Hindistanda kütləvi vaksinasiyaya başlanılıb

Hindistanda kütləvi vaksinasiyaya başlanılıb
  16 Yanvar 2021    Oxunub:1649
Hindistanda koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, peyvəndlənmə kampaniyasını Hindistanın Baş naziri Narendra Modi elan edib.

"Adətən bir peyvəndin yaradılması üçün uzun illər tələb olunur, amma qısa müddət ərzində bir deyil, iki peyvənd hazırlandı. Digər peyvəndlər üzərində də işlər sürətlə davam edir", - Modi bildirib.

Baş nazir peyvənddən sonra da maska taxmağı və sosial məsafəni qorumağı unutmamağa çağırıb, əlavə edib ki, mütəxəssislər peyvəndin ikinci dozasının tətbiqinin təxminən bir ay çəkə biləcəyini düşünürlər.

Hazırda Hindistanda koronavirusa qarşı yalnız iki vaksinə icazə verilir - “Covieshield” adlı “Oxford” peyvəndinin Hindistan versiyası və yerli “Covaxin”. Eyni zamanda, səhiyyə nazirinin birinci müavini Rajeş Bhuşan yaxın vaxtlarda Rusiyanın “Sputnik V”i də daxil olmaqla daha dörd peyvəndin istifadəsinin nəzərdən keçirilə biləcəyini deyb.

Ölkədə 3 minə yaxın, paytaxt Dehlidə isə 80-dən çox peyvəndlənmə məntəqəsi açılıb. Bu cür mərkəzlərin sayının tədricən artırılması planlaşdırılır. İlk gündə hər məntəqədə 100 nəfər vaksin qəbul edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  



Xəbər lenti