Gənc şair: `Harada qırıldı-qırıldı` prinsipi ilə yaşayıram` – MÜSAHİBƏ

Gənc şair: `Harada qırıldı-qırıldı` prinsipi ilə yaşayıram` – MÜSAHİBƏ
  15 Fevral 2014    Oxunub:1669
Şair Əsəd Qaraqaplanın AzVision.az saytına müsahibəsi:

- Tanımayanlar üçün Əsəd Qaraqaplan kimdir?

- Kənddə doğrulub böyüyən, sonra şəhərə gəlib oxuyan və burda yaşamağa, işləməyə başlayan, nələrsə yazmağa çalışan bir uşaqdır...

- Hər kəsin uşaqkən ata-anasına verilmiş sözü olub. Bəs sənin necə?

- Mən universitetə qəbul olub Bakıya gələndə 18 yaşım var idi. Atamı da artıq üç il idi itirmişdim. Bakıya yola düşəndə anam mənə dedi ki, Əsəd, artıq gedirsən. Sənin yanında heç kim olmaycaq, heç mən də. Sənə demirəm nəyi elə, nəyi eləmə, bilirəm? sən nə eləsən ən gözəlin edərsən. Ancaq yenə də səni öz vicdanınla baş-başa buraxıram; indi özün düşün. Mən də onda anama sözlü olmasa da, baxışlarımla söz vermişdim ki, hər şeyin ən gözəlini eyləyəcəm və sənə təkcə bu dünyada yox, o dünyada da layiq övlad olacağam...

- Ümumiyyətlə, Əsəd necə uşaq olub?

- Qara, qıvrımsaç və dəcəl bir uşaq. Çoxları kimi. Ama mən evin sonbeşiyi olmuşam. Həm də atam mənə atasının adını verib deyə, məni həmişə çox istəyib. Yəni həm atası kimi, həm də oğlu kimi. Ona görə mənə "dədə" deyərdi... Əslində çox çətin günlərimiz çox olub, bu da ən çox mənim uşaqlığıma düşüb... Mən uşaqlığımın son illərində qoca bir kişi olmuşdum artıq.

- Ananı çox sevdiyin yazılarında da hiss olunur. Bəs Bakıda, ondan uzaqda sənə çətin deyil ki?

- İnsan yalnızlığa alışınca bütün sevdiklərini də yalnızlıqda tapır. Tam səmimi deyim; mən anamı Bakıya gələndən sonra - yalnızlıqda daha çox sevdim... Bir də bir şey var: çoxuşaqlı ailələrin uşaqları sonralar daha çox yalnız olurlar nədənsə...

- İlk sevgiylə neçə yaşında tanış olmusan?

- 13 yaşımda. İlk şeirimi də ona məktubda yazıb göndərmişdim...

- Qarşılıq ala bildinmi məktubla etiraf elədiyin sevginə?

- Yox. Qız mənim məktublarımı rəfiqəsinə oxuyub gülürmüş. Bir dəfə məktubu anası əlində tutmuş, təzə tikilən evlərinin kərpicləri arasına sancmışdı. Sonra da üstündən suvaq vurulmuşdu. O məktub hələ də onların evlərinin divarında qalır - mənim ilk məhəbbətim daşlar arasındadı o vaxtdan... Qəribədi, nədənsə isti insanlar həmişə soyuq insanlara rast gəlir və onları sevirlər...

- Bəs sonralar eşq yenidən döydümü qapını?

- Hə. Həm də heç gözləmədiyim vaxtda və tamamilə həyata daldığım vaxt. Ona qədər də sevdiklərim olmuşdu və mən hər dəfə bir də sevə bilməyəcəyimi düşünmüşdüm... Ama gerçək eşq qapımı çox sonralar döydü - düz 25 yaşımda... Və illər sonra anladım ki: sonunda ayrılıq olan bütün sevgilər ölümdü ya da bütün sevgilər ölümə götürür səni ayrılıqla... Tanrıya xəyanət edib insanları sevdiyimizə görə Tanrı heç vaxt bizi bağışlamır...

- Aşiq olacağın qadın necə olmalıdır, səncə?

- İndi anlayıram ki, aşiq olacağım qadın ümumiyyətlə olmamalıdır...

- Hazırda ruhuna yaxın qadın varmı ətrafında?

- Bütün qadınlar mənim ruhuma yaxındır.

- Bəs darıxdığın necə, varmı elə bir insan?

- Məni hər şey darıxdırır... Zaman gəlir o qədər ətarfımızda adam olur ki, biz də o qədər saxtakar oluruq. Həyatımızda insanlar çoxaldıqca saxtakarlıqlarımız da çoxalır...

- Belə anlarda təsəllini nədə tapırsan?

- Yalnız adamların təsəllisi olmur, daha doğrusu ola bilmir...

- Dostların çoxdurmu?
- Gerçək dostlar həmişə az olur...

- Bəzən facebook-da çox sərt statusların olur. Bunlar sənin doğruların olsa da, kiməsə görə yanlışdır. Yazılan rəyləri oxuyanda düşünmürmüsən ki, bəlkə mən yanlışam?

- Dostoyevski deyir ki, özgəsinin ağlıyla həqiqət danışmaqdansa, öz ağlınla yalan danışmaq daha yaxşıdı...

- Azadlıq nədir səninçün?

- İçindən gələn bütün gözəl şeyləri eləmək və ya eləyə bilmək.

- Fərdi olduğun cəmiyyət yetərincə azaddırmı?

- Cəmiyyət heç vaxt azad olmur, fərdlərazad olur. Və bütün insan faciələrinin bircə mənbəyi var: cəmiyyət...

- Bəzən yazılarında sankı Allaha inamsızlıq duyulur. Bu, belədirmi?

- Yox. Bunu da Allaha inandığını düşünən insanlar belə görürlər. Və onlar Tanrını sevməyin nə olduğunu anlamaqda çətinlik çəkirlər...

- Nədir Tanrını sevmək?

- Sevə bildiyini bilməkdir...

- “Mən Allahın seçilmiş bəndəsiyəm” kəliməsile razısanmı?

- Bunu hər kəs dediyinə görə yox. Ancaq Çexov demiş, kim səmimidirsə, o da haqlıdır.

- İnsanların xarici görünuşünə önəm verirsənmi?

- Bəli. Çünki insanın üzü onun haqqında çox şey deyir...

- Arzuların varmı gələcəyə dair, yoxsa nə olacaq, o da olacaq deyə yaşayırsan?
- Məncə, sabahıyla yaşayan insan həmişə bugünlərini itirir. Çünki sabah gəldiyində o biri sabahla yaşayır. Mənim həyat və yaradıcılıq fəlsəfəmsə belədir: “Harda qırıldı-qırıldı...”

Vəfa Novruz


Teqlər:





Xəbər lenti