Hadrut qəhrəmanı: “Ermənilər onu nişan alıb vura bilmirdi” - VİDEO+FOTOLAR

 Hadrut qəhrəmanı: “Ermənilər onu nişan alıb vura bilmirdi” -  VİDEO+FOTOLAR
  19 Yanvar 2021    Oxunub:30612
“Gülə-gülə dedi ki, Xocalının qisasını almışam. Murovdan Kəlbəcərin qoxusu gəlir”.
Vətən müharibəsində Azərbaycanın yeni qələbə tarixini yazan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Şəhriyar Abdullayev olub. O, Murov yüksəkliyinin, Füzulinin, Hadrutun, Cəbrayılın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.



Azvision.az-ın əməkdaşı şəhidin xanımı Zülfiyyə Abdullayeva ilə söhbətləşib.

Şəhriyar Abdullayev 1987-ci ilin martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Sonradan ailəsi Kəlbəcər rayonunun Məmmədsəfi kəndinə köçüb. O, doğma kəndini düşmən tapdağından azad etmək, 30 illik yurd həsrətinə son qoymaq üçün döyüşlərə qoşularaq işğalçıların başına od ələyib.

Şəhidin xanımı: “1993-cü ildə Kəlbəcər işğal olunandan sonra ailəsi yenidən Tərtərin Cəmilli kəndinə köçüb.1999- cu ildən isə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşıblar. Orta məktəbi orada bitirib, sonra hərbi xidmətə gedib. 2012-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başlayıb. Kəşfiyyatçı idi. Aprel döyüşlərində də iştirak edib, general-leytenant Hikmət Mirzəyev tərəfindən medal və diplomla təltif olunub.



Vətən müharibəsindən əvvəl onları 9 günlük məzuniyyətə buraxdılar. Bizi rayondan şəhərə gətirdi, gəzdirdi, övladlarımıza geyimlər aldı və sentyabrın 25-i yenidən rayona qaytardı. Sentyabrın 26-da sağollaşıb gedəndə dedi ki, “uşaqlara yaxşı bax, mən necəyəmsə, sən də elə ol”. Çıxanda mənimlə görüşmədi. Bunun səbəbini soruşdum. Bildirdi ki, vidalaşmağı xoşlamır və tezliklə geri qayıdacaq. Növbəti dəfə ayın 27-si gecə saat 1-də zəng edib dedi ki, telefonuna zəng çatmasa, narahat olmayaq. Bir də məndən halallıq istədi.

Evdən ayrılıb gedəndə müharibə haqqında heç nə deməmişdi. Ancaq hiss edirdim ki, nəsə olacaq, hazır idim. Qonşular da deyirdi ki, sənin gözlərində qəm, kədər var. Ayın 10-da mən hamıya yazırdım ki, bu gün pis xəbər eşidəcəm”.



Şəhid xanımı həyat yoldaşı ilə sonuncu dəfə ölümündən bir saat əvvəl danışıb.

Zülfiyyə Abdullayeva: “Oktyabrın 10-da saat 10-a 10 dəqiqə qalmış mənə şəklini göndərdi və vəsiyyət etdi. Bildirdi ki, mənə arxayındır, uşaqlarımızı qoruyum və ona nəsə olsa, başımı dik tutum, əyilməyim. Mənimlə yazışandan bir saat sonra, saat 11-ə 10 dəqiqə qalmış Hadrut alındıqdan sonra yüksəkliklərdə aparılan döyüşlərdə şəhid olub. Qonşular bilib, amma mənə deməyiblər. Sonuncu yazışmada böyük qızımız Zəhranın canına and içdi ki, iki gündən sonra evə gələcəyəm. Dediyi vaxtda evimizə onun tabutu girdi.

Üzbəüz döyüşdə birinci dəfə güllə “kaska”sına dəyib. Deyiblər ki, yerə uzan, uzanmayıb. Növbəti gülləni üzündən vurublar. Elə vəziyyətdə yenə atışma davam edib. Daha sonra alnından vurublar və həmin an canını tapşırıb. Bir təsəllim var ki, əzab çəkməyib”.



Şəhidin döyüş yoldaşı (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) Şəhriyarın qəhrəmanlığından danışaraq, onunla bağlı xatirələrini bölüşüb:

“Əsl qəhrəmandır. Düşmənin üstünə qışqıraraq, yürüyərək gedib şəhid oldu. Hadrutun yüksəkliklərinin alınmasında böyük əməyi var. Ondan əvvəl də Horadiz, Daşkəsən, Kəlbəcər ərazilərində, Murovun ətəklərində qəhrəmancasına döyüşlərdə iştirak edib. Sonuncu döyüşündə təxminən 10-dan çox düşmən əsgərini məhv edib, sonra şəhid oldu. O elə qəhrəman idi ki, ermənilər onu asanlıqla nişan alıb vura bilmirdi. Biz Hadrutdakı yükəskliyi alanda xəbər tutduq ki, Şəhriyar şəhid olub”.



Şəhidimizin 4 və 5 yaşlarında iki qızı yadigar qalıb. Onun övladları ilə bağlı böyük arzuları, planları var idi...

Zülfiyyə Abdullayeva: “Böyük qızımı həkim, kiçik qızımı isə polis kimi görmək istəyirdi. Deyirdi, onların tərbiyyəsi sənlikdir. Görüm, qızlarımı necə böyüdəcəksən. Döyüş yoldaşları danışır ki, həyatda necə idisə, döyüşdə də elə haylı-küylü adam idi. Qorxmadan, çəkinmədən döyüşürdü. Mən ona son danışığımızda dedim ki, ehtiyatlı ol. Cavabı isə belə oldu: ”Mən ehtiyatlı olum, o ehtiyatlı olsun, bəs bu torpaqları kim alsın?".



Ayın 9-u zəng edəndə mənə gülə-gülə dedi ki, “Xocalının qisasını almışam”. Sonra əlavə etdi ki, “Murovdan Kəlbəcərin iyini alıram”. Yenə də xahiş etdim ki, ehtiyatlı ol. Bildirdi ki, bu dəfə qayıdış yoxdur. Hamı onun ölümünə yanır. Haylı-küylü, çox sadə, qayğıkeş insan idi. Övladlarım cəmi 4-5 il ata nəfəsini duydular, amma bir ömür onların bəsləridir. Yoldaşım həqiqətən bizə şərəfli ad qoyub getdi”.







































































Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   XTQ   Şəhriyar-Abdullayev   Vətənmüharibəsi  





Xəbər lenti