri dəyməyib. Ermənistan həqiqətən də, qarşısında duran cari məsələlərin heç birinə nail ola bilmədi. Bəs Azərbaycan necə? Moskva görüşü ərəfəsində bizi narahat edən hansı məsələlər vardı və onarla bağlı razılıq əldə olunubmu?

5. Diplomatiya dilinin incəlikləri

Moskva görüşündən qabaq Azərbaycan cəmiyyətini düşündürən – “narahat edən” yox, məhz “düşündürən”, çünki Ermənistandan fərqli olaraq, bizdə liderə tam inam olduğu üçün, cəmiyyət narahat deyil,- bir neçə məsələ vardı. Onlardan biri Rusiya sülhməramlılarının Qarabağda həyata keçirdikləri missiya zamanı bəzən Azərbaycan tərəfi yumşaq desək, qane etməyən davranışlara yol vermələridir. Buna Moskva səfərindən öncə keçirdiyi müşavirədə dövlət başçımız da toxunmuşdu. Nəticə nə oldu?

Vladimir Putin: - Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.
İlham Əliyev: - Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb.

Diplomatik dildən tərcümədə bu, o deməkdir ki, “biz sülhməramlılar məsələsini müzakirə etmişik və hər iki tərəf qane olub”. Heç bir artıq sözə də gərək yoxdur.
Digər gərginlik Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası ilə bağlı idi. Bu məsələyə Putin giriş nitqində toxunsa da, yekun bəyanatda üstündə dayanmadılar. Demək ki, həmin istiqamətdə xüsusi bir dəyişiklik haqda anlaşılmayıb və proses olduğu kimi davam edəcək, bu isə məhz erməni tərəfi narahat edir. Çünki onlar bir gün “google maps” və GPS vasitəsilə həyətlərinin ortasından sərhəd xəttinin keçəcəyini düşünmədən yaşayıblar. Fəqət, indi həmin gün gəlib.
Paşinyan Moskvaya yola düşəndə Ermənistanın mediasında və sosial şəbəkəsində ən çox təkrarlananan sual bu idi: “Görəsən, indi nəyi verib, qayıdacaq?!” Ümid edirik, suallarına cavab tapıblar.
Biz isə prosesləri izləməkdə və önəmli olanların təhlilinə çalışmaqda davam edəcəyik. Şənbə günü AzVisionun analitik buraxılışında göürşərik. Hələlik isə Möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti