“Nikol qorxaq, məğlub, alçaldılmış insandır” - Manukyandan sərt sözlər

 “Nikol qorxaq, məğlub, alçaldılmış insandır” -  Manukyandan sərt sözlər
  16 Yanvar 2021    Oxunub:6417
İkinci Qarabağ müharibəsi Ermənistanda elə bir təlatümlər yaşatdı ki, kapitulyasiyadan sonra nəinki hökumət, erməni cəmiyyəti də hələ özünə gələ bilmir.
Ölkədə faktiki olaraq ikitirəlik yaranıb. Əvvəllər müxalifət tərəfdarları az sayda idisə, indi küçədən SOROS-un gücünə - inqilab yolu ilə hakimiyyət kürsüsünə qalxan Paşinyanın tərəfdarları seyrəlib. “Qarabağ klanı”nın uzun illərdir ki, hakimiyyətdə qalmasından cana doyan ermənilər 2020-yə qədər Nikola xilaskar kimi baxırdılar. İndi xalqın böyük qismi ümidini müxalifətə bağlayıb. Bütün bu proseslər isə ölkədə daxili gərginliyi hər ötən gün daha da artırır, iqtidar-müxalifət qarşıdurmasını gücləndirir. Təbii ki, hazırkı xaotik durum, Qarabağ müharibəsindən sonra yaranan gərginliyin nəticəsidir.

Hazırda müxalifətin baş nazir postuna real namizədi sayılan Vazgen Manukyan ölkəsindəki ağır siyasi-iqtisadi böhranın, sosial gərginliyin, humanitar sahədə yaranmış faciəvi vəziyyətin günahını ölkə rəhbərliyində, konkret olaraq Nikol Paşinyanda görür.

O, Gümrüdə vətəndaşlarla keçirdiyi görüşdə deyib ki, müharibənin ilk günlərində Qarabağda olub və faciəvi durumu öz gözləri ilə müşahidə edib.

“Döyüşlər başlayandan bir neçə gün sonra hərbi rəhbərlik belə qənaətə gəlmişdi - hər şeyi etmək lazımdır ki, müharibə dayandırılsın və danışıqlara başlanılsın. Müharibə o vaxtı dayandırılsaydı, bir neçə min itki verməzdik, əksər ərazilər də əlimizdə qalardı. Buna gedilmədi. Bu siyasətdir, yoxsa axmaqlıq? Bu ya axmaqlıqdır, ya dövlət zehniyyətinin olmamasıdır, ya da xəyanət. Belə bir insan dövlət başçısı ola bilərmi?”,- deyə Manukyan bildirib.



Müxalifət lideri hesab edir ki, hazırda Sünikdə yaranan problemlərin məsuliyyətini Paşinyan iqtidarı daşıyır. O, Moskva görüşünə bir daha toxunaraq diplomatik məğlubiyyətin səbəblərini də izah edib.

Manukyana görə, döyüşlər dayandırıldıqdan sonra təxribatlara əl atan və bu səbəbdən saxlanılmış erməni terrorçularının azad edilməsi məsələsi Moskvada müzakirə mövzusu olmalı idi, amma “əsirlərin” problemini danışıqların prioritetinə çevirə bilməməsi baş nazirin fərsizliyindən xəbər verir.

Vazgen Manukyan deyir ki, Paşinyan danışıqlara gedəndə bir şərt qoymalı idi - “əsirlər”lə bağlı olan məsələ həll olunmayana qədər başqa heç bir problem müzakirə olunmamalıdır, əks halda qapını “çırpıb” getməli idi.

"Nikol bunu edə bilərdimi? Qorxmuş, məğlub, alçaldılmış insan beynəlxalq arenada cəsarətli bir addım ata bilərmi? Əlbəttə, edə bilməz...”



Müxalifət lideri Paşinyanın tərəfdarlarına da söz atmağı unutmayıb. Ermənistan tarixinə məğlub rəhbər kimi düşən Nikolun tərəfdarlarına müraciət edən Manukyan deyib:

"Onların başlarında nə olduğunu anlamaq istəyirəm. Paşinyan iki il yarımdır ki, bircə dəfə də olsun düzgün dövlət qərarı vermədi, uşaqlarımızı qılınc altına qoydu. Ermənistan ikinci dərəcəli dövlətə çevrildi. Dünyada yüksək həyat səviyyəsinə sahib olan zəif dövlət tanımıram. Zəif bir ölkədə yaxşı yaşayacağınıza ümid etməyin. Siz pis yaşayacaqsınız. Ölkə yüksələnə qədər yaxşı yaşamaq mümkün olmayacaq".

Manukyan, həmçinin təklif edib ki, əldə edilmiş razılaşma - məlum bəyannamənin bəndlərinin yerinə yetirilməsinə və “əsir”lərin geri qayıtmasına nəzarət etməyi bacaran müvəqqəti hökumət qurmaq lazımdır.

Bu arada onu da xatırladaq ki, artıq Ermənistanda reallaşması mümkün görünən xalq inqilabı, çevrilişin ağır fəsadlarından qorxan Nikol Paşinyan ailəsinin təhlükəsizliyini təmini haqqında düşünməyə başlayıb. Son günlər erməni KİV-ləri onun həyat yoldaşının və uşaqlarının Moskvaya qaçması haqqında silsilə yazılar dərc etsə də, hökumətdən bununla bağlı açıqlama verilmir. Dünən isə baş nazirin xanımı Anna Akopyan və qızlarının Moskva mehmanxanalarından birində peyda olmasını əks etdirən videogörüntülər yayılıb. Erməni jurnalistlər iddia edirlər ki, baş nazir mümkün risklərdən sığortalanmaq üçün ailəsini Rusiyada saxlamaq qərarına gəlib.

Görünən odur ki, 44 günlük Vətən müharibəmiz sözün həqiqi mənasında düşmənə ağır dərs verdi. İrəvanda daxili siyasi gərginliyin bu həddə çatması, müxalifətin xalqı ayağa qalxaraq çevrilişə çağırması bu ölkədə hələ uzun müddət stabilliyin olmayacağını göstərir. İkinci Qarabağ müharibəsində işğalçılara yaşatdığımız ağır günlərdən sonra nəinki Ermənistan ordusu, ümumilikdə erməni cəmiyyəti, siyasi elitası və xalqı özünə gələ bilmir. Bundan sonra da azı 30 il Ermənistanın tam gücü ilə ayaqda durması real görünmür.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti